Azərbaycanlıların mühacirət mediası

Azərbaycanlıların mühacirət mediası

Yerli telekanallarda sosial, siyasi xəbərlər, ciddi verilişlər sıxışdırılandan bəri, informasiya proqramları əlacsızlıqdan qoyunun iki başlı quzu, keçinin üç ayaqlı çəpiş doğması və s. bu kimi əhəmiyyətsiz məlumatlara yer verməyə başladı. Koronavirus dönəmində diqqət yetirdim: deyəsən, xəbər aparıcıları çoxdandır özlərini bu qədər vacib hiss etmirdilər. Çünki pandemiya dövründə yerli xəbərlərə tələbat artdı, danışmağa nəsə vardı və məzmunsuz informasiyalar bir qədər arxa plana keçdi.

İfadə imkanlarının məhdudlaşdırılması səbəbindən də mühacirətdə fəaliyyət göstərən, hadisələri çılpaq göstərən və ona başqa tərəflərdən baxan mediaya tələbat çoxaldı. Yazım ölkədə populyarlıq qazanmış mühacirət mediası haqda fraqmentar müşahidələrdir.

Ötənlərdə Milli Şuranın yayımlanan videoiclasında təşkilatın artıq keçmiş üzvlərindən biri Rafiq Manaflı AXCP sədri Əli Kərimliyə müraciətlə: “Bizim əlimizdə iki resurs var: “Qənimət Zahid və Sevinc Osmanqızı” fikrini səsləndirdi.

…Əli Kərimli sözsüz ki, xarizmatik adamdır, əla natiqdir, işgüzardır, bəlağətli nitqi ilə kütləyə təsir göstərməyi bacarır. Üstəlik, media resursları ilə işləmək təcrübəsi böyükdür. Azərbaycanın postsovet mətbuatı tarixində sanballı yeri olmuş, ciddi, savadlı araşdırmaları, reportajları, analizləri ilə seçilmiş, Xalq Cəbhəsinin hakimiyyəti dövründə belə tənqidi rakursunu saxlaya bilmiş “Azadlıq” qəzetinin ənənə və prinsipləri sonralar Ə.Kərimlinin siyasi ambisiyalarına uduzdu. 1990-cı illərin ortalarından başlayaraq “Azadlıq” tədricən Ə.Kərimlinin tribunasına çevrildi.

Milli Şuranın sözügedən videoiclasından aydınlaşır ki, əldə olan media resurslarıyla ölkədə baş verənləri obyektiv dəyərləndirmək bu siyasi təşkilat üçün prioritet deyil. Məsələ hər şeydən öncə imici qorumaq, müxtəlif cəbhələrdən ünvanlanmış tənqid və təzyiqlərə qarşı səfərbər olmaq, müdafiə olunmaq və zamanında hücum etmək, fikirlərini mümkün qədər geniş auditoriyaya çatdırmaqdır.

Bir tərəfdən medianın imkanlarının məhdudlaşdırıldığı şəraitdə belə münasibət normal görünür. Digər tərəfdən təşkilat maraqlarını qorumaq naminə təbliğatda hədd, sərhəd tanımamaq, manipulyativ yanaşma təəssüfləndirir. Söhbət Fransada yaşayan Qənimət Zahidin “Azərbaycan saatı” proqramından gedir.

Azərbaycan saatı

2012-ci ilin aprelindən yayımlanan “Azərbaycan saatı” proqramının ekran dili yoxsuldur: uyğun ifadə vasitələri, estetikası, strukturu yoxdur və əsasən aparıcının kəskin tənqidləri, təhqiramiz şərhləri üzərində qurulub. Müəllifin monoloq-şərhini yalnız ara-sıra – danışdığı mövzuların təyinatına uyğun, təsvir baxımdan keyfiyyətsiz video-müsahibələr, informativ tutumu olmayan fotolar müşayiət edir və bu seqmentlər proqramda pinti şəkildə yerləşdirilir.

