Qobudakı göz oxşayan binalardan çox tezliklə doğma Qarabağımızda da tikiləcək

Qobudakı göz oxşayan binalardan çox tezliklə doğma Qarabağımızda da tikiləcək

Bakı, 30 may, Səadət Hakıyeva, AZƏRTAC

“Qobu Park-3” kompleksinin açılışı bir daha sübut edir ki, vətənindən didərgin düşən həmvətənlərimizin taleyi hər zaman olduğu kimi bu gün də dövlətin nəzərindədir. Həmin insanlar özlərini daim təminatlı hiss edirlər və bundan sonra da edəcəklər. Azərbaycan Prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, məcburi köçkünləri qorumaq, onların yaşayış şəraitini yaxşılaşdırmaq yürüdülən siyasətin əsas prioritetlərindən biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev deyib. Deputat diqqətə çatdırıb ki, məcburi köçkün ailələrinə olan qayğı, dəyərli soydaşlarımıza olan diqqət bizləri bir vətəndaş olaraq qürurlandırır və bu dəstəyə görə dövlətimizə və onun rəhbəri İlham Əliyevə minnətdarlığımızı bildiririk.

E.Musayev naşı siyasətçilərin ucbatından itirilən torpaqlarımızla bağlı təəssüfləndiyini də dilə gətirib: “Çox təəssüf, zamanında AXC-Müsavat hakimiyyətinin naşı siyasəti nəticəsində torpaqlarımız itirilib, xain ermənilər doğma Qarabağımızın müəyyən hissəsini işğal ediblər. Amma bu durum, bu vəziyyət müvəqqətidir və hər birimizin ümidi o amala köklənib ki, tezliklə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bir tək məcburi köçkünlərin deyil, bizim hər birimizin ən böyük arzusu reallaşacaq və hər birimiz doğma torpaqlarımıza geri qayıdacayıq”.

Müsahibimiz vurğulayıb ki, kaş ümummilli Lider Heydər Əliyev hakimiyyətə 2-3 il tez gəlmiş olaydı. Həmin vaxt ölkəyə Heydər Əliyev rəhbərlik etsəydi, bu fəlakətlər yaşanmayacaqdı və bu gün bizim Qarabağ problemimiz də olmayacaqdı. Amma heyf ki, həmin dövrdə populist və əlindən bir iş gəlməyən, yalnız yalançı vədlər verən və ölkəni uçuruma aparan AXC-Müsavat komandası hakimiyyəti qəsb edə bildi. Adətən, zəbt etdilər deyirlər, amma yox, məhz qəsb etdilər. Yerində olmayan məmurlar, işini bilməyən vəzifə sahibləri ölkəni elə günə qoydular ki, nəticədə xaos üçün ciddi və münbit zəmin yarandı. Elə bu səbəbdən də erməni qəsbkarlar və onların havadarlarının əlinə fürsət düşdü, 20 faizə yaxın torpaqlarımız işğala məruz qaldı.

“Qobudakı yaşayış kompleksləri öz gözəlliyi və keyfiyyəti ilə göz oxşayır. Sağ olsun, var olsun, dövlətimiz və onun rəhbəri. Təbii ki, bu istiqamətdə Heydər Əliyev Fondunun və onun rəhbərinin gördüyü işləri vurğulamamaq mümkün deyil. Təsəvvür edin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək. Bu komplekslərdə həm də onlar üçün iş yerlərinin açılması, məşğulluğunun təmin edilməsi təqdirəlayiqdir. Azərbaycan Prezidentin də dediyi kimi, yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Biz hamımız əminik ki, həmin bu göz oxşayan evlər və binalar çox tezliklə bizim doğma Qarabağımızda, Ağdamda, Kəlbəcərdə, Şuşada tikiləcək, eynən Cocuq Mərcanlıda olduğu kimi”, - deyə Elşən Musayev fikrini tamamlayıb.

Mənbə: azertag.az