Vəhşilərin tərbiyəsi

Vəhşilərin tərbiyəsi

Bakıda Yeni Bulvarın kifayət qədər yaşıl otluq ərazisi var. Lap insanın könlündən otluğa uzanmaq, süfrə açıb piknik etmək keçir. Di gəl ki, ürəyindən keçəni reallaşdıranda da ərazinin polis və mühafizə xidməti bunun qadağan olduğunu bildirərək vətəndaşı oturduğu otun üstündən qaldırır. Səbəbini soruşduqda da məntiqli açıqlama verə bilmirlər, əmr qulu olaraq dəfələrlə “olmaz, belə tapşırılıb” bildirirlər. Özüm üçün təhlil etdiyim “niyə”-sini sizlərlə də bölüşmək istəyirəm.

İlk diqqətimi çəkən Yeni Bulvar ərazisinə maşınla girişin pullu olması idi. Vətəndaş olaraq məndə sual yaranır ki, dövlət ərazisi olan, qaraj və xüsusi nəzarət xidməti olmayan, hər tərəfi kameralarla dolu ərazi üçün niyə giriş pullu olmalıdır ki?

Elə başlayaq dövlət ərazisi fikrindən. Fikirlərimi aydın izah etmək üçün bir az geniş rakursdan yanaşmalı olacam. Müşahidələrimə əsasən, bizim insanımız dövlət və hakimiyyət anlayışını, adətən, səhv salır, açıqlamağa borcluyam ki, dövlət müəyyən ərazi daxilində yaşayan xalqın yaşadığı ərazinin təbii sərvətlərindən, onların verdiyi vergilərdən toplanan büdcəni idarə edərək həmin xalqın yaşayış səviyyəsini, təhlükəsizliyini qoruyan strukturdur. Süqut etmədiyi müddətcə dövlət qalıcıdır, lakin o dövləti idarə edən hakimiyyət dəyişə bilir. Yəni dövlət xalq üçün yaradılıb və demokratik cəmiyyətlərdə xalq o dövləti xalqın maraqlarını, rifahını üstün tutacaq, yaxşı şəkildə idarə edə biləcək adamları seçib onlara hakimiyyət verir ki, işlər rahat olsun. Yəni dövlət ərazisi dedikdə kiminsə şəxsi mülki yox, xalqa məxsus, istifadəsi üçün nəzərdə tutulan ərazi başa düşülməlidir. Xalqın ərazisi əgər xalqın pulu ilə abadlaşdırılır, təmir edilirsə, niyə vətəndaş təmirdən sonra pul ödəyərək həmin ərazidən istifadə etməlidir? Təmir xalqın yaxşı səviyyədə istirahət etməsi üçündür, ya kommersiya məqsədilədir? İndi oxucuların bəziləri düşünə bilər ki, əşi, sənin 1-2 manatınla guya büdcə dolub-daşır ki? Problem də məhz bu düşüncədədir. 1-2 manat çox az, bəsit görünə bilər, lakin əhalinin sayını və fərqli-fərqli sahələrdə tələb olunan 1-2 manatları nəzərə alsaq, kifayət qədər böyük məbləğdir. Vətəndaşın nəzarət etmədiyi 1-2 manatlar hansısa məmurun, məmur balasının milyonluq saatları, maşınlarıdır.

İkinci məsələ isə insanlara adi otun belə qadağan edilməsidir: baxa bilərsən, amma toxuna bilməzsən deməkdir. Bu, mənə valideynlərin uşaqlarına alınan oyuncaqların onlara verilməməsini və “indi qırarsan, dəymə, böyüyəndə oynayarsan” səhnəsini xatırladır. Azərbaycanlı valideynlərin övladları üzərində hakimiyyəti və onlara münasibəti ilə yerli hakimiyyətin vətəndaşa münasibəti bir-birinə çox oxşayır. Mənə elə gəlir ki, yerli hakimiyyət vətəndaşı bir növ hələ qanmayan, necə rəftar etməli olduğunu bilməyən, deviant davranış sərgiləyən uşaq kimi görür. Ona görə də onun üçün olan şeyləri də ona qadağa edir. (Oxucu düşünə bilər ki, mətnin yuxarı hissələrində deyirsən ki, xalq idarə etmək üçün hakimiyyət seçir, amma valideyn uşaq nümunəsində isə uşaq valideyni seçə bilmir axı. Orada “demokratik” sözü işlətmişəm, yəni demokratik cəmiyyətlərdə xalq özü seçir, özü seçəcək qədər inkişaf edir. Bizim kimi cəmiyyətlər isə özü seçəcək qədər inkişaf etməyib, mən və mənim yaşımdakı və daha balaca nəsil gözünü açandan eyni şəkildə idarə olunan sistemin içərisində olmuşuq, seçə biləcək iqtidarda olmamışıq. Ona görə də mənim üçün bu, tipik valideyn-uşaq münasibətini xatırladır.)

