Respublika Günü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd edilib

Respublika Günü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd edilib

Tbilisi, 28 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ölkəmizin Gürcüstandakı səfirliyində məhdud formatda qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirlik əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Səfir Dursun Həsənov çıxış edərək qonaqları bayram münasibətilə təbrik edib. O deyib ki, hər il səfirlik Tbilisidə Respublika Gününü təntənəli və geniş şəkildə qeyd edib. Lakin builki pandemiya səbəbindən bu günə həsr olunan mərasimlər fərqli formatda təşkil olunub.

Sonra tədbir iştirakçıları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) 28 May- Respublika Günü münasibətilə hazırladığı videoçarxa baxıblar.

Səfir çıxışında bildirilib ki, Respublika Gününün Tbilisidə qeyd edilməsi böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də məhz Tbilisidə elan edilib. Diplomat müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci ildə məhz Azərbaycanda qurulmuş demokratik respublikanın tarixindən və qısa müddət mövcud olmasına baxmayaraq, imza atdığı böyük tarixi yeniliklərdən bəhs edib. Sovetlər dövründə də Azərbaycan xalqının hər zaman müstəqillik arzusu ilə yaşadığını, nəhayət, 1991-ci ildə tarixi imkandan istifadə edərək müstəqilliyini bərpa etdiyini, Xalq Cümhuriyyətinin zəngin ənənələrinə və tarixi varisliyə əsaslanaraq respublika qurduğunu, həmçinin birinci respublikanın əsasının qoyulduğu 28 may tarixinin də ölkədə Respublika Günü elan edildiyini bildirib.

O qeyd edib ki, müasir dövlətçiliyimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev şərəfli ömrünü Azərbaycanı dünyada tanıtmağa sərf etdi. Bütün qüvvəsini dövlət quruculuğuna, müstəqilliyimizi daha da möhkəmləndirməyə yönələtdi. Ulu Öndər amalına və məqsədinə nail oldu, qüdrətli və yenilməz bir dövlət qurdu, Müasir Azərbaycanın dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

D.Həsənov Azərbaycan təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, logistik və nəqliyyat layihələrindən söz açıb, bu layihələrin təkcə region dövlətlərinin deyil, Avropanın da inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az