"Koronavirus yeni zehniyyət mutasiyasına səbəb oldu" - Əhməd Altan

"Koronavirus yeni zehniyyət mutasiyasına səbəb oldu" - Əhməd Altan

Həbsdə olan tanınmış türkiyəli jurnalist Əhməd Altanın dünyada yayılan COVID-19 pandemiyası ilə bağlı yazdığı məqaləsi yayımlanıb. “Washington Post”da dərc edilən həmin yazıda koronavirusun dünyanı yeni bir mərhələyə necə daşıyacağından və əsrlərdir davam edən bəzi ənənələrin, düşüncələrin məcburi şəkildə dəyişəcəyindən bəhs edilir.

Yeniavaz.com məqaləni olduğu kimi təqdim edir:

Hər kəsin öz evində həbs həyatı yaşadığı bu günlərdə həqiqi həbsxanada olmaq insanda dənizin altında bir akvariumda oturmaq təsiri bağışlayır. Bizi 24 saat “karantin”də saxladıqdan sonra bir gün gecikmə ilə verdikləri qəzetlər və izləyə bildiyimiz məhdud sayda televiziya kanallarından ölümcül bir təlaşa düşdüyünüzü görürəm. Mənim 70 yaşım var və həbsdəyəm. Suyun altında oturmağı da ölümün hədəfində olmağı da bir çoxunuzdan daha yaxşı bilən biri kimi sizə bunu demək istəyirəm ki, ümidsizliyə düşməyin. Yer qabığında baş verən qırılmalar kimi tarixin bütün həyatın silkələyərək qırılmasını yaşayırıq. Bu qırılma bizə ümidli bir gələcək vəd edir. Hazırda yaşanan dəhşətin fərqindəyəm. Timsahlarla dolu olan göldən keçmək məcburiyyətində qalan milyardlarla antilop kimi qaranlıq sularda həyatımızı xilas edib sahilə çatmaq üçün çılğınca çırpınırıq. Mənzərə tamamilə cəhənnəm görüntüsüdür. Ancaq, 4-5 aydan sonra bu proses bitəcək və insan tarixin yeni bir dövrünə, bərəkətli torpaqlara çatacaq. Boşluqda yüz min kilometr sürətlə fırlanan dünya dediyimiz bu qəribə planetin qaydaları belədir. Daha yaxşı günlərə ancaq, bir fəlakətdən sonra çatmaq olur. Müharibələrlə, pandemiyalarla yaralanaraq addım ata bilirik. Bu fəlakət bizə çoxdandır görməzdən gəldiyimiz bir çox həqiqəti və hansı istiqamətdə addım atacağımızı göstərdi. Mən 21-ci əsrin bu pandemiyadan sonra başlayacağını düşünürəm. Bəlkə qısa müddətliyinə əvvələ qayıdırmış kimi bir görüntü ilə rastlaşa bilərik ancaq, bu da çox qısa çəkəcək. Biz bu pandemiya dövründə dövlət deyilən anlamın heç nəyə yaramadığını gördük. Bu təşkilatın öz dövrünü tamamladığı hiss olunur. Onsuz da at arabaları dövründə ortaya çıxan bir idarəetmə qurumunun hələ də davam etməsi əşyanın təbiətinə ziddir. Dövlətlər insanlığın inkişafına mane olur. Pandemiyanın bu qədər yayılması, dövlətlərin və idarəçilərin etdikləri xətalar nəticəsində oldu. Çin əvvəldən yalan deməsəydi, digər dövlətlərin başçıları hadisəyə biganə yanaşmasaydı fəlakət bu qədər böyüməzdi. Mən, yaxın gələcəkdə dünyanın şəhər dövlətlərindən ibarət bir federasiyaya çevriləcəyini düşünürəm. Ortaq fəlakətlər baş verəndə millətlər, sərhədlər, bayraqlar, insanlığın əleyhinə fəaliyyət göstərir. Koronavirus dövründə bunu açıq şəkildə gördük. Bu vaxtlarda görə bildiyimiz başqa bir həqiqət də budur ki, seçkiləri qazanmaq qabiliyyəti ilə xalqı idarə etmək bir birindən olduqca fərqlənir, hətta tamamilə ziddir. Seçkiləri adətən ən çox yalan danışan, qəhrəmanlıqlar göstərənlər qazanır. Onlar da cəmiyyəti ağıllı şəkildə idarə edə bilmirlər. Fəlakət dövründə bunun bir çox nümunəsi qarşımıza çıxdı. Bu problemin bir çıxış yolu var. Dövlətləri və ya olacağını düşündüyüm şəhər dövlətlərini idman klubları kimi idarə etmək… İdman klublarında idarəçi qrup seçilir, ancaq komandanı professional heyət idarə edir. İngiltərə milli komandasını, islandiyalı, Türkiyə milli komandasını rumın, Şimali Koreya milli komandasını bir alman matçlara hazırlayır. Şəhərlərin və dövlətlərin fərqli millətlərdən olan illik müqavilə ilə işləyən “məşqçilər” tərəfindən idarə ediləcəyi bir dövrə məcburən keçəcəyik. Pandemiyanın bu cür dəyişiklikləri sürətləndirəcəyinə inanıram. Tarixin ən böyük dəyişikliklərindən birinə hazırlığı bu fəlakət dövründə yaşadıq. İnsanlar çarəsizcə evlərinə qapananda istehsal zənciri məcburi şəkildə dayandı. İnternet vasitəsilə insanların istehsala, fəaliyyətə zehinlə virtual olaraq qatılması prosesi daha da artdı, fiziki fəaliyyət növündə azalmalar müşahidə edildi. 21-ci əsrdə insanlar artıq fiziki şəkildə işləməyəcəklər. Yeni bir fəaliyyət növü kəşf etməyimiz vacibdir. Bunun qaçınılmaz bir məcburiyyət olduğunu da yaşayaraq anlayırıq. Bir qrup insan xərcləyə bilməyəcəkləri qədər var-dövlətə sahib ikən, digər bir qrupun maddi sıxıntılarla müdafiəsiz şəkildə qalmasının ortaq bir fəlakətə gətirib çıxardığını öyrəndik. Çindəki bir bazar işçisini xilas edə bilmirsənsə İngiltərədəki bir baş naziri də xilas edə bilmərsən. “Üç muşketyor”un “birimiz hamımız üçün, hamımız da birimiz üçün" şüarını yenidən kəşf etdik. Bu məncə, yeni bir zehniyyət mutasiyasına səbəb olacaq. Özünü qorumaq istəyirsənsə, qarşındakını da qorumalısan. Eqoistlik etsən öləcəksən. Koronavirus pandemiyası bu gerçəyi bizə öldürərək öyrədir. Çində bazarda satıcılıq edən bir sadə insanı xilas etməsən, özünü qoruya bilməyəcəksən. İnsanla insanlıq arasındakı uçurum üzərində körpülərin inşa ediləcəyi prosesin ilk mərhələsindəyik. Belə bir zehniyyət mutasiyası digər bütün düşüncə və münasibətləri dəyişdirəcək. Başqasına pislik etmənin, əslində özünə pilsik etmək olduğunu qavrayan insanlığın yaranması vacib hal alacaq. Bunun necə bir dəyişiklik ortaya çıxaracağını düşünə bilirsinizmi?