Q.Zahidin nitqi televizyanın təbiəti – çeviklik, konkretlik, aydınlıq tələb edən dili ilə ziddiyyətdədir. O, qəzet ritorikası ilə danışır, cümlələri bir qayda olaraq, uzun, yorucu və ibarəlidir: “Ziyad Səmədzadə kimi ağsaqqal iqtisadçı, üstəlik də, yorulmaz, usanmaz, yaramaz, bir az da utanmaz deputat dedisə ki, Azərbaycanda yoxsulluğun kökü kəsilib, demək buna inanmalısız və dolanışıq üzündən yoxsulluğun cəngindən ölkəni tərk etmək niyyəti olan insanların hamısı niyyətinə qovuşaraq ölkədən çıxıb gediblər” və ya “İnsanları indidən ağır sosial situasiyalara öyrədirlər ki, karantin rejimini daha uzatmaq mümkün olmayanda adamlar gündə bir dəfə yeməklə kifayətlənmiş zümrə halına gəlsinlər” kimi.

Bundan başqa dili plakatçı, şüarçıdır, verilişlərində yeni fikir, kontekst səsləndirmir, Cənubi Azərbaycana xas ləhcəsi, mərsiyəsayağı intonasiyası isə qulağı cırmaqlayır. İctimai-siyasi-sosial hadisələri traktovkası zamanı minumum informativliklə maksimal subyektiv şərhçiliyi birləşdirir. Məcazlardan istifadədə mübaliğəyə yol verir: “Bələdiyyələr qısırdır, parlament axtadır, prezident adminstiasiyası iflicdir, vətəndaş cəmiyyətinin gözüqıpıqdır”. Və həddən ziyadə monoton danışır. O qədər monoton ki, cümlələrdə nəyə vurğu etməsi, hansı fikri qabartmaq istəməsi anlaşılmır.

Professor Qulu Məhərrəmlinin sözlərinə görə, televiziya siyasi şərhçisinin nitqi ədəbi dilin nizamlanmış formasıdır, öz qaydaları, ifadə tərzi, strukturu var: “Bu dilə şifahi nitqdən gələn keyfiyyətlər xasdır: obrazlı, cazibəli, orfoepiya normalarına uyğun olmalı, mətləblər yığcam və ekspressiv çatdırılmalıdır. Həddən artıq mürəkkəb cümlələrlə danışmaq olmaz. Bağlayıcılardan yerli-yersiz istifadə nitqi ağırlaşdırır. Tamaşaçı səslənən mətni asan qavramalıdır. Bu dil üçün ən önəmli cəhətlərdən biri yazılı dillə şifahi dilin ortasında dayanmasıdır. İntonasiya çox önəmlidir. Zəngin intonasiya çalarları olmalıdır. Siyasi şərhçi üçün düşüncə və nitq modelləri vacibdir. Necə başlayırsız, siyasi mətləbləri necə istifadə edirsiz və izahlar verirsiz, hansı maraqlı müqayisələri tapırsız”.

“Azərbaycan saatı”nın buraxılışlarından birində məni xüsusən bir görüntü heyrətləndirdi. Q.Zahid Ucarda yaşayan, vətəndaşlıq verilmədiyindən təhsil ala bilməyən 11 yaşlı uşaq haqda məlumat verir. Müəllif vətəndaşlıq verilməməsi səbəblərinə aydınlıq gətirmir. Əvəzində təqdim edilən birplanlı süjetdə 11 yaşlı qızcığaz əlindəki kağızdan ailəsinin və özünün hüquqularının pozulması haqda mətni çətinliklə, hıqqanaraq oxuyur. Və sonluq gözlənilməz bitir: “Mən istəyirəm prezidentmiz Əli bəy Kərimli olsun, ölkəmizə azadlıq gətirsin” və s.

Aydındır ki, mətn böyüklər tərəfindən yazılıb və uşaq oxuduğu əksər fikirlərin mahiyyətini anlamır. Bu, azyaşlıdan siyasi məqsədlər üçün istifadə edilməsidir.

