Qorxunc gəlişmə: Sərhədlərə ordu yığılır – İki nüvə gücü üz-üzə

Qorxunc gəlişmə: Sərhədlərə ordu yığılır – İki nüvə gücü üz-üzə

“Dünya mətbuatına baxıram, hər yerdə həyəcan təbili çalınır ki, Himalay silsiləsindəki mübahisəli sərhəd bölgəsində Çinlə Hindistan arasında qarşıdurma yaranıb. Yazırlar ki, 60-cı illərdən gələn ərazi mübahisəsidir, 1988-ci ildə qarşıdurma baş verib, xeyli ölən və yaralananlar olub... O da vurğulanır ki, bu ay ərzində sərhəd zolağında çinli və hindli hərbçilər arasında münaqişə baş verib və bir neçə nəfər yaralanıb. İlk ağlıma gələn o olur ki, iki nüvə dövləti davaya başlasa aləm qarışıcaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu deyib.

Ekspert məsələ ilə əlaqədar dünya mediasında yayılan bəzi məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Həqiqət isə budur ki, iki ölkənin sərhəd patrulları arasında mübahisəli əraziyə daxil olmaq üstündə dava düşüb və hərbçilər bir-birini daşa basıblar. Çinlilər daş atmaqda daha mahir olduqlarından hindliləri vurub birtəhər ediblər, hətta bir Hindistan zabitinə ağır xəsarət də yetiriblər. Hərbçini helikopterlə hospitala aparmaq lazım olub. Əvvəl gülsəm də, sonra düşündüm ki, nə yaxşı, hər iki tərəf ağlını itirib, silaha əl atmayıb.

Amma pis əlamət də var: Çin bütün vətəndaşlarını təcili Hindistandan geri çağırıb. Görünür, hansısa qətiyyətli addımlar atıb gücünü göstərməyə ehtiyacı var. Özü də təkcə Hindistana yox, həm də dünyaya.

1988-ci ildə eyni zəmində silahlı qarşıdurma yarananda Hindistanın o vaxtkı Baş naziri Raciv Qandi Pekinə səfər edərək, Çin lideri Den Syaopinlə görüşüb və tərəflər münaqişənin dərinləşməsinin qarşısını ala biliblər. Amma həmin vaxtdan xeyli şey dəyişib.

1988-ci ildə hər iki ölkənin ÜDM-i (Ümumi Daxili Məhsulu) və hərbi büdcəsi təxminən eyni səviyyədə olsa da, bu gün həmin göstəricilər yetərincə fərqlidir”.

Ərəstun Oruclu qeyd edib ki, Çinin ÜDM-i Hindistanınkından təxminən 5 dəfə (14,14 trilyon və 2,94 trilyon), hərbi büdcəsi isə təxminən 4 dəfə (237 milyard və 61 milyard) çoxdur: “Bundan əlavə, Çin ordusunun hərbi təhcizatı əsasən öz hərbi sənayesinin hesabına həyata keçirilsə də, Hindistan bu məsələdə xarici ölkələrdən daha çox asılıdır. Görünür, elə bu səbəblərdən də Çinlə danışmaq 1988-ci ildəki qədər asan olmayacaq. Silahlı qüvvələr isə hər iki tərəfdən mübahisəli ərazi ətrafında cəmləşməkdədir”.

Mənbə: teleqraf.com