“Doğma dilini bilməyən o məmurlar etimadı doğrulda bilməz”

“Doğma dilini bilməyən o məmurlar etimadı doğrulda bilməz”

Çox gözəl bir deyim vardır ki, “əgər bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə onun dilini əlindən al”. Bu fikir tam doğrudur və insanlıq yaşadıqca qüvvədə olacaq bir aksiomadır. Dünyada mövcud olan çox azsaylı xalqların özlərinin dövləti və o dövlətin rəsmi şəkildə bütün dünya tərəfindən tanınaraq qəbul edilən ana dili vardır. Buna görə biz dahi şəxsiyyətlərimizə borcluyuq. Dünən 102 yaşını qeyd etdiyimiz müstəqil və doğma Azərbaycanımızın həm də, müqəddəs Azərbaycan dili vardır. Azərbaycan özünün mövcudluğu tarixində nə qədər keşməkeşlər və məhrumiyyətlərlə qarşılaşmışdırsa, onun dili də daim eyni təhlükələrlə üz-üzə qalıb.

Bu gün, Azərbaycanın beynəlxalq aləmdə dövlət olaraq pasportu rolunu oynayan Konstitusiyamızın 21-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”. Konstitusiya qəbul edilərkən müvafiq komissiyanın tərkibində gərgin müzakirələrin getdiyi və rəsmi dillə bağlı fərqli təkliflərin olduğu hər birimizə məlumdur. Lakin, o da məlumdur ki, o zaman Konstitusiyamızın müəllifi olan ümummilli lider Heydər Əliyev bütün fikirlərə qarşı çıxaraq müstəqil Azərbaycan dövlətinin və Azərbaycan xalqının rəsmi dilinin məhz “Azərbaycan dili”nin olması zərurəti ilə bağlı qətiyyətli mövqe ortaya qoymuşdu. Çox təəssüflər olsun ki, bu gün ölkəmizdə kifayət qədər yüksək vəzifə sahiblərinin bir çoxu, dilimizlə bağlı bu cür tarixi hadisələri ciddiyə almadıqları və dilimizin özünə də hörmətsiz yanaşdıqları onların doğma dilimizdə ikrah hissi yaradan danışıq tərzlərindən də açıq şəkildə görünməkdədir. Cənabların bir çoxu danışmaq yox, hətta üzündən belə oxumaqda ciddi çətinlik çəkir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə keçirilən həmin vəzifəli şəxslərimizin də bəzilərinin iştirak etdiyi, digərlərinin də mətbuatdan izlədiyi Azərbaycan Gənclərinin I Forumunda onun bəzi fikirlərini xatırlamaq yerinə düşər. “Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini, ingilis dilini, fransız dilini, ərəb və fars dillərini mənimsəsin, öyrənsin. Bu lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatçılıqla göstərişlər verdim ki, rus dilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini, Füzulini, Nəsimini, Vaqifi, Sabiri, C.Məmmədquluzadəni və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməzsə, o, tarixini bilməyəcək, onları oxuya bilməsə, mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, Onda milli vətənpərvərlik duyğuları olmayacaq”.

Belə olan halda, bu sual haqqlı olaraq insanı düşündürür ki, o zaman deyilən fikirlərdən heç bir nəticə çıxartmayan aralarında ölkədə ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına rəhbərlik edən şəxslərin də olduğu bəzi yüksək vəzifəlilər, bu gün ölkənin Prezidenti və Birinci vitse-prezidentindən niyə nümunə götürə bilmirlər?! Məlum səbəblərdən gəncliyinin bir hissəsi Moskvada keçən, ali təhsilini də orada rus dilində alan və hələ Sovetlər dövründə rus dilindən savayı ingilis dilini də mükəmməl şəkildə öyrənən Prezident İlham Əliyevin saatlarla Azərbaycan dilində rəvan, bəlağətli və məntiqi fikir ardıcıllığı ilə danışması ilə yanaşı, düşmən dövlətin rəhbəri ilə Münhen Konfransındakı debat zamanı ingiliscə danışıqlarındakı müqayisə olunmaz fərqlə Paşinyanı beynəlxalq gülüş obyektinə çevirən qürurverici məqamlar və eyni zamanda ayrı-ayrı tədbirlərdə onların rus dili biliklərində olan intəhasız uyğunsuzluğun olması da bizimkilərdə hansısa stimul yarada bilmir? Ölkə başçısı ilə yanaşı, demək olar ki, anoloji həyat yolu keçmiş Birinci vitse-prezident Mehriban Əliyevanın da rus və ingilis dillərilə bərabər Azərbaycan dilində yüksək səviyyəli nitqə və diksiyaya malik olması ölkəmizin gənc və bacarıqlı kadr korpusunun həyat yoluna və karyerasına əhəmiyyətli təsir göstərsə də çox təssüflər olsun ki, görünür bəziləri hələ də bu təsirdən kənarda qalmamaqda maraqlı deyillər.

Son olaraq qeyd edim ki, ölkə gündəmində və ayrı-ayrı mötəbər tədbirlərdə dogma dilimizdə danışıqları ilə insanlarımızda hiddət doğuran, özlərini gülüş obyektinə çevirən həmin şəxsləri ulu öndərin tövsiyələrinə riayət etməyə, ölkə başçısının və I vitse prezidentin nümunələrində ciddi nəticə çıxarmağa, Azərbaycan dilini lazımi səviyyədə öyrənməyə çağırıram. Çünki zənnimcə, dogma dili qarşısında məsuliyyətini dərk etməyənlər onlara göstərilən heç bir yüksək etimadı doğrulda bilməzlər.

Siyasi şərhçi Xəyal Bəşirov

Mənbə: qafqazinfo.az