““30 il Sovet düşməninin nəvəsisən” tənəsini eşitmişəm” - Qurucu liderin nəvəsi

““30 il Sovet düşməninin nəvəsisən” tənəsini eşitmişəm” - Qurucu liderin nəvəsi

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümüdür.

Şərqdə ilk dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti daxili həyatın, beynəlxalq vəziyyətin son dərəcə mürəkkəb və ziddiyyətli bir dönəmində 23 ay fəaliyyət göstərə bilib. Buna baxmayaraq, Xalq Cümhuriyyəti öz dövlət quruculuğu, sosial, siyasi, iqtisadi və təhsil sahələrində mühüm işlər görə bilib.

Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin yadigarı, nəvəsi Rəis Rəsulzadə Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində böyük nailiyyətlər əldə etdiyini deyib:

“Bu gün qürur günümüzdür. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tariximizin şərəfli səhifəsidir. Babamla sadəcə olaraq qürur duyuram. Onun qurduğu müstəqil dövlətdə yaşayırıq. Hər ölkənin yaxşı və çətin məqamları, problemləri olur. Bütün bunlara baxmayaraq biz artıq mövcuduq və varıq. Beynəlxalq səviyyədə öz sözümüzü deyə bilirik. Bayrağımız, himnimiz , gerbimiz və deyiləsi sözlərimiz də var. Azərbaycanın min illik tarixində istiqlal, müstəqil və demokratik respublikanın yaranması tək türk dünyası üçün deyil, dünyada böyük bir hadisədir. Baxın siz qadınlara ilk dəfə seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət səbəb olub. Bu dövlət 23 ay yaşasa da ordu quruculuğuna, milli valyutanın buraxılmasına, demokratikləşməyə, azad seçkilərə, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınmasına, dövlətimizin bütövlüyünün təmin olunmasına və digər sahələrdəki uğurlara nail olub. Sovet dövründə yaşadığım illərdə dəfələrlə təzyiqlərə, sürgünlərə, repressiyalara, “Sovet düşməninin nəvəsisən” kimi tənələrə məruz qalmışam. O statusla 30 ilə yaxın yaşamışıq. Bu, təbii haldır. Tək mən deyil, repressiyaya məruz qalanların hamısının iş fəaliyyəti yaxşı olsa da, müəyyən medallarla təltif olunsalar da bir çox qurumlara onlar buraxılmırdı. Repressiya reablitasiya olunandan sonra isə vəziyyət dəyişdi”.

Qeyd edək ki, Bakıda Cümhuriyyət parkının yaradılması təklif olunur. Parkın inşa edilməsi üçün məkan müəyyən edilməsə də, məsələ tez-tez gündəmə gətirilir. Təklifi yüksək qiymətləndirən Rəis Rəsulzadə Cümhuriyyət adına görüləcək bütün işlərin təqdirəlayiq olduğunu deyib:

“İlk dəfədir bu təklifi eşidirəm və müsbət qiymətləndirirəm. Heç bu barədə düşünməmişdik. Amma Cümhuriyyət adına olunan hər şey gözəldir. Məkanın da fərqi yoxdur, çox güman ki, bunun üçün uyğun gələn boş və münasib ərazi seçilə bilər. Bilirəm ki, Rəsulzadənin adına Türkiyədə park açılıb. Karantin səbəbindən həmin parkda heykəl ucaldılması yubandı. Amma durum düzələndən sonra parkda Rəsulzadənin büstü qoyulacaq. Əlbəttə ki, Bakıda da belə bir parkın açılması gözəl olardı”.

Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin nəşinin ölkəmizə gətirilməsi məsələsinə gəlincə, Rəis Rəsulzadə bunun heç də asan olmadığını deyib:

“Bunun üçün zaman lazımdır. Onların məzarlarının köçürülməsi mümkündürmü? Bunu əvvəlcədən söyləmək də çətindir...Əsas əmin-amanlıq olsun, ictimai vəziyyət sabitləşsin. İlk növbədə Qarabağ problemimizi çözməliyik. Xalq və dövlətimizin yalnız bir bəlası var, o da Qarabağdır. Nəşin bura gətirilməsi sadə proses deyil, bu siyasi aksiyadır”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info