Səfir: Pandemiya Azərbaycan və Britaniyanı bir-birinə daha da yaxınlaşdırıb

Səfir: Pandemiya Azərbaycan və Britaniyanı bir-birinə daha da yaxınlaşdırıb

London, 28 may , AZƏRTAC

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 28 May - Respublika Günü münasibətilə Britaniyada yaşayan Azərbaycanlı icmasının üzvləri ilə videokonfrans keçirib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşə qarşı tərəfdən əsas qonaq qismində Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Martin Harris qoşulub.

Britaniyada yaşayan həmvətənlərimizi Respublika Günü münasibəti ilə təbrik edən səfir Cümhuriyyətin yaranması, müasir Azərbaycanın daxili və xarici siyasəti, eləcə də Britaniya ilə ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair çıxış edib. Bildirib ki, gələcək nəsillərə ötürə biləcəyimiz ən dəyərli sərvət azadlıqdır və buna görə də hər birimiz Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa hazır olmalıyıq. Britaniya ilə ikitərəfli əlaqələrin müstəsnalığından bəhs edən səfir T.Tağızadə pandemiyanın iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığını söyləyib.

Martin Harris Azərbaycan və Britaniya arasında “güclü” və xüsusi” münasibətlər olduğunu deyib və ikitərəfli münasibətləri “strateji tərəfdaşlıq” kimi xarakterizə edib. O, pandemiyanın qlobal vüsət almasından bir müddət əvvəl, mart ayının başlanğıcında Azərbaycana baş tutmuş səfəri barədə məlumat verərək Bakıda keçirdiyi görüşlərin ona ikitərəfli əlaqələrin ruhu və gücünü görmək imkanı yaratdığını söyləyib.

M.Harris Azərbaycana səfərinin dünyada pandemiyanın ilk təsirlərinin hiss edildiyi, xüsusən neft qiymətlərinin kəskin aşağı düşməsi vaxtına təsadüf etdiyini, Prezident Administrasiyasında və Xarici İşlər Nazirliyində keçirilən görüşlərdə bu çağırışlarla mübarizədə tərəfdaşlığın gücünə qarşılıqlı etibar ifadə edildiyini bildirib. O, bu görüşlərdə Azərbaycan və Britaniyanın həqiqi güclü strateji tərəfdaşlar kimi neft bazarındakı kataklizmləri idarə etmək və bu böhrandan yaxşı mənada bəhrələnmək yollarını müzakirə etdiklərini diqqətə çatdırıb. O, həmçinin Bakıdakı görüşləri zamanı qlobal və regional təhlükəsizlik məsələlərinin də müzakirə olunduğunu bildirib.

Aprelin 12-də Heydər Əliyev Mərkəzinin binasının COVID-19-la mübarizədə dəstək əlaməti olaraq Britaniya bayrağı ilə işıqlandırılmasına görə Azərbaycan tərəfinə təşəkkür edən M.Harris bunu “bir dost və strateji tərəfdaşın Britaniya əhalisinə jesti” kimi qəbul etdiklərini vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Britaniya arasındakı dostluq pandemiyanın yaratdığı böhranın gedişində daha da güclənir.

Daha sonra Britaniyada fəaliyyət göstərən Azərbaycan Evi diaspor təşkilatının sədri Ali Atalar, eləcə də diasporumuzun digər üzvləri çıxış edərək xalqımıza Respublika Günü münasibəti ilə təbriklərini çatdırıblar. Konfrans iştirakçıları, həmçinin pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın rolu, tətbiq olunan yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

Səfir T.Tağızadə bu kontekstdə Azərbaycanda ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Tədbir zamanı protokola uyğun olaraq hər iki ölkənin himni səsləndirilib.

Mənbə: azertag.az