“Yaxın dövrdə hələ infeksiyanın pik dövrünü yaşayacağıq” – Professordan SOS

“Yaxın dövrdə hələ infeksiyanın pik dövrünü yaşayacağıq” – Professordan SOS

Son bir ayda Azərbaycanda pandemiya ilə bağlı mənfi dinamika müşahidə olunur. Artıq koronavirus infeksiyası ilə bağlı xəstələnənlər sağalanları üstələyib. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu istiqamətdə qabaqlayıcı və effektiv tədbirləri isə davam edir.

Bütün bunlarla yanaşı qış mövsümündə koronavirusun ikinci dalğası istisna olunmur. Nazirlər Kabineti yanında Operativ Qərargahın ötəngünkü brifinqində TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bu açıqlama ilə çıxış edib. Qurum rəsmisi qeyd edib ki, bütün dünyada hələlik koronavirusun birinci dalğasıdır:

“Biz sadəcə, bunu mərhələli şəkildə görə bilərik. Yəni bir və ikinci mərhələ var. Qış mövsümündə ikinci dalğa istisna olunmur. Bu da mutasiya ilə əlaqəlidir. Mutasiyanın hansı istiqamətə gedəcəyi və növbəti dalğanın olması bu gün üçün sual altındadır".

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Tibb elmləri dosenti, professor Adil Qeybulla ikinci dalğanın əslində nisbi məsələ olduğunu deyib:

“Pandemiya dövrü hiperbola kimi qalxan və enən xətt üzrə hərəkət edir. Zamanında “İspan qripi” də bu cür olub. Yəni pik dövrü yaşanır, sonra proses sönür. Müəyyən bir dövrdən sonra virus yenidən alovlanır. Alovlanma dövrü əslində nisbi şəkildə ikinci dalğa, yəni yenidən yoluxma dalğası adlanır. Amma məsələ bundadır ki, koronaviruslar hər il var. 1965-ci ildə bu virusun heyvandan insana keçməsi müəyyənləşib. O dövrdən bu yana bu virus hər il var. Bu virusun tarixi boyu 3 təhlükəli ştamı olub. Ən təhlükəlisi COVID-19-dur. Payızda koronavirusun ikinci dalğasını, yaxud mutasiyaya uğramış halını görəcəyik, bunu demək çox çətindir. Amma görünən odur ki, bəşəriyyət bu ştama qarşı kollektiv imunitetin yaranması dövrünü keçəcək.

Bununla yanaşı, müxtəlif tendensiyalar mövcuddur. Məsələn, koronavirusun mənbəyi Çində başlasa da, orada virusu lokallaşdırdılar. Yaponiyada heç bir operativ qərargah, heç bir tədbirlər yaratmadan insanlar adi həyatlarını sürdü. Yalnız insanlar karantin davranışlarına riayət etdilər. Bununla da Yaponiyada ən az yoluxma və ölüm halları qeydə alındı. Amerikada bir başqa cür... Çox qəribə bir durumdu. Postpandemiya dövründə yəqin ki, bu durumların hər biri təhlil olunacaq”.

Həkim əlavə edib ki, proses bəzi ölkələrdə hələ sönməyib və alovlanmaqda davam edir:

“Elə Azərbaycanda da artıq xəstələnmə sayı sağalma sayını üstələyib. Mənfi dinamikadır. Görünən odur ki, yaxın dövrdə biz infeksiyanın hələ pik dövrünü yaşayacağıq. Hesab edirəm ki, vaksinin perspektivi var. Amma vaksin kəşf olunsa, özünü necə aparacaq, bu da sual altındadır. Bütün bu məsələləri nəzərə alsaq, birmənalı nəsə fikir bildirmək çətindir. Əlbəttə ki, bu gedişlə ikinci dalğa proqnozlaşdırılır”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info