Rəsulzadənin nəvəsi: “Hitler də, Stalin də Rəsulzadədən istifadə etmək istəyirdi”

Rəsulzadənin nəvəsi: “Hitler də, Stalin də Rəsulzadədən istifadə etmək istəyirdi”

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində çirkin iddialar səsləndirdiyi barədə xəbər təqdim etmişdik.

Paşinyan M.Ə.Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib.

Lakin çox keçmədi ki, tarixçilər, elm adamları və siyasətçilər Paşinyanın bu sərsəm yalanlarını tarixi fakt və sənədlərlə ifşa etdilər.

Qazet.az-ın suallarını cavablandıran Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə bir çox tarixi faktlara toxunub.

Rais Rəsulzadə bildirir ki, Rəsulzadə ilə istər Hitler, istərsə də Stalin əməkdaşlıq etmək istəyib. Hətta ona vəzifə də təklif ediblər.

“Azərbaycan istiqlalının süqutundan sonra Stalin Rəsulzadəni öz tərəfinə çəkməyə, əməkdaşlıq etməyə çalışırdı. Onunla da əməkdaşlıq etməyib. Vəzifəni qəbul etməyib. Hitler də onu öz tərəfinə çəkməyə çalışıb. Onun nüfuzundan istifadə etmək istəyirdilər. Azərbaycanın istiqlalının olmadığı yerdə isə, o, heç kimlə iş birliyi etməyib. Əsas məqsəd Azərbaycanın istiqlalı olub. Respublika süquta uğrayandan sonra böhtanlar, şərlər hər zaman Rəsulzadəyə atılıb. Çünki Rəsulzadə Azərbaycan xalqının müstəqilliyini, istiqlalını, milli varlığını hər zaman əsas tuturdu”, – deyə Rais Rəsulzadə qeyd edir.

Heç kimə sirr deyil ki, Rəsulzadə irqçi olmayıb. Qadına ilk seçki hüququnu verən bir Cümhuriyyətin qurucusunun irqçi olması da mümkünsüz idi. İstiqlaliyyət üçün mübarizə aparan dahi şəxsiyyət təklif edilən heç bir vəzifəni qəbul etməyib.

“Hətta Azərbaycanın özündə də ölkənin istiqlaliyyətinin əleyhinə olan xadimlər var idi. Bunlara baxmayaraq, Rəsulzadə inadla, təkidlə öz fəaliyyətini davam etdirirdi. Sübut edirdi ki, istiqlaldan kənarda heç bir inkişaf yoxdur, heç bir milli dirlik, heç bir milli varlıq yoxdur. Çoxu bunu qarışdırmaq istəyir. Rəsulzadənin fəaliyyətində irqçilik siyasəti olmayıb. Hitlerin nəzəriyyəsi irqçilik idi – milyonlarla başqa xalqları qırırdı. Azərbaycanın istiqlalı olmayan heç bir yerdə isə işbirliyi ola bilməzdi”.

Paşinyanın növbəti sərsəm iddialarına isə tarix, arxiv cavab verdi. Rais Rəsulzadə bildirir ki, Ermənistanın apardığı gülünc mübarizə üsulu təəccüb doğurmur.

“Bununla bağlı Ermənistana layiqli cavab verilib. Mətbuat, ictimaiyyət, alimlər tərəfindən cavab verilib. Arxiv sənədləri özü danışır. Paşinyana gəldikdə isə, o, düşməndir. Düşməndən gözlənilən budur. Mübarizə aparır. Əgər bu düşməndirsə, hər şeyə əl atır. Nə olursa olsun, qalib gəlmək istəyir. Bu mübarizədir. Dünyada baş verən prosesləri nəzərdən keçirəndə görürük ki, elə bəyanatlar verilir ki, “onlar belə dedi, bunlar belə dedi, nə üçün bunlar belə dedi?” – o, düşməndir. Belə də etməlidir. Hər fürsətdən istifadə edir. Belə məqamları nəzərə alıb ayıq-sayıq olmalıyıq. Bu bizim üçün qəribə gəlməməlidir.

Onun layiqli cavabını veriblər. Tarixçilər cavabını verib. O barədə mən də, Nəsiman Yaqublu da, Ramiz Abutalıbov da yazmışıq. Bir çoxu Sovet ideologiyası ilə irəli gedirlər. O dönəmdə Azərbaycan müstəqilliyini dilə gətirmək belə yasaq idi, nəinki Rəsulzadədən danışmaq. Bu tarixi dönəmi silmişdilər. Onlar deyirdilər hər nə vermişik – Ruslar verib. Bu gün biz sübut etmişik ki, Azərbaycan xalqı mədəni xalqdır. Azərbaycan xalqı bacarıqlı xalqdır”, – deyə Rais Rəsulzadə əlavə edir.

Mənbə: qazet.az