Koronavirusla mübarizədə Paşinyanın fərsiz siyasətinin nəticəsizliyini Gürcüstanın üstünə atmağa başladılar…

Koronavirusla mübarizədə Paşinyanın fərsiz siyasətinin nəticəsizliyini Gürcüstanın üstünə atmağa başladılar…

Dəyanət Osmanlı: “Ermənistan Səhiyyə Nazirliyinin Gürcüstanı ittiham etməsi ilə iki ölkə arasında müəyyən gərginlik müşahidə olunur”

Cənubi Qafqazda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayına görə Ermənistan öndə gedir. Azərbaycanda və Gürcüstanda pandemiyanın zərərlərinin azaldılması istiqamətində ciddi işlər görülür. Əlbəttə, bu amil də Ermənistanı narahat etməyə bilmir. Bildiyimiz kimi Ermənistanda koronavirusla mübarizə məsələsində Paşinyan hakimiyyəti heç bir addım atmır və bu da mövcud reallığın meydana çıxmasına səbəb olur.

Son həftələr Ermənistan əsassız olaraq Gürcüstanı hədəfə alıb və iddia edir ki, guya Ermənistanda koronavirusa yoluxanların artmasına Gürcüstanla gediş-gəliş səbəb olub. Bundan başqa, Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda COVID-19-la bağlı rəsmi göstəricilərlə bağlı şübhələrinin olduğunu bəyan etmişdi. A.Torosyan, həmçinin, iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, eləcə də yük maşını sürücülərində COVID-19-a çox sayda yoluxma halı aşkarlanıb.

Erməni nazirin fikirlərini narazılıqla qarşılayan Gürcüstan Ermənistandan üzr istəməyi tələb etmişdi. Tiflisdəki Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirmişdi ki, yüksək səviyyəli dövlət məmuru heç bir arqument olmadan belə açıqlamalar verməməlidir: “Gürcüstanda COVID-19 xəstələri ən yüksək beynəlxalq standartlara uyğun olaraq aşkar edilir və qeydiyyata alınır. Göstəricilərin etibarlılığını hələ heç bir beynəlxalq təşkilat və ya ekspert şübhə altına almayıb”.

T.Tsertsvadze qeyd etmişdi ki, erməni nazirin ölkəsində epidemiya əleyhinə sistemin Gürcüstandakından daha güclü olması barədə bəyanatı ən azı gülüncdür: “Biz Arsen Torosyanı və digər maraqlı olanları koronavirusla bağlı vəziyyətin idarə olunmasında Gürcüstan təcrübəsini öyrənmək üçün ölkəyə dəvət edirik”. Erməni nazirin bu fikirlərinə təəccüblə yanaşan Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze “Rustavi-2” kanalının efirində bildirib ki, A.Torosyanın sözləri təəccüb doğurub: “Arsen Torosyanı şəxsən tanıyıram. Ondan bu cür qeyri-diplomatik bəyanatlar eşitmək bir qədər təəccüblüdür”. Qeyd edək ki, artıq Gürcüstanın təpkisi nəticəsində Ermənistan Səhiyyə Nazirliyi Gürcüstan səhiyyə sisteminin tənqid edilməsinə görə diplomatik kanallar vasitəsilə rəsmi Tiflisdən üzr istəyib.

Qeyd edək ki, bu gün Ermənistan öz təxribatçı davranışları və addımları ilə beynəlxalq aləmi çaşdırmaqla məşğuldur. Cənubi Qafqaz bölgəsində qarışdırıcılıq missiyasını yerinə yetirən Ermənistan pandemiya ilə mübarizə məsələsində də bölgəmizin üz qarasına çevrilib.

