Türkiyədə “Demokratiya və Azadlıqlar Adası”nın açılışı olub

Türkiyədə “Demokratiya və Azadlıqlar Adası”nın açılışı olub

İstanbul, 27 may , AZƏRTAC

Mayın 27-də Türkiyədə “Demokratiya və Azadlıqlar Adası”nın açılışı olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən açılış mərasiminə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli də qatılıb. Onlar adanı gəzib, buradaki yeni tikililərlə tanış olublar.

Türkiyə demokratiyasının rəmzi hesab edilən, əsası yaşıllıqdan ibarət və yenidən qurulan bu adanın ərazisi 18 hektardır. Burada “Adnan Menderes” konqres mərkəzi, “27 May Tarix Yaylası” və “Demokratiya və insan haqları” muzeyləri, beynəlxalq toplantılar üçün salonlar, otel, məscid, sərgi zalları, kitabxana, kafe və restoranlar inşa edilib. Adadda demokratiyanın rəmzi olan 24 metrlik mayak ucaldılıb.

Qeyd edək ki, “Demokratiya və Azadlıqlar Adası” Marmara dənizində yerləşən adalar qrupunun bir hissəsidir. Türkiyənin demokratiya tarixində dərin iz qoyan və ölkənin o vaxtki baş naziri Adnan Menderes, xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyyə naziri Həsən Polatkanın edam edilməsi ilə nəticələnən 1960-cı il 27 may dövlət çevrilişindən sonra bu ada çoxsaylı məhkəmə proseslərinin ünvanı olub. Belə ki, Türkiyə dövlətinin başında duran bu insanlar edam edilmədən əvvəl məhz bu adada mühakimə olunublar. Lakin Türkiyə Böyük Millət Məclisi tərəfindən 1990-cı il aprelin 11-də qəbul edilən qanunla Adnan Menderes və onunla birlikdə edam edilənlərin günahsız olduqları öz təsdiqini tapıb. 2013-cü ildə “Yassıada” kimi tanınan bu adanın adı “Demokratiya və Azadlıqlar Adası” olaraq dəyişdirilib və 2015-ci ildən burada yenidənqurma işləri başlanıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az