Almaniya mətbuatında 28 May - Respublika Günü ilə bağlı məqalə çap edilib

Almaniya mətbuatında 28 May - Respublika Günü ilə bağlı məqalə çap edilib

Berlin, 28 may, AZƏRTAC

Almaniyanın nüfuzlu internet portalında Azərbaycanın müstəqilliyinin 102-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Matias Dornfeldin (Mathias Dornfeld) müəllifliyi ilə “ostexperte.de” internet portalında dərc edilmiş “Azərbaycan müstəqilliyinin elan olunmasının 102-ci ildönümü ərəfəsində” bağlıqlı məqalədə (https://ostexperte.de/aserbaidschan-am-vorabend-des-102-jahrestages-seiner-proklamation/) ölkəmizin 102 il bundan əvvəl müstəqilliyini elan edərək müsəlman Dünyasında ilk azad və demokratik dövlət qurduğu bildirilir. Yeni yaranmış dövlətdə qadınlara seçki hüququnun verildiyi, müasir sənət və mədəniyyətin yüksək inkişaf yolu keçdiyi qeyd olunur. Parlamentdə bütün milli azlıqların, o cümlədən ermənilərin təmsil olunduğu vurğulanır. 1920-ci ildə bolşeviklərin bu mütərəqqi dövlət nizamına son qoyduğu, Azərbaycanın yalnız 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra yenidən öz azadlığını əldə etdiyi bildirilir.

Məqalədə Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, zəngin ənənəyə malik Azərbaycanın sürətli inkişaf yolu keçən dövlətə çevrildiyi, 2000-ci illərdə Dünya üzrə ən yüksək iqtisadi artım göstəricilərinə malik olduğu qeyd olunur. Azərbaycan Respublikasının nəinki Cənubi Qafqazın ən böyük ölkəsi, həm də iqtisadi cəhətdən ən güclü ölkəsi hesab olunduğu vurğulanır.

Zəngin enerji resurslarına malik Azərbaycanın uğurlu enerji siyasəti həyata keçirməklə Avropanın etibarlı tərəfdaşına çevrildiyi və onun enerji mənbələrinin divesifikasiyasına mühüm töhfə verdiyi qeyd olunur. Enerji strategiyasının əsasının keçmiş Prezident, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və “Əsrin müqaviləsi”nin imzalanması ilə başlandığı ifadə edilir.

Daha sonra hazırda Azərbaycanın COVID-19 böhranına qarşı uğurla mübarizə apardığı, ölkəmizdə yoluxmaların sayının az olmasının hökumətin və səhiyyə orqanlarının böhrana müvafiq effekiv tədbirlərlə müşahidə olunan sürətli reaksiyası ilə bağlı olduğu vurğulanır. Pandemiya ilə mübarizəyə iri həcmli maliyyə yardımlarının (ümumilikdə 1,6 milyard ABŞ dolları həcmində) ayrıldığı, bunun makroiqtisadi stabilliyin qorunması, səhiyyə sisteminin möhkəmləndirilməsi, iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılması məqsədi daşıdığı ifadə olunur.

Vüqar Seyidov

AZƏRTACın xüsusi müxbiri

Berlin

Mənbə: azertag.az