Sosial Xidmətlər Mərkəzinin direktoru Sənubər Heydərova deyir ki, əgər şəxs yaşadığı ölkənin vətəndaşı deyilsə belə, təhsil almaq hüququ var: BMT-in Uşaq Hüquqları Konvensiyasına qoşulan ölkələr uşaqların təhsilə cəlb edilməsi ilə bağlı öhdəlik götürürlər. Azərbaycan da bu kovensiyalara qoşulub. Süjetdən aydın olmur ki, valideynlər hara müraciət ediblər, haradan rədd cavabı alıblar və hansı qurumdan narazıdırlar ki, mövcud vəziyyət ortaya çıxıb. Suallar çoxdur. Siyasi məsələyə gəlincə, 18 yaşına çatmayan şəxslərin dini və siyasi fəaliyyətə cəlb olunması, siyasi prosesdə iştirakı qadağandır. Ölkədə uşaqların təhsil, təhlükəsizlik, normal qida ilə təmin olunmaq və s. hüquqları pozulur. Amma buna görə etirazı uşaqlar yox, onların qəyyumluğu, himayəsi ilə məşğul olan böyüklər etməlidir. Beynəlxalq Konvensiyaların mətnləri ilə tanış olmaq yetər ki, bu sadə həqiqəti biləsən. Həm iqtidar, həm müxalifər uşaqları istismar edir. Məktəblərdə syasi liderlərə həsr olunmuş şeirlərin oxunması, onların dilindən təriflənməsi yolverilməzdir. Müxalifət də eyni mövqeni tutur.

Ümumiyyətlə, azyaşlılara münasibətdə xüsusən, yerli telekanllarda etik prinsiplər əksər hallarda gözlənilmir, sinik, məsuliyyətsiz davranılır. Xoşqədəm Hidayətqızının, Zaur Baxşəliyevin, Elgiz Əkbərin proqramlarında azyaşlılar psixoloji təhlükənin, sosial-məişət, cinayət hadisələrinin müzakirələrinin, dava-dalaşlarının mərkəzinə atılaraq spekulyasiya obyektinə çevrilir. Q.Zahid də bu yolla gedir. Halbuki, problemi siyasi manipulyasiyaya getmədən qabarda bilərdi.

Osmanqızı TV

2018-ci ildən fəaliyyətə başlayan “Osmanqızı TV”yə gəlincə, Amerikada yaşayan Sevinc Osmanqızının birtərəfli yanaşmaları, AXCP-nin, Milli Şuranın opponentlərinə qarşı kinayəsi, bədən diliyə psixoloji təzyiq göstərməsi haqda yazdığımdan onun üzərində çox dayanmayacam. Yalnız bəzi xırda-para əlavələrim var. Q.Zahiddən fərqli olaraq, Sevinc Osmanqızının uzun illik televiziya təcrübəsi sözünü deyir: dili aydın, lakonikdir, qabartmaq istədiyi fikirlərə vurğuları dəqiqdir və sadalanan amillər tamaşaçıyla kommunikasiyanın qurulmasında rol oynayır. S.Osmanqızı əsasən müsahibə janrında işləyir. Bəzən siyasi vəziyyətlə bağlı uzun-uzadı şərhlər verir ki, bu zaman verilişdə mövzuya uyğun təsvir, sorğu, süjet yerləşdirilmir.

Düz Danışaq

ANS-in keçmiş əməkdaşı, uzun müddətdir Amerikada yaşayan İsmayıl Cəlilovun “Düz danışaq” verilişi son bir neçə ildir fəaliyyət göstərir. İ. Cəlilov digər iki aparıcıdan fərqli olaraq hansısa partiyanın maraqlarını ifadə etmir, daha səmimi və dürüst görünür. Problem ondadır ki, İ.Cəlilovun bəzən aqressivliyi peşə etikası kodeksini üstələyir, müsahiblərinə emosional basqı edir, tərəfsizliyini, təmkinini saxlaya bilmir.

