Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümü

Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümü

Müəllif: Mehdi Məmmədov (Azərbaycanın Perudakı səfirliyinin müvəqqəti işlər vəkili)

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında son dərəcə mühüm hadisə baş verib. Həmin gün İstiqlal Bəyannaməsinin qəbul edilməsilə müsəlman Şərqində ilk dünyəvi demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub.

AXC-nin elan olunması ilə, qısa vaxtda dövlət qurumları, çoxpartiyalı sistem və plüralist parlament formalaşdırılıb, ölkə vətəndaşları dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqlara yiyələnib. Qadınların səsvermə hüququ da nəinki Şərqdə ilk dəfə, hətta bir çox Avropa ölkəsindən də əvvəl məhz AXC-də tanınıb.

Cümhuriyyətin Azərbaycan xalqının tarixində silinməz iz qoyduğuna heç bir şəkk yoxdur. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil və səhiyyə sahəsində ciddi addımlar, Silahlı qüvvələrin yaradılması, dövlət bayrağının, gerbinin və himninin qəbulu, həmçinin Azərbaycan dilinin rəsmi dövlət dili elan olunması, milli valyuta olan manatın tədavülə buraxılması Azərbaycan tarixində yeni və şanlı səhifə açıb.

Təəssüf ki, AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci ilin aprelində bolşeviklərin hərbi müdaxiləsi nəticəsində o, süquta uğrayıb. Buna baxmayaraq, müstəqil dövlət qurmaq ideyasından imtina etməyən Azərbaycan xalqı, nəhayət, 1991-ci ildə müstəqilliyini bərpa edib. Sələfi kimi, yeni müstəqil Azərbaycan Respublikası da yaranar-yaranmaz regional münaqişə, qonşu Ermənistanın hərbi işğalı, həmçinin mürəkkəb daxili siyasi vəziyyət, sosial-iqtisadi problemlərlə üz-üzə qalmışdı. Lakin xalqın istəyilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkədə bütün sahələrdə davamlı inkişafa nail olub. Nəticədə Azərbaycan bir neçə il ərzində regional gücə çevrilib. Ümummilli lider Heydər Əliyevin bu idarəçiliyi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Bu gün Azərbaycan xalqı müstəqilliyinin 102-ci ildönümünü qürurla qeyd edir. 102 yaşlı müstəqil, suveren, demokratik Azərbaycan Respublikası prezident İlham Əliyevin rəhbərliyilə, uğurlu, effektiv idarəetmə nəticəsində sosial-iqtisadi inkişaf yolu keçir. Beynəlxalq aləmdə də nüfuz sahibinə çevrilmiş Azərbaycan AXC-nin ideya və məqsədlərini həyata keçirməkdədir.

Beləliklə, AXC zəngin dövlət quruculuğu təcrübəsinin, xalqın qəlbində güclü azadlıq və müstəqillik hissinin əsasını qoymaqla, gələcək müstəqillik üçün etibarlı zəmin yaradıb. Nəticədə müasir Azərbaycan Respublikası nəinki AXC-nin xüsusiyyətlərini qoruyub saxlayıb, həm də onun qurucularının işini davam etdirərək, müasir dünyəvi dövlətə çevrilib. Bu gün o, AXC-nin siyasi və mənəvi varisidir.

(İspan dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: worldmedia.az