Xaricdə akademik, professor adı alanların işi araşdırıla bilər...

Xaricdə akademik, professor adı alanların işi araşdırıla bilər...

İlqar Orucov: “Elmi dərəcəsi olmayan elə adamlar var ki, bu cür akademiyaların üzvüdürlər”

Bu gün Azərbaycan elmində saxta yollarla alimlik dərəcəsi alan, “professor”, “müxbir üzvü”, “akademik” kimi böyük elmi adlara, titullara yiyələnənlər az deyil. Elm aləminə bələd olan insanlar yaxşı bilirlər ki, bəzi ölkələrdə qurulan özəl elm mərkəzlərində, akademiyalarda tamam başqa proseslər gedir. Bu mərkəzlər özlərini tanıtmaq, təbliğ etmək üçün bir qədər ucuz yol tutublar.

Gizlin deyil ki, bu akademiyalar, mərkəzlər başqa ölkələrin alimlərinə “professor”, “müxbir üzvü”, “akademik” titulu ixrac etməklə məşğuldurlar. Bu gün müxtəlif xarici ölkələrin böyük elmi mərkəzlərinin üzvü olanlarla, o qurumlara professor, akademik seçilənlərlə yanaşı, bu titulları pul müqabilində alanlar da var. Yəni xaricdə “professor”, “akademik” diplomu alanların bir qismi bunu pul ödəməklə əldə edib. Azərbaycana “professor”, “müxbir üzvü”, “akademik” elmi adları ixrac edən ölkələr, təbii ki, elmtutumlu ölkələr deyil, onlar elm sahəsində geridə qalmış ölkələrdir.

AMEA sistemində vəzifə tutan şəxslərdən birinin verdiyi məlumata görə, son dövrlər Ali Attestasiya Komissiyası da bu halla mübarizə ilə bağlı bir sıra şərtləri sərtləşdirib.

“Bunlar ictimai qurumlardır və onların verdiyi elmi adların, əslində, heç bir elmi çəkisi yoxdur”

Məsələyə münasibət bildirən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov baki-xeber.com-a bildirdi ki, bu çox ciddi problemdir. “Azərbaycanda bu kimi hallara az da olsa rast gəlinir. Nyu-York Elmlər Akademiyasının, yaxud başqa akademiyaların müxbir üzvü, yaxud həqiqi üzvü kimi adlar alanlar var. Siz deyirsiniz ki, bu adları elmtutumlu ölkələr vermir. Əksinədir. Bilirsiniz ki, Amerika dünyada elmtutumlu ölkələrdən biridir və elm sahəsində öndə gedən ölkələrdəndir. Bu elmi qurumlar ictimai əsaslarla fəaliyyət göstərən təşkilatlardır. Bunlar ictimai qurumlardır və onların verdiyi elmi adların, əslində, heç bir elmi çəkisi yoxdur. Onlar, sadəcə olaraq, bu adları verirlər. Məsələn, Nyu-York Elmlər Akademiyasının müxbir üzvü, yaxud həqiqi üzvü adını almaq elə də çətin deyil, burada çox kiçik prosedur qaydaları var, üzvlük haqqı mövcuddur, insanlar ora üzvlük haqqı ödəyib bu qurumun müxbir, yaxud həqiqi üzvü olurlar. Bilirsiniz ki, akademiyalar dünyada klublar şəklində fəaliyyət göstərirlər. Əslində, Azərbaycan Milli Elmlər Akademiyası da sovetdən qalma bir qurumdur. Bu gün onunla bağlı elm adamları arasında ziddiyyətli fikirlər var. Dünyanın əksər ölkəsində elm akademiyada deyil, universitetlərdə mövcuddur, ali məktəblərdə inkişaf edir. Sonrakı mərhələdə cəmiyyətə transfer olunur. Azərbaycanda isə akademiya sovetdən qalma bir qurum kimi qalır. Hətta deyim ki, keçmiş sovet ölkələrinin bəzilərində akademiyalar ləğv olunub və həmin ölkələrdə də dövlətin elm siyasətini həyata keçirən qurum kimi müəyyən təşkilatlar yaranıb”.

İ.Orucov hesab edir ki, hansısa insan dünyanın tanınmış akademiyasının professor, müxbir və həqiqi üzvü olmaq istəyirsə, buna nail olmaq üçün belə bir addım atır, həmin müəssisələrə üzvlük haqqı ödəməklə ora üzv olur: “Müəyyən üzvlük haqqı müqabilində onların o akademiyalarda, mərkəzlərdə üzvlükləri təmin olunur. Hər il də o müəssisələrə üzvlük haqqı ödəyirlər. Bunların isə heç bir sanbalı, elmi çəkisi yoxdur. Bunlar elə-belə adlardır və çox adam o qurumlara üzv olub adlar alır, hesab edirlər ki, professordurlar, müxbir üzvü və həqiqi üzvlərdir. Əsl elm adamları bu cür adlar alanları, əslində, ciddi elm adamları hesab etmirlər. Elmi dərəcəsi olmayan elə adamlar var ki, bu cür akademiyaların üzvüdürlər. Yəni bu kimi hallar mövcuddur və bu, Azərbaycan kimi ölkələr üçün bir şan-şöhrət məsələsidir. Mən inanmıram ki, hansısa Almaniya alimi gedib belə adlar almaq üçün hansısa akademiyaya, mərkəzə pul ödəsin, üzvlük haqqı versin. Bunlar formal təşkilatlardır və onlar bu cür yollarla pul qazanırlar. Belə qurumların hətta Azərbaycanda da nümayəndəlikləri var. Məsələn, belə bir təşkilat vardı - Beynəlxalq Elmlər Akademiyası. Düzdür, buranın üzvləri həqiqi elm adamları idilər. Amma onlar ictimai qurumlardır və heç bir gücü yoxdur” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com