Zelenski İlham Əliyevə zəng etdi: “GUAM-ın işini aktivləşdirək”

Zelenski İlham Əliyevə zəng etdi: “GUAM-ın işini aktivləşdirək”

Prezident Vladimir Zelenski Ukraynaya göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, iki ölkə liderlərinin telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub.

“Azərbaycan xalqının bu cür dostluq jesti, COVID-19 pandemiyasına qarşı mübarizənin çətin dövründə xüsusilə dəyərlidir” deyib Vladimir Zelenski.

Həmsöhbətlər Ukraynada Azərbaycan investorlarının iştirakı ilə həyata keçirilən bir sıra irimiqyaslı layihələrin icrasını da müzakirə ediblər.

Vladimir Zelenski Ukraynada və Azərbaycanda gözlənilən karantinin başa çatması ilə ikitərəfli siyasi dialoqun və ticarət-iqtisadi əməkdaşlığın ənənəvi olaraq yüksək dinamikasının bərpa olunacağına əminliyini bildirib.

GUAM təşkilatında işlərə daha çox diqqət yetirməyi də təklif edib.

Söhbətin sonunda Zelenski Əliyevi bütün müsəlmanlar üçün müqəddəs Ramazan ayının başa çatması münasibətilə təbrik edib və milli bayram – Respublika Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Xatırladaq ki, mayın 21-də Kiyevə Azərbaycandan içərisində tibbi materiallar və avadanlıqlar olan 23 tondan çox humanitar yardım daxil olub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az