Trump Çinlə bağlı mətbuat konfransı keçirəcək

Trump Çinlə bağlı mətbuat konfransı keçirəcək

ABŞ Prezidenti Donald Trump deyir ki, mayın 29-da keçirəcəyi mətbuat konfransında Çinlə bağlı açıqlama verəcək. Çin Honq Konqda milli təhlükəsizlik qanununun tətbiqinə yol açan qanunvericiliyi qəbul edib.
Çinin sözügedən qanundan Honq Konqun yarımmuxtar ərazi kimi azadlığına son qoymaq üçün istifadə edəcəyi sarıdan narahatlıq var. Trump isə ABŞ-ın bu qanuna sərt reaksiya verəcəyini demiş, amma detalları açıqlamamışdı.
Trump-ın Birləşmiş Ştatların Honq Konqa verdiyi iqtisadi imtiyazlara son qoymaq səlahiyyəti var, ancaq bunu edib-etməyəcəyi bəlli deyil. Prezident hədəfli sanksiyalar, yeni tariflər, yaxud Çin şirkətlərinə əlavə məhdudiyyətlər də elan edə bilər.
Çinin Milli Xalq Qurultayı mayın 28-də sözügedən qanunu təsdiqləyib. Bu qanun vətənə xəyanəti, devirməni, ayrılmanı, xarici müdaxiləni qadağan edir. Həmçinin Pekinə Honq Konqda etirazları önləmək üçün təhlükəsizlik agentliklərinin filiallarını qurmağa icazə verir.
Çin rəsmiləri qanunun şəhərin sabitliyi və rifahını gücləndirəcəyini deyir.
Bu qanun Honq Konqda etirazlara səbəb olub.

Mənbə: www.dia.az