“...xəstəlik mənbəyi kimi mütləq ermənilərin kompakt yaşadıqları Cavaxetiyanın adını çəkməli idi”

Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı baki-xeber.com-a bildirdi ki, Ermənistan və ermənilər bütün dünya üçün təhlükə mənbəyidir: “Öncə qeyd edək ki, Türk dünyasında bir erməni xəstəliyi mövcuddur. Bu xəstəlik yavaş-yavaş dünyanın orqanizminə yeriyir. Bir baxın, “erməni soyqırımı” artıq neçə ölkədə tanınıb, arta-arta da gedir. Onlar gələcəkdə işğal etdikləri torpaq və mədəniyyət üzərindəki varolma yolunu “soyqırım”a görə təzminat üzərində reallaşdırmaq fikrindədirlər. Ermənilər özlərinə dövləti də belə, şərin, təcavüzün hesabına qurublar. ­Tarixlərini, mədəniyyətlərini, dillərini Azərbaycanın,Türkiyənin, Gürcüstanın və digər ölkələrin hesabına formalaşdırıblar. Bu, onların anadangəlmə, genetik xarakteridir. Erməni terror təşkilatları dünyada ən dəhşətli əməlləri, mənfur adları ilə tanınıblar. Bütün erməni cinayətləri dünyanın gözü qarşısında baş verir. Amma yenə də həmişə erməni məsələsi ortaya çıxanda ikili standartlar tətbiq olunur. Bu faktdır ki, Ermənistanın yerləşdiyi ərazilər onlara həmin ikili standart müəllifi olan, buyruq ağaları tərəfindən hədiyyə olunub. Onlar istənilən vaxt erməni vasitəsilə hər bir milləti şərləyə bilərlər. Erməni saxtakarlığı bir xüsusi istedaddır. Onlar hər bir hadisədən, xeyirdən də, şərdən də məharətlə dividend götürə bilirlər.

Elə bir məsələ yoxdur ki, orada erməni fəallığı təzahür etməsin. Götürək koronavirus pandemiyasını. Ermənilər koronavirusa da növbəti gəlir mənbəyi kimi baxırlar. Xeyli miqdarda yardım, vəsait ala bildilər. İndi də məqsədlərini daha da genişləndirərək uzlaşdırırlar. Ermənilər yenə “əzabkeş” görkəmdə bəyan edirlər ki, xəstəlik onlara başqa ərazilərdən, o cümlədən, Gürcüstandan keçib. Gürcüstanda pandemiyanın ilk dövrünə nəzər salsaq, fikirdə müəyyən aydınlıq yaranar. Hamı bilir ki, pandemiya dövründə Ermənistanın İran və başqa ölkələrlə müxtəlif əlaqələri səngiməyib. Hətta şahidi olduq ki, erməni mətbuatı da dəfələrlə İrandan yükdaşımaları potensial təhlükə adlandırmışdı”.

D.Osmanlı qeyd etdi ki, eyni zamanda, yenə bu şərçi erməni mətbuatı Gürcüstanda koronavirusun yayılmasının azərbaycanlılar yaşayan bölgələrdən qaynaqlandığını yazmışdı. “Amma fakt odur ki, xəstəliyin ən çox yayıldığı yer ermənilərin yaşadığı Cavaxetiya bölgəsi olub. Cavaxetiyanın, eləcə də Marneulidə yerləşən Şaumyan qəsəbəsinin Ermənistanla həm rəsmi, həm də gizli yollarla əlaqələri, ümumiyyətlə, dayanmayıb. Gürcülər isə bu barədə düşünmək istəmədilər və demək olar ki, erməni fitnəkarlığı baş tutdu. Nəticədə, ilk olaraq, azərbaycanlılar yaşayan iki rayon ən ciddi karantin rejiminə alındı. Azərbaycanlılar bundan həm mənəvi, həm də iqtisadi-sosial cəhətdən böyük ziyan çəksələr də, qaydalara riayət etdilər, sınaqdan şərəflə çıxdılar.

İndi Ermənistan Səhiyyə Nazirliyinin Gürcüstanı ittiham etməsi ilə iki ölkə arasında müəyyən gərginlik müşahidə olunur. Ermənistan Gürcüstanı suçlayırsa, onda xəstəlik mənbəyi kimi mütləq ermənilərin kompakt yaşadıqları Cavaxetiyanın adını çəkməli idi. Çünki, bayaq qeyd etdiyim kimi, Çavaxetiya bölgəsi və əhalisi Gürcüstanla Ermənistanın ən yüksək, sıx səviyyədə gediş-gəlişini, qanuni və qanunsuz əlaqəsini təşkil edir” - deyə D.Osmanlı bildirdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com