“Bunun nəticəsi ağır olacaq”- SƏFİRDƏN ERMƏNİSTAN AÇIQLAMASI

“Bunun nəticəsi ağır olacaq”- SƏFİRDƏN ERMƏNİSTAN AÇIQLAMASI

Azərbaycanın Türkidəki Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim “Haber Türk”ə müsahibə verib.

REAL-ın Türkiyə Bürosu, səfir, professor Kürşad Zorlunun suallarını cavablandırıb. Xəzər İbrahim, Respublika Günü və günün Azərbaycan üçün əhəmiyyətindən bəhs edib. 102 il bundan öncə yaradılan Azərbaycanın tarixi və çətin keçid yolundan, onun qurucularından danışıb. Səfir iki ölkə arasında mövcud əməkdaşlıq və münasibətə də toxunub. Səfir müsahibəsində “Bildirmək istəyirəm ki, “COVİD-19” zamanında, sıxıntılar, çətinliklər olduğu bir vaxtda belə Türkiyə- Azərbaycan qardaşlığının nə qədər dəyərli olduğunu gördük. Pandemiyadan sonrakı dünya dönəmində də Türkiyə-Azərbaycan qardaşlığının dünya üçün daha önəmli bir faktor olacağından əminəm. Məhz bu səbəbdən, Türk dünyasının gələcəyi, mənim fikrimcə, bilavasitə Türkiyə-Azərbaycan ikilisinə bağlıdır. Biz uğurlu birlik olarıqsa, Türk dünyası da inkişaf edər.” ifadələrini işlədib.

Səfir Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi qondarma seçkiyə də toxunub:

“Bu Ermənistanın ilk təxribatı deyil. Fikirləşirəm ki, bu məsələyə xüsusi yanaşmaq lazımdır. Ermənistan xalqı hökumətin pandemiyaya verdiyi reaksiyasından, ölkədəki sosial vəziyyətdən və iqtisadi geriləmədən razı deyil. Hökuməti təmsil edənlər hər zaman etdikləri kimi daxildə baş verən gərginlikləri xarici spekulyasiyalarla ört-basdır etməyə çalışır. Ya Gürcüstanla problem yaşayır, ya Türkiyəyə qarşı əsassız iddialar irəli sürür, ya da Qarabağdakı təxribatları davam etdirir. Ermənistan hökumətinin hazırda parlament və dövlət qrumlarının İrəvanda, Azərbaycan-Türk köklü şəhərdə yerləşməsindən narahat olması təbiidir. Bu qurumların yerlərini dəyişdirmək istəyirlərsə, bunu sadəcə BMT tərəfindən qəbul edilən sərhədlər çərçivəsində edə bilərlər. Təəssüf ki, dərs almırlar, bütün təxribatlarına cavab verilir. İstər açıq, istərsə də ictimaiyyətə açıqlanmayan şəkildə... Danışmaq, bayram qeyd etmək asandır, amma nəticəsi ağır olar. Biz danışmırıq, edirik! Fikrimcə, Ermənistanın hazırkı hökuməti əvvəlki hökumətin bu təcrübəsini təhlil etsin.”

Mənbə: www.realtv.az