İnsanlar bəlkə də ilk dəfə bu pandemiya sonrasında insanlıq deyilən böyük bir axının bir parçası olduqlarını, ölkə, din, dil, irq fərqliliklərinin mənasız qaldığını kambocalı qayıqçı ilə ABŞ prezidentinin, fransalı varlı ilə türkiyəli meyvə-tərəvəz satıcısının italiyalı kontla, hindistanlı paryanın eyni çarəsizlik və qorxunu yaşadığını bu qədər aydın şəkildə gördülər. Bu virus təkcə mənim kimi yaşlıları deyil, yaşlanmış bütün zehniyyətləri, inancları, qurumları da yıxır. Yeni bir dünyanın, daha da vacibi, yeni bir insanın ortaya çıxacağı bir keçidi ağrı ilə aşmağa davam edirik.

Hazırkı böyük sarsıntının içində mən gələcək üçün ümidliyəm. Söylədiklərim bir utopiya deyil. Bir axmağın ümidləri də deyil. Dediklərimin həyata keçəcəyinə inanıram. Bunları mənim yaşımdakı insanları öldürən pandemiyanın sürətli hücumunu bir həbsxana otağında gözləyərkən yazıram. Özüm üçün deyil ancaq, parçası olduğum insanlıq üçün ümidliyəm. Noyabr ayında həbsxanada günorta yeməyi ilə birlikdə bizə turp da vermişdilər. Kamera yoldaşım turpu kağız stəkanın içərisinə atıb, pəncərədəki dəmir barmaqlıqların dibinə qoymuşdu. Turp orada çürüdü. Bu yaxınlarda həmin turp cücərməyə başladı, tumurcuqları uzandı. Daha sonra tumurcuqların ucunda balaca ağ çiçəklər açdı. Hər səhər oyanıb o çiçəklərə baxıram. O möhtəşəm prosesə şahidlik edirəm. Turp həm ölür, həm də yenidən doğulur. Turpun ölümündən yeni çiçəklər yaranır. Ölərkən, ümidlərini itirmədən gələcəyə uzanmağa çalışır. Bəlkə siz bu yazdıqlarımı oxuyarkən mən də artıq xəstələnmiş olacağam. Amma nə fərqi var? Kağız stəkandə ölən bir turp çiçək aça bilirsə, həbsdəki bir qoca da ümidlənə bilər.

Bir turpdan daha ümidsiz olmarıq ki…

Mənbə: www.yeniavaz.com