Dünya gündəmində İran: Güneyə görə sanksiyalar olacaq? - “Uyğur və Güney Azərbaycan türklərinin durumunda fərqli cəhətlər var” - ŞƏRH

Dünya gündəmində İran: Güneyə görə sanksiyalar olacaq? - “Uyğur və Güney Azərbaycan türklərinin durumunda fərqli cəhətlər var” - ŞƏRH

ABŞ Çinə qarşı sanksiyaların siyahısını genişləndirir.

Çinə ticarət müharibəsi ilə kifayətlənməyən Tramp administrasiyası özünün qlobal rəqibini həm də “COVİD-19” virusunu dünyaya yaymaqda, Sizyan əyalətində yaşayan uyğur türklərinin milli haqlarını pozmaqda və Honq Konq siyasətinə görə ittiham edir.

Uzun illər beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalan uyğur türklərinin repressiyalara məruz qalması, fəalların öldürülməsi və minlərlə insanın qapalı həbs düşərgələrinə salınması indi ABŞ-ın Çinə sanksiya tətbiq etməsi üçün ciddi arqumentə çevrilib. Hətta bu qadağaların sayının artırılacağına dair məlumatlar var.

ABŞ-ın qlobal müstəvidə mübarizə apardığı ikinci ölkə isə İrandır. İranda da 40 milyon nəfərə yaxın Azərbaycan türkü də oxşar aqibəti yaşayır. Tramp hökuməti İrana mütəmadi olaraq sərt sanksiyalar tətbiq etməsinə baxmayaraq, Güney Azərbaycan türklərinin hüquqlarının pozulması məsələsini qaldırmır. Halbuki, Azərbaycan türklərinin üzləşdiyi vəziyyətə görə ABŞ-ın İrana sanksiyalara məruz qoyması üçün kifayət qədər əsaslar var.

Bu zərurətə çevrilsə də reallaşması müəyyən maneələrlə üzləşib.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında uyğur və Güney Azərbaycan türklərinin durumunda fərqli cəhətlər olduğunu dedi. Ekspert hesab edir ki, İrana təzyiqlər daha çox nüvə proqramı ilə bağlı olsa da azərbaycanlıların milli haqlarının pozulmasına görə Tehran hakimiyyətinə sanksiyaların tətbiqi vacibdir.

 