Hər bir xalqın görünən idarə edicisi xalqdan daha yüksək səviyyədə olur. Despotluq, avtoritarlıq özü utanılacaq bir şeydir, geridə qalmışlıqdır, lakin o geridə qalmışlar bu gün xalqdan daha müasir, inkişaf etmiş görünürlərsə, deməli, xalqın səviyyəsi o geridə qalmışlardan belə aşağıdır. Aydındır ki, hakimiyyətdə olan şəxslər xalqın maddi və mənəvi inkişafına, geridə qalmışlığına ciddi təsir göstərir. Yəni xalq bu gün hakimiyyətdən aşağı səviyyədədirsə, burada hakimiyyətin danılmaz rolu var, amma inkişaf xalqın öz canında da olmalıdır. Bu gün xalq “sən kimsən ki, bizim olan ərazidə istirahətimizə imkan vermirsən” deyə bilmir, təkcə ona görə yox ki, qorxur, həm də ona görə ki, özünü aparmağı bilmədiyini, dağıdıcı olduğunu bilir. Məsələn çimərlikdə, meşədə istirahət etdikdən sonra evə gedərkən öz zibillərini yığıb zibil qabına atmır, pozduğu nizamı-intizamı əvvəlki vəziyyətinə qaytarmır. Ümumi istifadə üçün nəzərdə tutulmuş hovuza işəyir, içib qurtardığı suyun butulkasını dənizə atır, yolda gedəndə siqaret kötüyündən tutmuş, saqqıza, kağıza, butulkaya qədər yola, küçəyə, nəqliyyatın içərisinə atır. Bu tipli davranan adamların uşaqları da çox zaman onlardan geri qalmır.

O valideynlərin uşaqları məktəblidir, tələbədir və onların hərəkətlərini müşahidə etmək üçün kifayət qədər fürsətim olub. Birinci kursda oxuyanda auditoriya otaqlarındakı bütün zibilqabıları karton qutulardan idi. Dəfələrlə dekan müavininə şikayət etmişdim, deyirdi, pul yoxdur. Daha sonra dekana şikayət etdim, dedi ki, mən təzə dekan seçiləndə bütün otaqlara dəmir zibil qabları qoydurmuşdum. Dərhal dedim ki, elə ancaq seçiləndə qoymaq lazım deyil, sıradan çıxdıqca yenilərini qoymaq lazımdır. Dedi ki, baxır, niyə sıradan çıxır, dəfələrlə gördüm ki, uşaqlar zibil qabını futbol topu əvəzi istifadə edirlər və mən hər dəfə onlara görə təzə zibil qabı qoyan deyiləm. Suyum süzülə-süzülə otağından çıxmışdım, adam qismən haqlı idi. Adicə tələbələr universitetdə tualetdən çıxandan sonra sifonu çəkmir, partaların altı saqqızla doludur. Hər nə qədər paradoksal olsa da, görünən odur ki, universitet rəhbərliyi tələbələrə- ali təhsil alan kəslərə vəhşi, dağıdıcı kimi baxır. Anlayıram ki, rəhbərlik bu qədər bəsit yanaşmamalıdır, tələbələrin elə dağıdıcı olmasında öz rollarını da görməlidir. Əgər tələbə universitetdən, dərslərdən zövq alsa, sevsə, belə davranmaz. Tələbə görürsə ki, tualetdən çıxanda əlini yumaq üçün su bir gün gəlib beş gün gəlmir, salfetka cəhənnəm, heç sabun yoxdur, otaqlarda gün gözlərini deşir, amma jalüzi yoxdur, o da eyni biganəliklə yanaşacaq.

İstər universitet, istərsə də ölkə rəhbərliyini üstlənən adamların işi insanları vəhşi kimi görərək cəzalandırmaq yox, dağıdıcı davranışın səbəblərini tapıb həll yolları təklif etmək olmalıdır. Bunun üçün də təhsil sistemi, ailə institutu yenidən, sağlam şəkildə formalaşdırılmalıdır. Bağçalarda şeir əzbərlətmək, “Nəsimi ili” keçirmək əvəzinə, xüsusilə ibtidai siniflər başda olmaqla məktəblilərə rəsm, musiqi, idman dərslərinin yerinə də riyaziyyat, ana dili keçməkdənsə, onlara əylənməyi, əylənərkən başqalarına mane olmamağı, nəqliyyatda, ictimai yerlərdə mədəni davranmağı, batırdığı yeri təmizləməyi öyrətmək lazımdır. Bunları sözlə, uzun-uzun leksiyalar deyərək yox, praktik göstərmək lazımdır. Bu halda insanlara nələrisə qadağa etməyə ehtiyac qalmayacaq. Hərə öz sərhədini tanıyacaq və başqalarının sərhədinə hörmətlə yanaşacaq.

Mənbə: azlogos.eu