"The Guardian" qəzeti Ermənistandan yazıb - Dezinformasiya yayırlar…

"The Guardian" qəzeti Ermənistandan yazıb - Dezinformasiya yayırlar…

Böyük Britaniyanın və eləcə də dünyanın ən böyük media orqanlarından biri olan “The Guardian” qəzetinin veb-səhifəsində Ermənistanla bağlı məqalə yayımlanıb.
Yeniavaz.com xəbər verir ki, məqalədə ABŞ hökumətinin Ermənistanda koronavirus pandemiyası haqqında dezinformasiya yayan bir veb saytı maliyyələşdirdiyi bildirilir.

“The Guardian” yazır ki, ABŞ Dövlət Departamentinin maliyyə yardımı ilə fəaliyyət göstərən “medmedia.am” adlı veb saytı insanları gələcək peyvənd proqramlarından imtina etməyə çağırır.

“Medmedia.am” saytında yer alan məqalələrdə “Covid-19”u saxta pandemiya adlandırılır. Saytda yer alan yazılarda qeyd olunur ki, Ermənistanda ölən şəxslərin ailələrinə pul təklif olunur və bundan sonra ölüm səbəbi kimi yalandan koronavirus göstərilir.

“Medmedia.am” saytı Erməni Gənc Həkimlər Birliyi adlı bir təşkilat tərəfindən qurulub.

“The Guardian” qəzeti məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə sual ünvanlayıb. Dövlət Departamenti ayrılan qrantın həcmi və ya onun araşdırılması prosesi ilə bağlı sualları şərh etməkdən imtina edib.

ABŞ-ın Ermənistandakı səfirliyinin veb-saytında yerləşdirilən bir yazıda isə Demokratiya Komissiyasının Kiçik Qrant Proqramı çərçivəsində Ermənistandakı QHT-lərə 50 000 dollara qədər qrant ayrıldığı qeyd olunub.

Mənbə: www.yeniavaz.com