Fevral ayında yayımlanan buraxılışlardan birində deputatlığa namizədlər Səməd Rəhimli və Xalid Bağırovla seçkilərin ləğvi mövzusu müzakirə edilir. Verilişə iki eyni mövqedə dayanan şəxs dəvət edildiyi halda İ.Cəlilov da müsahiblərinə tərəf olur, sual verməkdən çox, şərhçi rolunu oynayır, vətəndaş mövqeyinə qapılır: “Bu gülməli olardı, gözləmək ki, MSK indi hər hansı qərarlarını dəyişdirəcək, ümumiyyətlə gələn şikayətlərə baxılacaq. Yəni şikayətlərin nədən ibarət olduğunu bilirlər. Məncə etika çərçivəsindən çıxmaram bunu deməklə. MSK-dan bir addım gözləmək olarmı? MSK elə bir təşkilatdır ki, Azərbaycan sistemində müstəqil bir addım ata bilsin ki, kiminsə icazəsi və ya göstərişi olmadan”.

Yaxud başqa bir buraxılışda ReAL-ın sədri İlqar Məmmədovla müsahibədə situasiyanı az qala ekspert kimi qiymətləndirir: “Mənə elə gəlir ki, iqtidar sizinlə bir oyun oynayır. İqtidar ReAl-ın daxilində bir çaxnaşma salmağa çalışır. İlqar Məmmədovu qoymadılar parlamentə nümayişkaranə biabırçılıqla. Natiq Cəfərlini də qoymadılar parlamnetə, amma Erkin Qədirlini qoydular. Bu “parçala, hökm sür” siyasəti ola bilərmi? Onlar bilərəkdən sizin daxilinizdə problem yarada bilərlərmi?”

Hər üç verilişdə ağırlıq siyasi mövzulardadır, vizual stilistika, yeni aparıcılıq modeli və davranışları, tərəfsiz yanaşmalar nümayiş olunmur. Əksər hallarda eyni motivlər müzakirə olunur və eyni düşüncələr təkrarlanır. Bununla belə, xüsusən, adıçəkilən ilk iki verilişin baxış sayı çoxdur.

Çünki hansı siyasi məqsəd güdməyindən asılı olmayaraq, bu verilişlərin tamaşaçı üçün önəmi, yerli kanallara çıxarılmayan ictimai-siyasi mövzuların müzakirəsi, kəskin tənqidlərdir.

Meydan TV

Meydan TV 2013-cü ildə Emin Milli, Həbib Müntəzir və Camal Əli tərəfindən yaradılıb. Baş qərargahı Berlində yerləşsə də, əməkdaşlarının bir qismi Azərbaycanda fəaliyyət göstərir. Yerlərdən operativ süjetlərin, reportajların hazırlanması, müsahibləri ilə canlı görüşə imkanlar Meydan TV-in digər mühacir TV-lərdən üstünlüyüdür. Meydan TV-nin baxış sayının çoxluğu güman ki, hər şeydən öncə vətəndaşların burda öz gerçəkliyini, problemlərini görə və duyura bilməsinə bağlıdır.

Meydan TV xəbər formatıdır və bir qədər ANS-in əski dönəmlərdəki fəaliyyətini xatırladır.

Misalçün, “Sənin səsin” verilişi ANS “İç xəbər”inin funksiyasını yerinə yetirir. Burda ölkənin müxəlif bölgələrində yaşayan vətəndaşların sosial, təhsil, yol və s. vacib problemlərindən danışılır, adətən rəsmi qurumların mövqeyi öyrənilir. Teleproqramın “şapka”sından göründüyü kimi süjetlərin müəllifləri şikayətçilərin özləridir. İnfomasiyanın yayılmasını sürətləndirən texnoloji inkişaf, medianın operativlik məcburiyyəti sıradan adamların müəllifə çevrilməsi tendensiyasını diktə edir ki, bu da ictimai jurnalistikanı formalaşdırır.

“Komment” günün əsas mövzusu haqda (sosial məzuniyyət hüququ, pandemiya, feminizm) müxtəlif müstəvilərdə bir dəqiqəlik zəruri bilgi və izah verir.

