“Qarabağımızın erməni işğalında qalması müstəqilliyimizin dadını qaçırdır...”

“Qarabağımızın erməni işğalında qalması müstəqilliyimizin dadını qaçırdır...”

“Bir adam yapışıb yaxamdam silkələsin ki, ey 65 yaşlı qoca, sənə Vətən uğrunda vuruşub ölməyi əmr edirəm...”

Bu gün - mayın 27-də Azərbaycan Respublikası DİN-in sabiq idarə rəisi, istefada olan polkovnik Mehman Mehmanovun doğum günü – 65 illik yubileyidir. Daimi və fəal oxucumuz, mütəmadi və maraqlı həmsöhbətimiz olan peşəkar polis əməkdaşı, eyni zamanda uzun illər müxbir və baş redaktor kimi çalışmış ustad həmkarımızın belə bir əziz günündə Moderator.az-ın təbrikini çatdırıb ürək sözlərini dinləmək istədikdə bunları eşitməli olduq:

“...90 yaşlı əmim söhbət edir ki, kənddə bir baz-burutlu, çox döyüşkən buğamız vardı. Bir dəfə başqa bir buğa ilə döyüşdə bu yenilməz heyvan basıldı. Həmin andan o, həyətdə yanı üstə yıxılıb tövşüyə-tövşüyə qaldı yerində... Xeyli vaxt heç nə yemədi, içmədi... Kəndin kişiləri buğanı belə vəziyyətdə görüb məsləhət gördülər ki, belə getsə, bu heyvan çatlayıb öləcək, sağalmayacaq, gəlin onu yenidən başqa bir buğa ilə döyüşə çıxaraq... Nəticədə belə bir döyüş təşkil olundu və elə alındı ki, bizim buğa bu dəfə o biri buğanı yıxaraq qalib gəldi... Siz təsəvvür edirsiz, ondan sonra bu heyvan necə höykürür, sanki şadlığından atılıb-düşür, doyunca yeyib-içir, otlayır, çölü, meşəni gəzirdi...”

Hər dəfə əmimin bu ibrətamiz söhbətini xatırlayanda bilirsiz, necə kövrəlirəm... Torpaqlarının 20 faizi 30 ilə yaxındır işğal altında qalan Azərbaycanımızın mövcud durumu gəlir gözüm önünə... Deyirəm, görəsən, biz də sonda qalib çıxan o buğanın taleyini yaşaya bılərikmi?.. Necə deyərlər, lətifəsi bizdən uzaq... Artıq 26 ildən çoxdur Qarabağ torpaqları uğrunda döyüşü uduzmuş xalqımıza növbəti zəfər döyüşünə atılmağı arzu edirəm ki, bu ətalətdən, bu məğlub durumdan, bu ümidsizlikdən qurtulaq, dirçələk, torpaqlarımızı azad edək və düşmənin viranə qoyduğu o yurdlara böyük qayıdış və yerlərdə böyük bərpa, quruculuq işlərinə başlayaq... 4 il öncəki Aprel savaşı göstərdi ki, biz bu qalibiyyətə qadirik... Əlbəttə, canı-dildən və qəti şəkildə səfərbər olaraq gücümüzü birləşdirib hamılıqla döyüşə atılsaq...

Elə bu düşüncələrin ağuşunda, 65 yaşımın tamam olduğu bu gündə ürəyimdən keçir ki, bir Vətən, dövlət qeyrətli adam yapışıb yaxamdam silkələsin ki, ey 65 yaşlı vətəndaş, ey qoca kişi, sənə Vətən uğrunda vuruşub ölməyi əmr edirəm... Böyük Atatürkün türk əsgərlərinə əmr etdiyi kimi... Bax, mən onda gülə-gülə ölərəm, ölümü bağrıma basaram.... 65 yaşımın tamamında mənim ən böyük arzularımdan biri budur... Birdə ki, ölməkdən öncə mən döyüşə də hazıram... Şükür Allaha, silahdan atmağı da bacarıram... İnanın ki bu yaşda ürəyimdə təpər də var... Allaha and olsun, bu saat səngərə girərəm...

“Allah o günü yetirsin ki, növbəti yubileyinizi azad Qarabağda, Şuşada, Kəlbəcərdə, Laçında qeyd edək” diləyimizə cavab olaraq Mehman müəllim bunları söylədi:

“Çox sağ olun, əlbəttə, ürəyimdən keçir ki, bir gün doğum günümü, yubileyimi azad Qarabağımızda, Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, Ağdamımızda... keçirim... O torpaqlarımız uğrunda savaşda şəhid olsam və azad Qarabağdakı məzarım üzərinə kimsə bir gül gətirib qoysa, o daha yaxşı olar... Mənim yubileyimin qeyd olunmağının o qədər əhəmiyyəti yoxdur.. Çünki torpağın azadlığı bizim yubileyimizdən, canımızdan da üstündür... Və torpaqlarımız azad edilməmiş bizim doğum günü, yubiley keçirməyimizin də bir önəmi, ləzzəti yoxdur... İnşallah, torpaqlarımız, Qarabağımız azad olunacaq... Mən buna tam əminəm...”

“Doğum gününüz xalqımız, dövlətimiz üçün əlamətdar bir tarixi günün – 28 May Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsinə təsadüf edir. Bununla bağlı ürəyinizdən nələr keçir?” sualını isə istefada olan polis polkovniki və keçmiş baş redaktor belə cavablandırdı:

“Əlbəttə, Şərqdə ilk demokratik müstəqil dövlət olan Xalq Cümhuriyyətimizin ildönümü böyük və şanlı tarixdir. Bu münasibətlə xalqımızı, dövlətimizi təbrik edirəm... Amma açığı deyim ki, müstəqilliyimizin bərpasından sonra Qarabağımızın, eləcə də öncələr Göyçəmizin, Zəngəzurumuzun, İrəvanımızın və s. itirilməsi bu müstəqilliyimizin dadını qaçırdır... Hazırda tam mənada müstəqil olmağımız üçün ilk növbədə Qarabağımızı azad etməliyik... Biz daim bütün tarixi torpaqlarımızın azad olunması amallarıyla yaşamalıyıq... Və bir daha deyirəm ki, ən azı, Qarabağımızın azadlığı gününü görəcəyimizə bütün varlığımla əminəm...”

 

Sultan Laçın

Mənbə: moderator.az