Əli Hüseynli: Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələr inkişaf edir

Əli Hüseynli: Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələr inkişaf edir

Moskva, 28 may, AZƏRTAC

Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələr inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli TASS informasiya agentliyinin təşkil etdiyi Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinə həsr olunmuş video formatında mətbuat konfransında söyləyib. Mətbuat konfransının moderatoru TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman idi.

Ə.Hüseynli koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması üzündən Rusiyada qalmış vətəndaşlarımızın vətənə qayıtmasında göstərdikləri dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə, Dağıstan Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib, iki ölkə hökumətlərinin bu məsələ ilə bağlı problemləri birlikdə həll etdiklərini diqqətə çatdırıb.

Milli Məclis sədrinin birinci müavini epidemiya üzündən turizm sektorunun fəaliyyətini dayandırmağa məcbur olduğunu xatırladaraq, eyni zamanda, yük daşımalarının aramsız həyata keçirilməsinin sevindirici hal kimi qiymətləndirib. Ə.Hüseynli 9 May - Qələbə Günün Azərbaycanda da təntənə ilə qeyd olunduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müharibə veteranlarına birdəfəlik maddi yardımlar ayrıldığını diqqətə çatdırıb.

“İkinci Dünya müharibəsindən danışarkən bəzi ölkələrdə sovet əsgərlərinin abidəsinin sökülməsini, bəzilərində isə faşist cəlladlarına heykəl qoyulmasını təəssüflə xatırlatmamaq olmur. Ermənistanda cinayətkar Qaregin Njdenin heykəli qoyulub. KİV-lərdə Ermənistanın baş naziri Paşinyanın babasının nasistlər tərəfdə döyüşməsi barədə məlumatlar yayılıb, Paşinyan isə öz babasını müharibə qəhrəmanı adlandırıb. Düşünürəm ki, biz bütün tədbirlərdə belə mənfi təzahürlər barədə danışmalıyıq. Biz, həmçinin Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçirilən qeyri-qanuni prezident seçkilərinə qarşı da öz kəskin etirazımızı bildiririk”, - deyə o vurğulayıb.

Azərbaycan-Rusiya münasibətlərinin strateji xarakter daşıdığını qeyd edən Əli Hüseynli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərə görə Rusiya tərəfinə minnətdarlığını bildirərək əminliyini ifadə edib ki, münaqişənin ədalətli həlli bütövlükdə Cənubi Qafqaz ölkələrinin inkişafına təkan verər.

Görüşün moderatoru Mixail Qusmanın Avrasiya İqtisadi Birliyi haqqında sualına cavabında Əli Hüseynli bildirib ki, Azərbaycanın bu qurumda müşahidəçi kimi iştirakı faydalı olardı və bu məsələnin ekspertlər səviyyəsində müzakirə oluna biləcəyi istisna deyil.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az