“Həftəlik icmal” isə adından göründüyü kimi həftənin əsas hadisələrinin məcmusudur. Verilişdə süjet, reportaj, sorğu və s. yer almır. Aparıcı diktor teksti ilə kifayətlənir. Əsas yükü isə şərhçi funksiyasını yerinə yetirən, efirə telefon və ya skaypla qoşulan ekspertlər, ictimai fəallar, siyasətçilər daşıyır.

Adını çəkdiyim üç veirlişin aparıcısı Aytən Mürsəlovadır. Bundan başqa o, müsahibələr də götürür. Belə anladım ki, Meydan TV-in siması daha çox A.Mürsəlovadır. Meydan TV-yə yaxın mənbənin dediyinə görə, aparıcı əvvəllər “Lider” kanalında çalışıb. Əvvəllər hansı kanalda çalışması önəm daşımsa da, bunu niyə vurğulamağımın səbəbi var. Məsələ ondadır ki, A.Mürsəlovanın aparıcılıq modeli köhnədir və o, yerli telekanallardakı telesimaların təkrarıdır. Uyğun stilistik fəndlər, sintaksis özəlliklər, ritmin tapılmaması səbəbindən o, verilişləri eyni tərzdə aparır. Dəyişən təkcə fon və məzmundur. Hətta bəzi məqamalarda, milsaçün, ”Hansı deputatın nəyi var?” adlı videoda o, ciddi mətləbləri şou aparıcısının tonallığında ötürür. Üstəlik, hərəkətli, energetik musiqi tərtibatı videonun məzmununu tamamlamır. Əlbəttə ki, kontrapunkt (təsvir və səs sırasının uyumsuzluğu) kinematoqrafiyada və televizyada geniş istifadə olunur. Lakin görüntü ilə musiqi kontrastının məqsədini dəqiqləşdirmək lazımdır ki, təklif olunan kompozisiyada yerinə otursun. Anladığım qədərilə, bu videoda kontrapunkt ironik kontekst daşımalıydı. Mövzuyla bağlı şəkillərin karikatur intonasiyası, onların efirdə oynaq səs effektləri ilə təsviri, aparıcının mətni çatdırarkən ədalı, süni artistizmi və səsindəki yersiz qradasiya (tədricən yüksəlmə, güclənmə) şou effekti yaradır. Halbuki, ironik münasibəti qabartmaqdan ötrü vizual kontent ciddi təqdim olunmalıydı.

Ekran dili təkcə tekstin üzərində qurulmur, obrazı formalaşdıran digər amillər – qeyri-verbal dil də vacibdir: nitqin ritmi, ifadəlilik, göz kontaktı, jestikulyasıya, energetika, ekrana hakim ola bilmək və s.

Ümumiyyətlə, yerli telekanallarda analitik veriliş, xəbər aparıcısı sarıdan xarizmatik, intellektual, özünəməxsus üsluba malik telepersona qıtlığı həmişə olub. Yaxın keçmişə qısa səyahət etsək, özünəməxsusluğu, tərəfsiziliyi, savadı, materialı yaxşı bilməsi, doğru sual vermək və müsahibini dinləmək bacarığına görə təkcə Xəyal Tağıyev yadımda qalıb.

Təəssüf ki, mühacirətdə yaranan TV-lərdə parlaq, peşəkar, öz üslubunu yaradan teleaparıcılar yetişmədi. Meydan TV-nin təsisçilərindən biri, kanalın sosial medeia meneceri Həbib Müntəzirin sözlərinə görə, kanalda fərqli aparıcı modelləri ortaya çıxmamasının ciddi səbəbləri var: “Birincisi, bu, insan resursundan qaynaqlanır. Meydan TV mühacirət mediası olduğu üçün Azərbaycandakı ənənəvi mətbuatdan fərqli olaraq, fərqli fikirlər, hakimiyyəti qıcıqlandıracaq məlumatlar dərc etdiyinə görə təzyiq və təqiblərlə üzləşir. Bu baxımdan bizə yanaşma birmənalı deyil. Hətta müstəqil jurnalsitlər belə çox hallarda əməkdaşlıqdan çəkinirlər. Burda siyasi-ictimai, maddi səbəblər var. Ona çalışanlar da azdır: həm redaktorluq edir, həm xəbər yazır, həm video montaj edir. Vaxt darlığı fərqli tərzdə aparıcı formalaşmasına, inkişafa mane olur. Dəfələrlə istəmişəm, bu yöndə özümü inkişaf etdirim, seminarlara qatılım, biliklər əldə edim. Sadəcə vaxt qıtlığından imkanım yoxdur. Amma planlarım var ki, gələcəkdə bir verilişdə aparıcılıq edim”.

