Azərbaycanda ilk QHT-ni kim yaradıb?: Üçüncü sektor Cümhuriyyət dövründə təşəkkül tapıb - ARAŞDIRMA

Azərbaycanda ilk QHT-ni kim yaradıb?: Üçüncü sektor Cümhuriyyət dövründə təşəkkül tapıb - ARAŞDIRMA

Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra, ölkəmizdə qeyri-hökumət təşkilatları yaranmağa başlandı.

QHT anlayışı müasir dövrün məfhumu hesab edilsə də, əslində ölkəmizdə ilk ictimai təşkilatlar Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaranıb. Qeyd edək ki, QHT-lər qeyri-kommersiya məqsədli təşkilatlardır. Bu cür təşkilatlar nə hökumət, nə də biznes sferasına aid deyil. Onlar üçüncü sektor olaraq da adlandırılır.

Qeyri-Hökumət Təşkilatları İctimai Birliklər və Fondlara bölünür. İctimai Birlik- ictimai əhəmiyyəti olan konkret mənfəətsiz məqsədləri həyata keçirmək məqsədi ilə fərdi şəxslər tərəfindən yaradılan qurumlardır. Gənclər təşkilatları, hərəkatlar bu qəbildən olan təşkilatlardır. Fondlar-Əsasən yardım və hansısa layihələri maliyyələşdirmək məqsədi ilə yaradılır.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatları siyasətlə məşğul ola bilməzlər. Azərbaycanda yaradılan ilk QHT-lərdən biri Həsən bəy Zərdabinin 1872-ci ildə yaratdığı “Müsəlman Xeyriyyə Cəmiyyəti” hesab oluna bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumıt Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Azərbaycanın ilk Qeyri-Hökumət təşkilatları” adlı kitabda bu Cəmiyyətin tarixi araşdırılıb.
Tədqiqatçı - alim Nəsiman Yaqublunun redaktorluğu ilə çap edilən kitabda “Nəşri-Maarif”, “Nicat”, “Səadət” və digər cəmiyyətləri də ictimai təşkilat tarixində ilk olaraq adlarını yazdıran qurumlar kimi qeyd olunub. Kitabdakı materiallardan məlum olub ki, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Musa Nagıyev kimi imkanlı şəxslərlə yanaşı, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əhməd Cavad kimi ziyalılar da xalqın problemlərinin həllində böyük fəaliyyət göstəriblər.

1997-2003-ci illərdə BMT İnkişaf Proqamının Azərbaycan hökuməti ilə birlikdə həyata keçirdiyi “Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi” proqramı ölkəmizdə bu sektorun inkişafına təkan verib. Bu proqramın çərçivəsində Bakı və rayonlarda QHT-lərin resurs və təlim mərkəzləri yaradılıb. 1998-ci ildə “Qrant haqqında”, 2000-ci ildə isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunlar qəbul olunub. 2007-ci ildə Prezident İlham Əliyevin tapşırığı ilə “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” hazırlanıb.

Həmin il bu konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Şuranın yaradılması ilə ölkəmizdə ictimai fəallıq artıb və hazırda da QHT-lər müxtəlif sahələrin inkişafı və təbliğinə öz töhfəsini verməkdədirlər. Hazırda dövlət qeydiyyatına alınan QHT-lərin sayı təxminən 4300-ə qədərdir.

Xatirə Nəsirova
Cebhe.info

Mənbə: cebhe.info