“Rusiya Paşinyan hakimiyyətinə alternativ siyasi partiya yaratdı”

“Rusiya Paşinyan hakimiyyətinə alternativ siyasi partiya yaratdı”

Rusiya Ermənistanda addım-addım Paşinyan hakimiyyətini əvəz edəcək siyasi qüvvəni formalaşdırır və faktiki olaraq ötən ilin sentyabrından buna start verib.

Sarkisyan və Koçaryan elektoratının zəifliyi və hər iki keçmiş ölkə başçısına erməni cəmiyyətində olan antipatiyanı bilən Kreml, Paşinyan və komandasının mahiyyət etibarı ilə Qərbə bağlı olduğunu bilsə də, “ məxməri inqilab”çıları tezliklə əvəz edəcək real siyasi qüvvənin hələ formalaşmadığının da fərqindədir. Baxmayaraq ki, Rusiyanın Paşinyan hakimiyyətinə təzyiq variantları çoxdur, amma Rusiya burda birbaşa rol oynamasından çəkinir. İstər iqtisadi baxımdan, qaz və yanacaq təminatı baxımından Ermənistanı diz çökdürmək Rusiya üçün asan olsa da, RF rəhbərliyi ölkəsinin birbaşa təzyiq etməkdə rol almasının erməni cəmiyyətini qıcıqlandıracağını, daha çox anti Rusiya əhval-ruhiyyəsini yaradacağını və fəsadlarla nəticələnəcəyini bildiyindən ehtiyat edir. Qarabağ cəbhəsində də Rusiyanın ən azı loyallığı və hətta köməyi ilə uğurlu döyüşlərin başlanmasının Azərbaycanın mövqeyini gücləndirəcəyini, yenə də aprel döyüşlərindən sonra olduğu kimi Ermənistanda anti Rusiya ovqatının artacağını bildiyindən bu istiqamətdə də təsir etmək niyyətində deyil.

Paşinyan hakimiyətinə alternativ yeni siyasi qüvvəni formalaşdırmaq və növbəti seçkilərə hazırlaşmaq siyasəti isə Rusiyanı daha çox marağındadır. Keçən ilin sentyabr ayında gözlənilmədən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan istefa verib çıxan zaman da qeyd etmişdik ki, 2000-ci illərdə Moskvada FTX-nın ali məktəbində təhsil almış və Rusiyaya çox bağlı olan bu gənc xüsusi xidmət orqanı əməkdaşının perspektiv planları siyasi partiya yaratmaq olacaq. Elə də oldu.

"Hraparak" qəzeti xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan Hayrenik( Vətən) partiyasına rəhbərlik edəcək.

Qərar fövqəladə vəziyyətdə, məhdud tərkibdə keçirilən partiya qurultayında qəbul edilib. Partiyanın idarə heyəti də seçilib, onun tərkibinə Vanetsyanın da daxil olduğu 9 nəfər daxil olub.

Vanetsyan hələ 2020-ci ilin fevral ayında siyasi partiya yaratmaq niyyətini açıqlamışdı. Öncə o, əvvəlki hökumətin bir neçə nümayəndəsi ilə birlikdə təhsil məsələləri, vətəndaşlara hüquqi məsləhətlər verməklə məşğul olan “Ayrenik” Fondunu təsis etdi, lakin tədricən fondun partiyaya çevrildiyi aydın oldu. Yeri gəlmişkən, o, müxalif mövqedə olmaq niyyətini artıq açıqlayıb.

 

Vanetsyanın partiyası sürətlə elektoratını artırıb, Paşinyan hökümətinin səhvlərindən yararlanmağa çalışacaq. Qarabağ klanının da gizli şəkildə ona dəstək verməsi ehtimal olunur. Məqsəd, hətta fors-major situasiyaya hazır olub, seçki vaxtını gözləmədən hakimiyyətə iddiasını ortaya qoymaqdır.

Moderator.az

Mənbə: moderator.az