Fransadakı diplomatlarımız Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarlarını ziyarət ediblər

Fransadakı diplomatlarımız Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarlarını ziyarət ediblər

Paris, 28 may, AZƏRTAC

1918-ci ildə Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xalq Cümhuriyyəti qurucularının əsas məqsədi bu gənc dövləti dünyaya tanıtmaq oldu.

Bu məqsədlə Azərbaycan nümayəndə heyəti Birinci Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədi ilə çağırılan Paris Sülh Konfransına yola düşüblər. Nümayəndə heyətinin üzvləri bu yolda maneələr və məşəqqətlərlə üzləşiblər. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Fransadakı diplomatlarımız Paris Sülh Konfransına qatılmış, ancaq sonradan Vətənə qayıda bilməyən cümhuriyyət qurucularının xatirəsini yad edərək onların Paris və Paris ətrafındakı qəbirlərini ziyarət ediblər.

Paris yaxınlığında Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyətinin parlamentinin, eləcə də Paris Sülh Konfransında nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşov və milli hökumətin rəsmi qəzeti “Azərbaycan”nın naşiri, Azərbaycanın məşhur bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilərək, qəbirləri üzərinə əklil qoyulub.

Milli hökumətin parlamentinin, eləcə də nümayəndə heyətinin üzvü Məhəmməd Məhərrəmovun Monparnas (Montparnasse) qəbiristanlığındakı qəbri ziyarət edilib və üzərinə əklil qoyulub.

Paris ətrafında Bobinyi (Bobigny) müsəlman qəbiristanlığına gələn diplomatlarımız ilk hökumətin ticarət və sənaye naziri olmuş, parlamentin və nümayəndə heyətinin üzvü Əkbər ağa Şeyxülislamovun xatirəsini yad edərək, məzarı üzərinə əklil qoyublar.

Eyni zamanda, bolşevik işğalından sonra ölkəni tərk edib Fransaya gəlmiş azərbaycanlıların - Zülqədar bəy Ənuşirəvan, Zülqədarov Əli bəy, Vəzirova-İbrahimbəyova Xurşud, Qarabağ xanlarının nəslindən olan İbrahimbəyova-Çermoyeva Xavər, Zeynalabdin Tağıyevin qızı və Əli Əsədullayevin həyat yoldaşı Tağıyeva Leyla, Azərbaycan parlamentinin sabiq üzvü və Xalq Cümhuriyyətinin ilk nazirlərindən olan Mirzə Əsədullayevin qardaşı Əsədullayev Əli və qardaşı oğlu Əsədullayev Nadir - məzarları da ziyarət olunub və onların məzarı üzərinə gül dəstələri qoyulub.

Paris Sülh Konfransına gəlmiş nümayəndə heyəti Azərbaycanın tanıdılması istiqamətində təbliğat işi aparıblar. Onlar Azərbaycanın mənşəyi, xanlıqları, Zaqafqaziya Seymi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, bolşevik və ermənilərin təcavüzkar hərəkətlərinə dair “Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri” adlı məlumat kitabçasını fransız və ingilis dillərində konfrans iştirakçılarına paylayıblar.

Nümayəndə heyətinin üzvləri müttəfiq dövlətlərin nümayəndələrinə Azərbaycanın müstəqilliyinin tanınmasına dair müraciətlər göndəriblər. Nəhayət, nümayəndə heyəti öz məqsədinə nail olub və 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycan və Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olunub.

Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament Fransa, Böyük Britaniya, İtaliya, ABŞ və Polşanın paytaxtlarında fəaliyyət göstərəcək diplomatik nümayəndəliklərin yaradılması haqqında qanun qəbul edib. Azərbaycanın dünyanın bir çox ölkələrində rəsmi nümayəndəlikləri və konsulluqları açılıb.

Nümayəndə heyətinin səylərinə baxmayaraq, Azərbaycan xalqının müstəqil yaşamaq, milli dövlətini qurmaq, torpağının və taleyinin sahibi olmaq ümidləri doğrulmadı. Ölkəmiz yenidən Cümhuriyyət mövcudluğunun 23-cü ayında süqut edir, 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən işğal edilir.

Paris Sülh Konfransına gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri bir daha Vətənə dönə bilmir və ömürlərinin sonunu qürbətdə yaşamalı olurlar.

Sovetlərin süqutundan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bu müstəqillik möhkəmlənir və əbədiləşir.

Qeyd edək ki, Fransada uyuyan azərbaycanlıların məzarları Azərbaycan dövləti tərəfindən bərpa edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az