Ermənilər milli irsimizi dağıtmağın məsuliyyətindən qaça bilməyəcək - Prezident bütün cinayətlərin sənədləşdirildiyini dedi...

Ermənilər milli irsimizi dağıtmağın məsuliyyətindən qaça bilməyəcək - Prezident bütün cinayətlərin sənədləşdirildiyini dedi...

“...Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağıdılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən, dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur”.

Bu fikirləri mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev deyib.

Ermənilır tərəfindən dağıdılmış bütün milli irsimizin sənədləşdirilməsinin əhəmiyyəti nədir?

Fərhad Quliyev: “Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinə aid dağıdılmış abidələrin sənədləşdirilməsi işinə dövlət başçısı tərəfindən xüsusi önəm verilməsi çox mühüm hadisədir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev baki-xeber.com-a açıqlamasında dedi ki, erməni vandalizminin qurbanı olan milli irsimizin sənədləşdirilməsinin bütün mənalarda əhəmiyyəti böyükdür: “Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinə aid dağıdılmış abidələrin sənədləşdirilməsi işinə dövlət başçısı tərəfindən xüsusi önəm verilməsi çox mühüm hadisədir. Ümumiyyətlə, ölkə başçısı İlham Əliyevin mədəni

irsimizlə bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşdığının və bu sahəni öz fəaliyyətində diqqət mərkəzində saxladığının bir daha şahidi oluruq.

Azərbaycanın zəngin mədəni irsini əks etdirən tarixi abidələrimiz Ermənistan ərazisində çoxluq təşkil edir. Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər,

Əfşarlar, Qacarların mədəni irsi indiki Ermənistan ərazisində geniş şəkildə öz əksini tapıb. Qeyd olunanların heç biri erməni xalqının mədəni irsi deyil. Erməni tədqiqatçılarının bu abidələrin tarixi varlığına son illər ərzində sahib çıxmaq niyyətləri kəskin şəkildə dünya elmi ictimaiyyətinin tənqidinə səbəb olub. Artıq Ermənistan ərazisində mövcud mədəni irsin mahiyyəti və etnik mənsubiyyəti ilə bağlı ciddi elmi nəşrlərin çoxalmasını müşahidə edirik.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyana tarix və siyasət dərsi keçməsi dünya tədqiqatçılarının da marağına səbəb olub. Panel müzakirədə Avropanın tanınmış elmi-tədqiqat mərkəzlərinin, o cümlədən, əməkdaşlıq etdiyimiz Almaniyanın Maks Plank İnstitutunun mütəxəssisləri iştirak etmişlər. İrəvan şəhərinin yaranması və orta əsrlərdə bölgənin parlaq mədəni mərkəzlərindən olması faktı hazırda dünya tədqiqatçılarının marağına çevrilən məsələlərdəndir. Lakin İrəvən xanlığının mədəni irsinin məqsədyönlü şəkildə erməni hökuməti tərəfindən dağıdılması faktları məsələ ilə bağlı müzakirələrə son qoymaq və region tarixinin tam bir qatının məhv edilməsinə yönəlib. Həmçinin, burada ölkənin saxta tarixinin formalaşdırılması məqsədi güdülür. Bir neçə dəfə beynəlxalq konfranslarda xarici arxeoloqların dilindən təəssüf hissi ilə Ermənistanda qazıntılar zamanı baş verən hadisələri qeydə almışam. Belə ki, Ermənistanda arxeoloji abidələrin öyrənilməsi zamanı tez-tez qədim yaşayış yerlərinin üst qatında orta əsrlər dövrünə aid arxeoloji mədəni təbəqənin mövcudluğu qeydə alınıb. Elmi qaydalara uyğun olaraq, abidənin ilk üst qatı hətta tədqiqatçının tədqiqat dövrü olmasa belə, dəqiq öyrənilməli idi. Lakin Ermənistanda bu qaydalara əməl olunmur. Bölgənin orta əsrlər dövrü mədəniyyəti öyrənilmir. Həmin mədəni qat yatımı dağıdılır. Abidələrin öyrənilməsinə olan belə münasibət son illərdə Ermənistanda çalışan xarici tədqiqatçıların qəzəbinə səbəb olub. Konkret olaraq qeyd olunan dövrün mədəni irsinin öyrənilməsi və qorunması məsələsi Ermənistanda qeyri-rəsmi olaraq qadağan edilib.

Amma bunu etmək mümkün deyil. Bu abidələrin dəqiq tarixi mənbələri var”.