“1dəqiqə” verilişi gündəm xəbərlərinin toplusudur. Vizual baxımdan funksionallığı yoxdur, çünki təsvirlər informasiya vermir, ancaq mətnə söykənir.

Məncə, Meydan TV-nin ən böyük üstünlüyü reportajlardır. Reportajlar operativdir, peşəkardır, maraqlı yaradıcı yanaşmaları, doğru dramaturgiyası, keyfiyyətli təsvir sırası, maksimum informativliyi var.

Yeri gəlmişkən, haqqında danışdığım əvvəlki üç TV–nin konkret rəhbərləri var və onların kimliyi aydındır. Meydan TV-yə yaxın olan bir mənbənin dediyinə görə, kanalın Berlindəki idarəsi demək olar ki, əcnəbilərin (mənbə avropalıları, amerikalıları və keçmiş sovet ölkələrindən olanları, əsasən slavyan nümayəndələrini nəzərdə tutur) nəzarətindədir: “Və bu Meydan-ı daha çox BBC, Amerikanın Səsi və Azadlıq Radiosu kimi Qərbin media qurumlarının Azərbaycan xidmətləri ilə bir sıraya qoyur. Lakin Meydan TV onlardan da bir cəhəti ilə fərqlənir – BBC, Amerikanın Səsi və Azadlıq Radiosundan fərqli olaraq Meydan TV-nin əcnəbi rəhbərlərinin kimlikləri sirr kimi saxlanılır. Əcnəbilərin kimliklərinin bu cür ciddi qorunmasının səbəbi azərbaycanlı tamaşaçıda qıcıq doğurmamaqdır. İzləyici bilsə ki, Meydan TV-ni əslində Azərbaycana aid olmayan, Azərbaycanı tanımayan və konkret tapşırıqları olan adamlar idarə edir, çətin ki, onların bu mediaya rəğbəti qalar. Emin Millidən sonra TV-yə Mert Kasparyan adlı şəxs rəhbərlik edir”.

H.Müntəzirin dediyinə görə, bu, yanlış məlumatdır: “Birincisi, Emin Milli Meydan TV-dən ayrılandan sonra onun vəzifəsi ləğv olunub. Hazırda redaktorlar birliyi Meydan TV-ni kollektiv şəkildə idarə edir. Dediyiniz şəxsin adı və soyadı isə təhrif olunub, o, adminstrativ sahədə əməkdaşdır, ABŞ vətəndaşıdır. Heç bir halda TV –yə rəhbərlik etmir. Kasparyan məsələsi isə uydurmadır”. H.Müntəzir onun və ümumiyyətlə, kanalın digər əməkdaşlarının adının ictimailəşdirilməsinin tərəfdarı olmadığını dedi. O, bunun səbəbini sırf təhlükəsizlik baxımından, onların təzyiqlərə məruz qalmaması üçün vacib olduğunu qeyd etdi.

Əli Kərimlinin məlum videoiclasda, Meydan TV-yə baxışın zəif olması ilə bağlı fikirlərinə gəlincə, H.Müntəzir onun dedikləri ilə razılaşmır: “Statistikalara baxanda görünür ki, onluq təyin olunsa Meydan TV ilk üçlükdədir. Müxtəlif partiyalar tərəfindən Meydan TV-dən platforma kimi istifadəyə cəhdlər olub. Bəlkə də normaldır. Çünki müxalifət hər şeydən təcrid olunub. Amma biz çalışırıq ki, buna imkan yaratmayaq. Bizdən istifadə olunmasın. Çalışırıq ki, hamıya platforma verək və hamının səsini eşitdirək. İqritdarda olan şəxslərə də mürciət edirik. Təəssüf ki, bizə qarşı blokada var. Ona görə belə alqılanır ki, biz müxalifətin platformasıyıq”.

