“Amerikada təhsil alsa da, geridəqalmış düşüncəyə malikdir” – Qalmaqal

“Amerikada təhsil alsa da, geridəqalmış düşüncəyə malikdir”  – Qalmaqal

REAL Partiyasının sədr müavini Natiq Cəfərlinin son açıqlaması birmənalı qarşılanmayıb. O, Azərbaycan siyasətində yerlibazlığın hökm sürdüyünü iddia edib. Bildirib ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar regionçuluq siyasəti üzərində qurulub.

Onun sözlərinə görə, lider və ya idarəetmədə olan şəxs(lər) haralıdısa, partiyada üstünlük də həmin regiondan olub. Hətta liderlərin həyat yoldaşlarının haralı olması da mühim rol oynayıb. Natiq Cəfərli iddia edib ki, REAL yeganə təşkilatdır yaranan gündən bu qısır döngəni sındırmağa çalışıb.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Yenisabah.az-a açıqlamasında Natiq Cəfərlinin bəyanatının tamamilə əsassız olduğunu deyib: “Xəstə təxəyyüldür də, bilmədiyini danışır. Naxçıvan-Ermənistan klanının hakimiyyətdə olduğu bir dövrdə bu hökumətə qarşı ən ciddi müxalifətdə olan qüvvə şəxsən mən olmuşam və mən naxçıvanlıyam. Hətta mən Elçibəy hakimiyyətdə olanda da müxalifətdə olmuşam. Bizim partiya Naxçıvanda təsis olunsa da, cəmi 2 nəfər naxçıvanlı var. Digərləri başqa regionlardandır. Aralarında lənkəranlı, bakılı, şamaxılı var. Etnik məsələni ortalığa atmaq dövlətimizin ziyanınadır. Gəlin, hər kəs öz partiyasının tərkibini açıqlasın, görək partiya ilə oradakı üzvlər arasında nə kimi əlaqə var. Bu iddia ya məlumatsızlıqdan doğub, ya da riyakarlıqdır. Natiq Cəfərlinin bu bəyanatı niyə verir, bununla nə demək istəyir? İndi biz durub deyək ki, REAL-da olanların hamısı Amerikayla bağlı olan, Amerika səfirliyinə işləyən, oranın maraqlarını müdafiə edən adamlardır. Belə deyək? Bizdən bu cavabı istəyirlər? Adam bir nə danışdığına baxar. Heç bir əsası yoxdur”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, Natiq Cəfərli hansısa siyasi partiyanın onun dediyi kimi formalaşması ilə bağlı fakt göstərə bilməz: “Sübut edə bilməz ki, filan partiya yerliçilik əsasında formalaşıb. Çünki tamam yanlış fikirdir. Nə İqbal Ağazadənin, nə Tural Abbaslının partiyasında, nə də digərlərində belə sistem yoxdur. Deyilən təhrif olunmuş məlumatdır. Nə məqsədlə belə iddia irəli sürdüyünü isə deyə bilmərəm. O, Azərbaycanın siyasi müstəvisinə təzə gələn biridir. Onlar siyasi mühitə çox nüfuz edə bilməyən adamdır. Onlar Xalq Hərəkatında iştirak etməyib, Azərbaycanın demokratiyasının bərpa olunmasında heç bir ciddi addım atmayıblar. Bu adamlar sadəcə söz səviyyəsində özlərini müxalifət kimi dərk edənlərdir. Görünür, Azərbaycanın yaxın tarixində belə heç xəbərləri yoxdur. Ona görə də belə danışırlar. Qeyri-ciddi söhbətlərdir”.