“Çinin milli və dini ayrı-seçkilik siyasəti həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Əvvəllər tibetlilərin və onların dini lideri Dalay Lamanın hüquqlarının pozulması ilə bağlı beynəlxalq ictimaiyyət Pekini qınayırdı və bu ölkəyə müxtəlif sanksiyalara tətbiq edirdi. Son illər uyğurlara qarşı yürüdülən ayrı-seçkilik siyasəti daha çox qabarıb. Bu problem hətta BMT-nin gündəliyinə gəlib. Uyğur türklərinin milli haqlarının tapdanması, fəalların siyasi düşərgələrdə saxlanılması bir neçə ildir ABŞ-ın da diqqətini cəlb edir. Çin də İran kimi millətlər həbsxanasıdır. Sadəcə olaraq, Çini “Allahsız” siyasi-ideoloji rejimi, İranı isə “Allahlı” siyasi-ideoloji rejimi idarə edir. Çində əsas etnik qrup olan xaanların siyasi, ideoloji təzyiqi üstünlük təşkil edir. İranda isə panfarsizm hakimdir. Koronavirus pandemiyasının dünyaya Çindən yayılması bu gün rəsmi Pekinə təzyiq etmək imkanlarını artırır. Bu gün Çin dünyadan daha aydın görünür. Lakin uğurlarla Güney Azərbaycan türklərinin məsələsi müqayisə olunmur. Uyğur türklərinin bir qismi ABŞ-a sığınıb və orada qərargah yaradıb. Çində uyğurların muxtar ərazisi var. Amma İranda nəinki Azərbaycan türklərinin, heç bir millətin adına bir metr belə olsun muxtar bölgə yoxdur. Yəni İranda milli məsələ sıfır səviyyəsindədir. Çin isə keçmiş SSRİ-nin təcrübələrindən çıxış edərək müəyyən fedal əsaslı muxtar rayonlar yaradıb. Uyğur türklərinin milli haqları məsələsi dünyanın gündəmində daha çox yer alıb. Amma Güney Azərbaycan türklərinin milli haqları ilə bağlı problem o qədər diqqəti cəlb etməyib. Güney Azərbaycan türklərinin əldə etdiyi ən böyük nailiyyət 1945-ci ildə milli hökumət yaratması olub. İranda milli məsələ 1998-ci idən dünyanın gündəminə gəlməyə başladı. ABŞ-ın o zamankı prezidenti Bill Klinton İranda 20 milyondan çox türk yaşadığını dedi. Sonra Putin İranda 18-20 milyon türkünün olduğunu söylədi. Bununla da İran rejiminə təzyiq edildi ki, orada Azərbaycan türkləri var və onları hüquqları problemi mövcuddur. Böyük siyasi güclər adətən belə məsələlərdən öz maraqları üçün istifadə edirlər. Ona görə də ABŞ Çində uyğur türklərinin haqlarının tapdanmasından özü siyasi məqsədiləri üçün faydalanmağa çalışır. Bu isə uyğur türklərinin milli haqlarının bərpa olunması ilə bağlı apardığı mübarizəyə təkan verir. Belə bir hadisə İranda 2006-cı ildə olmuşdu və böyük bir hərəkat baş vermişdi. Hazırda İran dünyanın gündəliyində milli məsələ kimi yer almır. İranda rejim dəyişikliyi əsas məsələ kimi qarşıya qoyulub. Beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın Çinə baxışı ilə İrana baxışı fərqlidir. Güney Azərbaycan türklərinin mübaribəsi uyğur türkləri qədər təşkilatlanmayıb. Uyğur türklərinin ana dilində məktəbi var. Amma Güney Azərbaycanda bu yoxdur. Dünyanın ən pis, ən qəddar, ən bədxah şovinizmi fars şovinizmidir. Fars şovinizmi İslam dinini əlində oyunacağa çevirib. Asiyada yerləşən İran və Çin şovinizmi çox yaxındır. Buna baxmayaraq, Güney Azərbaycan türklərinə ana dilində təhsil almaq hüququ verilməyib. Ona görə də hərəkatın inkişaf mərhələsi, dinamikası fərqli müstəvidədir. 2008-ci ildə ABŞ-ın dövlət katibi Hillari Klinton İranda milli haqların pozulması məsələsini gündəmə gətirmişdi. O vaxt İranın bəzi rəhbərlərinə qarşı sanksiyalar da tətbq edildi. ABŞ hadisələrə mövcud fəaliyyət uyğun şəkildə qiymət verir.Məsələn, İraqda və Suriyada türkmənlərin hüquqları problemi var. Ancaq türkmənlərin hüquqları heç vaxt İraqda və Suriyadakı başqa qeyri-ərəb etnosların məsələsi kimi gündəliyə gəlmir. Çünki təşkilatlanma olmayıb. Çindəki uyğur türklərinin milli haqları Azərbaycan türklərinin milli haqlarının təmin olunması ilə müqayisədə xeyli irəli gedib. Uyğur türkləri bu gün öz milli haqlarının genişləndirilməsini istəyir. Çin isə uyğurların yaşadıqları bölgəyə xaanları köçürməklə həm də etnik tərkibi dəyişir. Bu ciddi problemdir. Ümumiyyətlə, bu gün uyğur türklərinin hüquqlarının beynəlxalq səviyyədə qaldırılması çox müsbət məsələdir. Eləcə də İranda Azərbaycan türklərinin hüquqlarının da müdafiə edilməsi baxmından ciddi nümunədir. İranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin etdiyi təzyiqdən daha güclüsü Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması ilə bağlı tələblərdir. Təəssüf ki, dünyanın aparıcı gücləri öz maraqlarından çıxış edir”.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info