Radikal Milli Şuranın sonu - rüsvayçı videokonfrans beynəlxalq mediada, istefalar dalbadal baş verir…

Radikal Milli Şuranın sonu - rüsvayçı videokonfrans beynəlxalq mediada, istefalar dalbadal baş verir…

Məhərrəm Zülfüqarlı: “Milli Şuranın da digər müxalif birliklər kimi dağılacağı qaçılmazdır”

Məlum olduğu kimi, Milli Şuranın Koordinasiya Mərkəzinin "Zoom"la keçirilən daxili iclasında səsləndirilən fikirlər heç də birmənalı qarşılanmadı.

Milli Şura üzvlərinin “Zoom” tətbiqi vasitəsilə baş tutmuş videokonfransında baş verən qalmaqal hətta xarici medianın da diqqətini çəkib. Bununla bağlı İsrailin nüfuzlu "The Jerusalem Post" qəzetində məqalə dərc olunub. Bildirilib ki, videokonfransda qeydə alınan danışıqlar Milli Şura daxilində güclü homofob əhval-ruhiyyənin olduğunu ortaya qoyub.

Milli Şuranın Koordinasiya Mərkəzinin sərt tənqidlərlə qarşılaşması şurada istefalarla müşayiət olunur. Nəticədə Rafiq Manaflı, Eldəniz Quliyev və Namizəd Səfərov qurumu tərk etdilər. Görünən odur ki, Milli Şuranın dağılması artıq qaçılmaz reallığa çevrilir. Sözügedən şəxslərin istefasından sonra artıq təşkilatlar da qurumu tərk edirlər. Belə ki, Nida Vətəndaş Hərəkatı Milli Şuranın sıralarını tərk etməklə bağlı qərar qəbul edib. Onu da qeyd edək ki, bir neçə gün əvvəl vətəndaş cəmiyyətinin üzvlərinin imzası ilə bəyanat yayıldı və bəyanatda Milli Şuranın fəaliyyəti, virtual konfransda səsləndirilən fikirlər qətiyyətlə pislənildi.

Görünən odur ki, bu gedişlə yaxın günlərdə Milli Şurada başqa istefaların da olacağı istisna edilmir. Bütün bunlar Milli Şuranın dağılmasını sürətləndirir.

“Orada toplaşan müxalif qüvvələr xalqdan deyil, xarici dairələrdən dəstək alırlar”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, Milli Şuranın da digər müxalif birliklər kimi dağılacağı qaçılmazdır: “Məsələ ondadır ki, 1994-cü ildən üzü bəri müxalifət düşərgəsində müxtəlif adlar altında birliklər yaradılsa da, sonda həmin ittifaqlar dağılıb. Adını nə qoymalarından asılı olmayaraq, dağılma qaçılmazdır. İndi oxşar proseslər yenidən təkrarlanır. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, müxalif birliklər gücünü xalqdan almır. Müxalifət xalqdan dəstək ala bilmədiyinə görə hansısa xarici qurumlara söykənir. Bu da onların cəmiyyətdə nüfuzunu heçə endirir.

Şair Şəhriyarın çox gözəl bir sözü var, deyir: “yer bərk olanda öküz öküzdən inciyir”. Bu gün radikal müxalifət düşərgəsində də belə vəziyyət yaranıb. Hakimiyyətə gücləri çatmır, başlayırlar bir-birilə icəşməyə. Azərbaycanda xalqdan dəstək alan, xalqdan qidalanan müxalifət olarsa, ölkə daha çox inkişaf edər. Milli Şurada toplaşan müxalif qüvvələr xalqdan deyil, xarici dairələrdən dəstək alırlar. Ona görə də sözügedən qurumun dağılması qaçılmazdır. Son yaşananlar bir sıra məsələləri üzə çıxardı. Məlum oldu ki, qurumda çox biabırçı proseslər gedir”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com