“Belə bir toplum nə demokratik cəmiyyət quracaq, nə də Qarabağı azad edəcək...” – Aslan İsmayılov

“Belə bir toplum nə demokratik cəmiyyət quracaq, nə də Qarabağı azad edəcək...” –     Aslan İsmayılov

Uzun illərdir Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünün Azərbaycan xalqına vurduğu ziyanın ölkədən oğurlanan milyardlardan dəfələrlə ziyanlı olduğunu yazanda məni şəxsi qərəzçilikdə günahlandırırdılar. Sosial şəbəkədən oxudum ki, ağzına qədər dolu olan restoran müsafirlərindən şadyanalıqlarının səbəbini soruşanda heç kim Müstəqillik gününün adını çəkməyib. Baxın, bu əsl faciədir. Belə bir toplum heç vaxt nə demokratik cəmiyyət quracaq, nə də ki, Qarabağı azad edəcək.

Dövlətinin qurulduğu günü ən sevimli Bayram kimi qeyd etməyənlər nə Dövlət, nə də Vətən qədrini bilməyəcəklər ki, onun müstəqilliyini, ərazi bütövlüyünü də göz bəbəyi kimi qorusunlar. Bu gün 28 Mayda mən şəxsən heç yerdə Bayram əhval ruhiyyəsi hiss etmədim. 14 fevral (Valentin günü), 23 fevral (Sovet Otdusu günü), 8 mart (Beynəlxalq Qadınlar günü) cəmiyyətimizdə daha sevimli Bayram kimi görünür. Mən hələ 31 dekabr (Yeni il) gecəsini demirəm. Bunun hamısı da uzun illər TV və KİV-lərdə aparılan təbliğatın nəticəsidir. R.Mehdiyev və Ə.Həsənovun siyasi səhnədən getmələrindən bir neçə ay keçməsinə baxmayaraq hələ də hər şey köhnə qaydada davam edir.

Məhz bunun nəticəsidir ki, bu gün Cumhuriyyət qurucularından bəhs edilməsi əvəzinə toplum olaraq Ramil Səfərovun Milli Qəhrəman, yaxud Milli Düşmən olması problemi müzakirə olunur. Bəzən özünü sanki Ermənistandakı kimi hiss edirsən. İdeoloji, təbliğat problemləri həll edilmədən hansısa dəyişikliklərdən, islahatlardan danışmaq faydasızdır.

Aslan İsmayılov

Hüquqşünas

Mənbə: pravda.az