“EU Reporter” xəbər portalında Azərbaycan haqqında məqalə yerləşdirilib

“EU Reporter” xəbər portalında Azərbaycan haqqında məqalə yerləşdirilib

Brüssel, 29 may, AZƏRTAC

Avropanın nüfuzlu “EU Reporter” xəbər portalında Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəsi, səfir Fuad İsgəndərovun “Azərbaycan – döyüş meydanından regionlararası layihələrin qovşağına” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, 28 May - Respublika Günü münasibətilə dərc edilən məqalədə Azərbaycanın tarixinə və müasir dövrünə nəzər salınır. Qeyd olunur ki, Avropa, Asiya, Yaxın Şərq regionlarının kəsişməsində və Rusiya, Türkiyə və İran kimi mühüm regional və qlobal güclərin əhatəsində yerləşən Azərbaycan ərazisi tarixən imperial güclərin qarşıdurma və döyüş meydanı olub. Azərbaycanda zəngin neft ehtiyatlarının kəşfindən sonra bu rəqabət daha da kəskinləşib, Birinci Dünya müharibəsi zamanı davam edib, İkinci Dünya müharibəsində isə faşist Almaniyasının Edelveys Əməliyyatı çərçivəsində Bakının neft yataqlarının ələ keçirilməsi planları ilə kulminasiya həddinə çatıb.

Bununla belə, XX əsrin əvvəllərində, Rusiya imperiyasının dağılması və Sovet İttifaqının qurulması arasındakı qısa dövrdə Azərbaycan tarixinin şanlı səhifələrindən biri açılıb, Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Cəmi 23 ay yaşayan Cümhuriyyət müsəlman Şərqi, eləcə də müasir demokratiya tarixində bir çox mütərəqqi islahatlarla yadda qalıb, milliyyəti, dini, sosial təbəqəsi və ya cinsindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər siyasi, sosial və iqtisadi hüquqlar verib. Cümhuriyyət 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğrasa da, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edib, 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi” ilə isə yenidən öz təbii sərvətləri üzərindəki suverenliyini təsdiq edib. Yeni strategiya çərçivəsində həyata keçirilən irimiqyaslı enerji infrastrukturu layihələri ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi önə çıxıb.

Məqalədə qeyd olunur ki, hazırda Azərbaycan üçün yeni bir strateji əməkdaşlıq sahəsi aktuallıq qazanmağa başlayır. Bu, Şərq və Qərb, Şimal və Cənub arasında təbii körpü olması səbəbindən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsindən irəli gələn yeni layihələrdir. Bu xüsusda Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Bakı-Tbilisi-Qars layihələrinə diqqət çəkilərək, Çin, Əfqanıstan, Mərkəzi Asiya, Körfəz regionu, Hindistan, Xəzər dənizi və Qara dəniz hövzəsini, eləcə də Avropa ölkələrini birləşdirən yeni təşəbbüslərin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sahələrinin gücləndirilməsi, yeni innovativ idarəetmə metodlarının tətbiqi, eləcə də regionda yaşıl və rəqəmli qovşaq konsepsiyalarının inkişafına şərait yaradacağı vurğulanır.

Sonda bildirilir ki, təşəbbüs göstərməyə hazır olan hər bir ölkə bütün çətinliklərdən çıxış üçün yeni yollar tapacaq.

Mənbə: azertag.az