“Bir kərə yüksələn bayraq” - Respublika tariximizin dövlət rəmzləri - ARAŞDIRMA

“Bir kərə yüksələn bayraq” - Respublika tariximizin dövlət rəmzləri - ARAŞDIRMA

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü qeyd olunur.

1918-ci il 28 may tarixində Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi önəm verirdi. Ən mühüm dövlət atributlarından biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Əli bəy Hüseynzadənin məşhur "türkləşmək, islamlaşmaq və müasirləşmək" şüarı bu işdə əsas ideoloji tezis kimi götürülmüşdü.

AXC-nin əsas rəmzi olan bayraq haqqında həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan çıxarış belədir:

"Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin".

Azərbaycan Xalq Cumhuriyyətinin ilk bayrağı Gəncə şəhərində qəbul olunub. Həmin dövrdə bayraq Osmanlı İmperiyasının bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı İmperiyasının bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi önə çəkildi. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. 1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin yeni bayrağı haqqında qərar qəbul edildi. Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

"Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin".

ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat” jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə edib:

"Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı oldu, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, "Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur".

1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Sovet hakimiyyətinin təzyiqi ilə bu bayraqdan imtina edildi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixində Azərbaycanda sovet hakimiyyəti quruldu. 1920-ci ildə Azərbaycan SSR-in yeni bayrağı qəbul edildi. Bu, sol yuxarı küncündə sarı aypara və ulduz olan qırmızı bayraq idi. 1921-ci ilin ikinci yarısından 1922-ci ilə qədər Azərbaycan SSR sarı kiril hərfləri ilə АССР (ASSR) yazılan qırmızı bayrağı istifadə etdi.

1921-ci ilin may ayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarət idi, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı "AİŞC" və ya “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdi. 1922-1924-cü illərdə üzərində "A.İ.Ş.C" yazısının aşağı hissəsində də latın əlifbası ilə eyni yazı yazılmışdı. 1924-1930-cu illərdə təsdiq olunmuş bayrağın üzərində - sol küncündə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirildi. Oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə "A.İ.Ş.C" yazısı verildi.

1930-cu ildən başlayaraq, Azərbaycan SSR-in bayrağı üzərində "ASSR" abreviaturası yalnız latın əlifbası ilə verilməyə başladı. 1937-ci ildən Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində "Az SSR" sözləri yazılmış qırmızı qumaşdan ibarət idi. 1940-cı ildə latın AzSSR kiril АзССР ilə əvəz edildi. Azərbaycan SSR-in bayrağının axırıncı versiyası 7 oktyabr 1952-ci ildə qəbul edildi. Bu aşağı hissəsində horizontal göy zolaq olan SSRİ bayrağı idi. Üçrəngli dövlət bayrağımız bir də 70 il sonra yüksəklərə qaldırıldı.

1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin yeni tərkibdə ilk sessiyası bir sıra tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. İlk sessiyaya sədrlik edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərarla “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adından “Sovet Sosialist” sözləri çıxarıldı və muxtar respublika rəsmən “Naxçıvan Muxtar Respublikası” adlandırıldı. Digər bir qərarla muxtar respublikanın Ali Soveti həmin gündən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Nəhayət, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli, ay-ulduzlu bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildi və həmin bayrağın Azərbaycanın Dövlət bayrağı kimi tanınması barədə Azərbaycan SSR Ali Sovetinə qanunvericilik təşəbbüsü qaydasında müraciət edildi. Həmin sessiyada qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarında deyilirdi: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilsin.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info