F.Quliyev qeyd edir ki, məsələn, Tiflis İncəsənət Muzeyində XX əsrin əvvəllərində İrəvanın azərbaycanlı sakinlərinin fotoları, həmçinin, rəsmlər, o cümlədən, İrəvan sarayının şəkli qorunub saxlanır. “Həmçinin, keçən ilin sentyabr ayında Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı möhtəşəm bir sərgi təşkil olunub. Sərgidə İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunub. Bəs bu ölkə XVI-XIX əsrlərə aid mədəni irsi hara yoxa çıxarıb? Xanlıq paytaxtının saray kompleksləri, çoxlu sayda memarlıq incisi olan karvan saraylar özü də müstəqil və dövlətli xanlığın maddi mədəniyyəti – irsin məhv edilməsi siyasəti çərçivəsində və tarixi yaddaşın yox edilməsilə yer üzündən silinib. Bu baxımdan ermənilər tərəfindən dağıdılmış milli irsimizin sənədləşdirilməsi məsələsi xalqımızın mədəni irsinin bir hissəsi kimi gələcək nəsillərin yaddaşında xüsusi yer tutmasına xidmət edir. Eyni zamanda, bütün rəsmi və qeyri-rəsmi beynəlxalq tədbirlərdə ictimaiyyətin nəzərinə və diqqətinə çatdırılması baxımından çox vacibdir. Sənədləşdirilmiş materialların səviyyəli təqdimatı nəticədə qonşu ölkənin mədəni irsə olan münasibətini və siyasi məqsədlər güdən yalançı tarixin formalaşdırılmasını göstərə biləcək. Belə bir əhəmiyyətli layihənin baş tutması ziyalılarımızın ən vacib arzularından biri idi” - deyə F.Quliyev qeyd etdi.

Rizvan Hüseynov: “Sözsüz ki, bu çox əhəmiyyətli məsələdir”

AMEA-nin Hüquq və İnsan Haqlari İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi mərkəzinin sədri Rizvan Hüseynovun fikrincə də sənədləşmənin əhəmiyyəti böyükdür: “Sözsüz ki, bu, çox əhəmiyyətli məsələdir və cənab Prezident buna çox məqamında toxunub. Ona görə ki, bu prosesə qədər erməni işğalında olan milli irsimizin sayı-hesabı bilinməyib, maddi-mədəni sərvətimizin miqyası müəyyən olunaraq qeydiyyata alınmamışdı. Bu istiqamətdə işlərin aparılması vacib idi”.

Bununla belə, R.Hüseynov hesab edir ki, bu sənədləşmə əsasında tədqiqatlar aparılmalıdır: “Burada, ilk növbədə, əsas sənəd kimi Çar Rusiyasına aid arxiv sənədləri götürülməlidir. O dövrdə rus alimləri Azərbaycana və Qafqazın digər bölgələrinə ekspedisiyalar təşkil edirdilər. O cümlədən də İrəvan qəzasına və azərbaycanlıların tarixən yaşadıqları vilayətlərə ekspedisiyalar göndərilirdi. Bu ekspedisiyalar haradakı azərbaycanlılar çoxluq təşkil edirdilər, orada aparılırdı. Burada həm etnoqrafik tədqiqatlar aparılır, həm abidələr siyahıya alınır, həm də yerli əhalidən məlumatlar toplanırdı. Həmçinin də bizim milli irsimiz olan xalçalarımız, silahlarımız və mədəniyyətimizə aid olan digər artifaktların ən gözəl nümunələri toplanıb Tiflisdəki Milli Muzeyə, yaxud Peterburqa, Moskvaya, Rusiyanın digər mərkəzi yerlərinə aparılırdı. O nümunələrin əksəriyyəti əlçatandır və onları tədqiq etmək olar. Eyni zamanda da o dövrə aid olan xəritələrdə müasir Ermənistan ərazisində Azərbaycana aid toponimlər var.

XIX əsrdə bir sıra ciddi nəşrlər vardı. “Faktı Qafqazskoy arxeologiçeskoy komissiyi”, 11-12 cildlik nümunələr vardı və hərəsində 1000-dən artıq sənəd əks olunmuşdu. Bu bir arxiv toplusudur, çox zəngin sənədlərdir. Sonra 138 cilddən artıq Qafqazla bağlı statistik məlumatlar toplusu da var. Bütün arxiv sənədlərinə istinadən deyə bilərik ki, müasir Ermənistan ərazisi bizim abidələrlə zəngindir. Çar Rusiyası və SSRİ-nin ilkin dövrlərində olan tədqiqatlardan istifadə edərək, görülən işlərin davamı kimi böyük bir araşdırma aparmaq olar. Ermənilər tərəfindən dağıdılmış bütün milli irsimizin sənədləşdirilməsinin həyata keçirilməsinin böyük tarixi əhəmiyyəti var”.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com