Azərbaycanın İndoneziyadakı səfirliyi “28 May - milli qürur tariximiz” adlı videokonfrans keçirib

Azərbaycanın İndoneziyadakı səfirliyi “28 May - milli qürur tariximiz” adlı videokonfrans keçirib

Cakarta, 28 may, AZƏRTAC

Mayın 28-də ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunan “28 May – milli qürur tariximiz” adlı videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin müşaviri Gültəkin Həbibli və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə G.Həbibli 1918-ci il 28 may gününün müasir Azərbaycan tarixinin şanlı səhifələrindən olduğunu, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə üzvü şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi olaraq tariximizə qızıl hərflərlə yazıldığını bildirib. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının bu istiqamətdə müstəsna rolundan bəhs edib. Xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Xalq Cümhuriyyətinin ənənələrinin əsas götürərək mürəkkəb vəziyyətdə müstəqil Azərbaycan dövlətinin yenidən qurulmasına nail olduğunu, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi üçün qətiyyətli tədbirlərin həyat keçirildiyini, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərqərar edildiyini vurğulayıb.

O, bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla davam etdirildiyini və bütün sahələr üzrə qazanılmış nailiyyətlərin qürur doğurduğunu söyləyib. Respublikamızda siyasi, iqtisadi və sosial islahatların uğurla həyata keçirildiyi, ölkə iqtisadiyyatının durmadan inkişaf etdirildiyi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlərin görüldüyü qeyd edilib. Azərbaycanın müstəqil gələcəyinin gənclərimizin savadlı, vətənpərvər, tarixinə, dilinə, dövlətçiliyinə sadiq olmaqla birbaşa əlaqəli olduğunu vurğulayıb.

Tələbələr, öz növbələrində ayrı-ayrılıqda 28 may tarixi ilə bağlı fikirlərini və düşüncələrini bölüşüblər. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyduqlarını bildiriblər. 1918-ci il 28 may tarixinin vətənpərvərlik, müstəqillik, azad seçim, qadınların bərabər hüquqa malik olması istiqamətində atılan addımlar, elm və mədəniyyət sahəsində görülən mühüm işlər kimi tariximizə yazıldığını qeyd ediblər. Vətəndən uzaqda olmalarına baxmayaraq, hazırda doğma Azərbaycanın inkişafını böyük qürur və fəxrlə izlədiklərini, oxuduqları təhsil ocaqlarında ölkəmizin tanıdılması ilə bağlı gördükləri işləri qeyd ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı istiqamətdə həyata keçirdiyi islahatları alqışladıqlarını vurğulayıblar.

Videokonfransda İndoneziyada təhsil alan tələbələr Ayşən Əliyeva, Gülnar Babazadə, Elşad Məmmədbəyov, Leyla Qarayeva və Əli Əliyev tariximizin şanlı səhifəsi, onun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Mənbə: azertag.az