İnsayderin dediyinə görə, Meydan TV-yə son vaxtlar müsahibə verməyən AXCP rəhbəri, informasiya blokadasında olanda Meydan TV-yə ondan açıqlama alınması üçün xahiş edib və həmin süjet bir ay əvvəl kanalın efirində yayımlanıb.

AzLogos

2018-ci ilin dekabrından İsveçrədə yaşayan yazıçı Ələkbər Əliyevin baş redaktorluğu ilə yayımlanan AzLogos mediaya dünya azərbaycanlılıarının intellektual platforması iddiası ilə daxil oldu.

Hələ lap başlanğıcda AzLogos-un ideya müəllifi, Danimarkada yaşayan Kopenhagen Universitetinin nevrologiya üzrə professoru Məsud Aşina saytın yaranma ehtiyacını belə izah etmişdi: saytı ölkəmizdə və ölkəmizdən kənarda yaşayan elm və mədəniyyət adamlarının, intellektualların ortaq tribunasına çevirmək.

Nəzərdə tutulmuş fikir-ideya özünü doğrultdumu?

Bugünki AzLogos doğrudan da təkcə ölkədən kənarda yox, həm də ölkədə yaşayan azərbaycanlı müəlliflərin vahid platformasıdır. Saytın kontenti zəngindir, iqtisadçıların, tibb mütəxəssislərinin, sosioloqların, psixoloqların, elmin digər sahələrinin, incəsənəti təmsil edən şəxslərin müəllif qismində cəlbi, çoxtərəfli mövqelər AzLogos-un üstünlüklərinədir. Ki, bu həm də üslub müxtəlifliyini yaradır.

Araşdırmalar, memuarlar, müsahibələr, esselər, elmi, siyasi, publisitik məqalələr, çeşidli temalarda lakonik videomateriallar günün aktuallığına istinad edir, müzakirə açır, həm də öyrədici funksiyanı yerinə yetirir.

AzLogos-u digər mühacir media vasitələrindən fərqləndirən vacib cəhəti onun birqatlı, milsaçün, siyasiləşmiş olmaması, ölkədəki həyatın total neqativ qiymətləndirmə mövqeyindən uzaqlığıdır. Ölkədə qüsurlar əlbəttə ki, yetərincədir. Lakin gerçəklik yalnız ağ-qara rənglərlə hörülməyib.

Saytla əməkdaşlıq etdiyimdən kənardan ümumini obyektiv, tam görməyə bilərəm. Ona görə AzLogos-la bağlı oxucular arasında kiçik soğru keçirdim. Rəyləri ümumuləşdirərək təqdim edirəm, tələsməyin, tənqidi məqamlar var:

AzLogos-un konsepsiyası KİV-də, sosial şəbəkələrdə hökm sürən başqa fikrə dözümsüzlüyə, kütlə psixologiyasına qarşı kimi oxunur. Əsas fikir axınına qarşı kontrapunktu olan fikirlər səsləndirir. Siyasi tərəflərə dözümlü, analitik münasibət var. Hərdən epataj xətrinə epataj hiss olunur. Tabu olan mövzu yoxdur. Amma bir var, mövzunu konkret məqsəd üçün, biri də var, epataj üçün araşdırasan. Həmişə analitikliyi, yüksək intellektual səviyyəni qorumaq olmur. Ona görə bəzən orta və aşağı səviyyədə də nəsə olur. Amma üzdə olan tendensiya cəmiyyətdəki stereotipli yanaşmalara qarşı mövqedir. Dizaynı daha dinamik etmək olar, müsahibələr isə çoxaldılsın…

Mənbə: azlogos.eu