Kaliforniya qubernatoru türk diplomatın erməni qatilinin şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə xahişi rədd edib

Kaliforniya qubernatoru türk diplomatın erməni qatilinin şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə xahişi rədd edib

Vaşinqton, 28 may, AZƏRTAC

Kaliforniya qubernatoru Gevin Nyusom 1982-ci ildə Los-Ancelesdə Türkiyə diplomatını qətlə yetirmiş erməni Xampinq Sasunyanın şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə xahişi rədd edib.

AZƏRTAC xəbər verir ki, qubernator Nyusom daha əvvəl Sasunyanı şərti olaraq vaxtından əvvəl azad edilmə üçün yararlı hesab edən Şərti olaraq Vaxtından Əvvəl Dinləmələr Şurasının qərarını ləğv edib.

Qubernator bildirib: “İş üzrə sübutları öyrənəndən və nəzərdən keçirəndən sonra hesab edirəm ki, Sasunyan bütün ehtiyat tədbirləri nəzərə alınmaqla, azadlığa buraxılmamışdan əvvəl o, əlavə iş yerinə yetirməlidir. O, azad ediləcəyi təqdirdə, cəmiyyət üçün hələ də müəyyən təhlükə törədir və mən Şərti olaraq Vaxtından Əvvəl Dinləmələr Şurasının Sasunyanın azad edilməsinə dair qərarını ləğv edirəm".

Sasunyan və onun cinayət yoldaşı Krikor Saliba 1982-ci il yanvarın 28-də türk diplomat Kamal Arıkanı odlu silahla qətlə yetirib. On dörd güllə yarası alan Arıkan yerindəcə keçinib. Saliba ədalət mühakiməsindən yaxasını qurtara bilib, lakin Sasunyan 1984-cü ildə həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib.

1970-ci illərin ortalarından etibarən Türkiyənin 40-dan çox diplomatı, o cümlədən ABŞ-da dörd diplomatı erməni terrorçuların hücumları nəticəsində həlak olub. Hücumların böyük əksəriyyəti "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" (ASALA) və "Erməni Soyqırımı Ədalət Komandanlığı" (JCAG) terror təşkilatları tərəfindən törədilib. Qətllər ABŞ, Avstriya, Fransa, İtaliya, İspaniya, Livan, Yunanıstan, İsveçrə, Niderland, Kanada, Portuqaliya, İran və Böyük Britaniyada baş verib.

AZƏRTAC-ın Vaşinqton bürosu

Mənbə: azertag.az