İRAN MƏCLİSİNİN YENİ SPİKERİ:müharibə veteranı, kəşfiyyatçı, populist siyasətçi, prezidentliyə namizəd...

İRAN MƏCLİSİNİN YENİ SPİKERİ:müharibə veteranı, kəşfiyyatçı, populist siyasətçi, prezidentliyə namizəd...

Bu gün Məhəmməd Baqir Qalibaf 11-ci çağırış İslami Şura Məclisinin yeni sədri seçilib.

İran parlamentində keçirilən səsvermədə o, 230 qazanıb. Qalibafın əsas rəqibləri – Mir Mustafa Mirsəlim – 12, Firidun Abbasi isə cəmi 17 səs qazanıblar.

Seyyid Əkbər Qazizadə və Əli Nikzad yeni spikerin müvafiq olaraq birinci və ikinci müavinləri olub.

İran siyasətində populist qanadın təmsilçisi sayılan Qalibaf kimdir?

Tərcümeyi-halın ən parlaq səhifələrinə nəzər salaq.

Qalibaf 1961-ci il sentyabrın 23-də Xorasanın Torqabe şəhərciyində anadan olub. Atası – Hacı Hüseyn Qalibaf əslən semnanlı, həm də tanınmış tacirdir. Anası – Xeyrünnisa Bojmehrani barədə isə fərqli bilgilər var: birinə görə, o, şəcərəcə Təbriz əhlindəndir və Ali lider Seyyid Əli Xamnəinin qohum-əqrabası sayılır; başqa bir iddiaya görə, kökü Nişapur şəhərindəndir.

Ailənin 3 oğul və 2 qızından biri – Məhəmməd Baqirin qardaşı Həsən Qalibaf Torqəbeyi İraq-İran savaşında həlak olub.

21 yaşında evlənmiş siyasətçi xanımı Zəhra Sadat Moşri ilə həmşəhərlidir. Onların nikah kəbinini Ayətullah Xomeyni kəsib.

Ailənin 2 oğlu (İshaq və İlyas), bir qızı (Məryəm) var. Artıq nəvə sahibidirlər.

Məhəmməd Baqir Qalibaf 1977-ci ildən, yəni 16 yaşından məscidlərdə keçirilən siyasi aksiyalarda iştirak edib.

“Tərbiyət Modaress” Universitetini siyasi coğrafiya ixtisası üzrə elmi dərəcə ilə bitirdikdən sonra Məhəmməd Baqir Qalibaf Fransada “Airbus” aviaməktəbində təhsil alıb, yəni peşəkar təyyarəçi-pilotdur.

8 illik müharibə dövründə, 1980-ci ildə İnqilab Keşikçilərinə (İİKK – “Sepah”) qoşulub və kəşfiyyat əməliyyatlarına cavabdeh şəxs olaraq cəbhə xəttinə göndərilib.

Tədricən elit orduda mövqeyi yüksəlib, əvvəlcə “İmam Rza briqadası”nın komandanlığına gətirilib, 1982-ci ildə, cəmi 21 yaşında ikən “Nəsr Xorasan” bölməsinin komandiri olub.

33 yaşında “Xatamül-Ənbiya”nın inşaat bölməsinə rəhbərlik edərkən, yaradıcı fəaliyyəti ilə diqqəti cəlb edib. 1997-ci ildə Ali Rəhbər Seyyid Əli Xamnəinin əmri ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinə komandan təyin olunub.

Polkovnik rütbəli Qalibaf 1999-cu ildə ölkənin polis qüvvələrinə rəhbərlik edib.

Tehran meri seçilməsi 2005-ci ilə təsadüf edir. Elə o dövrdə ilk dəfə prezidentlik iddiasını ortaya qoyub. 2009 və 2013-cü ildə də eyni addımı atıb. Son prezidentlik iddiaçılığında yenə Həsən Ruhaniyə rəqib olub və 6 milyon səs alıb.

2008-ci ildə ABŞ-la dialoqa çağırış etməsi ilə də yadda qalıb.

Bir neçə kitabın müəllifi və tərcüməçisidir ki, onlardan ən mühümü “Yerli idarəetmə və ya İranda siyasi hakimiyyətin məkan bölgüsü strategiyası”dır.

İran parlamentinin yeni spikeri seçildikdən sonra Məhəmməd Baqir Qalibaf ilk tvitində Azərbaycana “eyham vurub”: “Əmirəl-möminin (ə.) Azərbaycandakı valisinə buyurub: “Səlahiyyət sizin üçün qida mənbəyi deyil, öhdənizə verilən əmanətdir”. Özümə və parlamentin bütün möhtərəm üzvlərinə bu əmanətə diqqət yetirməyi xatırlatmaq istəyirəm. İnşallah İranın əziz xalqı qarşısında üzüağ olacağıq”.

Mənbə: strateq.az