Partiya sədri həmçinin Natiq Cəfərlini bu məsələ ətrafında debata da çağırıb: “Gəlsin, istənilən telekanala çıxaq, dediklərinin bir faizini sübut etsə, mən siyasətdən gedəcəm. Getməsəm, nə sözü var deyər. Mən rəhbərin özünü də çağırıram. Özlərini aktuallaşdırmaq üçün edilən boş söhbətlərdir. Başqalarını alçaltmaqla özünü ucalda bilməzsən. Ucalmaq üçün zirvəyə çıxmalısan. Azərbaycanda başqalarını söymək, böhtan atmaqla bəzi adamlar istəyir ki, gündəmə gəlsin, bu, çox yanlış yoldur. Siyasətçiyə, vətəndaşa yaraşmayan hərəkətdir. Mən şəxsən Natiq Cəfərlidən belə bir yanaşmanı gözləmirdim. Çox ağıllı, savadlı insandır. Bu cür bəyanat verməsindən göründü ki, Amerikada təhsil almasına baxmayaraq, çox geridə qalan düşüncəyə sahibdir”.

Müsavat başqanının müavini Fərəc Kərimli isə hesab edir ki, Natiq Cəfərli "bütün siyasi partiyaların" deməklə böyük yanlışlığa yol verib. Azərbaycan dövlətçiliyinin ideoloji bazasının müsavatçılıq olduğunu hər kəs bilir və bunu danmaq, görməzdən gəlmək Azərbaycan tarixinə hörmətsizlikdir: “Azərbaycanın müstəqillik əldə etməsindən sonra 1992-ci ildə Müsavat Partiyasının fəaliyyətinin yenidən Azərbaycanda bərpa olunması, Cümhuriyyət dəyərlərinin güclü təbliğatının başında varis kimi Müsavat Partiyasının dayanması heç kimə sirr deyil. Bunu müsavatçı alimlərin Cümhuriyyət dövrünü araşdırmasından, nəşr etdikləri Cümhuriyyət tarixi, Müsavat Partiyasının tarixini geniş oxucu kütləsinə çatdıran kitablarından da görə bilərsiniz”.

Başqan müavini bildirib ki, Müsavat Partiyasının nəinki Azərbaycanda, bütün dünyada nadir hallarda rastlanan maraqlı hekayəsi var: “Bir azərbaycanlı olaraq bu hekayədən hələ də xəbərdar olmayanlara Müsavat Partiyasının "Erkən dövr","Gizli fəaliyyət dövrü", "Mühacirət dövrü"nü oxumalarını tövsiyə edirəm. Yeni dövrdə olanlar isə hər kəsin gözü qarşısında baş verir. Partiyaların proqramlarına nəzər saldıqda da Müsavat Partiyasının proqramından daha cəlbedici, əhatəli bir proqram heç bir partiyada yoxdur. İmkanı olan obyektiv mütəxəssislər bu proqramı oxuyub digərləri ilə müqayisə edib qiymətləndirə bilər”.

Fərəcv Kərimli regionçuluq iddialarını da rədd edib: “Bu deyilənlər Müsavat Partiyasının 100 ildən artıq keçdiyi yol ərzində heç bir dövrünə aid ola bilməz. Çünki Müsavat Partiyasında heç vaxt yerliçilik, ölkəni bölgələrə ayırmaq anlayışı olmayıb və həmişə də bu düşüncəyə qarşı olub. Partiyanın bütün dövrlərdə rəhbərliyində olan şəxslərə diqqət etsəniz görərsiniz ki, hər zaman, bu gün də daxil olmaqla sanki təbii bir tənzimləmə yolu ilə Azərbaycanın bütün bölgələrindən olan adamlar təmsil edilir. İstəyən bütün dövrlərdə Partiyanın rəhbərliyində olmuş adamların tərcümeyi halına diqqət edə bilər. Natiq bəyin sədri uzun illər Azərbaycanda "regionçu partiya" kimi tanınan bir partiyada müavin olub. Ola bilər oradan qaynaqlanan kompleks belə fikirlərin ortaya çıxmasına səbəb olur”.

Sayad HƏSƏNLİ

Mənbə: yenisabah.az