Trampın sosial şəbəkələrlə bağlı qərarı: İlginc məqamlar - Elçin Mirzəbəyli

“Məlum olduğu kimi 2020-ci il mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzalayıb. Mahiyyət etibarilə, sərəncamda nəhəng sosial media şirkətlərin öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyduqları və bununla da “təhlükəli güc” tətbiq etdikləri qeyd olunur. Sərəncama görə, “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə münasibətdə selektiv yanaşmalar tətbiq edirlər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib.

Partiya rəsmisi ABŞ prezidentinin məlum qərarı təsadüfən imzalamadığını bildirib:

“ABŞ Prezidenti hesab edir ki, “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur. Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir. Onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər. Bütün bunlar isə, ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır. Çünki onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir;

ABŞ Prezidentinin sərəncamı, ilk növbədə milli dövlətlərə, insanların şəxsi həyatlarına, qlobal sabitliyə, sülhə təhdid yaradan təhlükəyə qarşı atılan addım kimi dəyərləndirilməlidir. Qənaətimə görə, Donald Trampın bu addımı onun 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışının davamıdır. Xatırladım ki, həmin çıxışında ABŞ Prezidenti milli suverenitetin və vətənpərvərliyin əhəmiyyətindən söz açmışdı və qeyd etmişdi ki, azad dünya öz milli köklərinə dəyər verməli, onları silməyə, əvəzləməyə çalışmamalıdır. ABŞ Prezidentinin sözügedən çıxışında gələcəyin qlobalçılara deyil, vətənpərvərlərə mənsub olduğunu bəyan etməsi isə, düşünürəm ki, onun son addımını əsaslandıran ən önəmli məqamlardan biridir. Kimsəyə sirr deyil ki, sosial şəbəkələr yarandıqları gündən ayrı-ayrı iqtisadi-siyasi mərkəzlərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirib, ayrı-ayrı ölkələrin siyasi sistemlərinə, ictimai rəyinə müdaxilə etməklə, onları xaosa, vətəndaş qarşıdurmasına sürükləyib, nifrətin, aqressiyanın, terrorizmin çiçəklənməsinə zəmin yaradıblar. Sosial şəbəkələrin nəinki milli dövlətlərin, hətta BMT kimi dünyada sülhə, əminamanlığa təminat verən qlobal təsisatların təsir dairəsindən, beynəlxalq hüququn norma və prinsiplərindən, milli qanunvericilikdən, məsuliyyətdən kənarda əlahiddə hüquqa sahib olmaları bu gün dünyada mövcud olan bir çox problemlərin əsas səbəblərindən biri və bəlkə də birincisi kimi qiymətləndirilə bilər”.

Elçin Mirzəbəyli qeyd edib ki, sosial şəbəkələrin hüquqdan, qanundan kənar, heç bir hüquqi və sosial məsuliyyətin olmadığı bir məkana çevrilməsi informasiya sahəsində milli və qlobal təhlükəsizliyə ciddi təhdid yaratmaqla yanaşı, bu sahədə rəqabət mühitinin də kobud şəkildə pozulmasına, peşəkar və qanun qarşısında məsuliyyətli olan kütləvi informasiya vasitələrinin sıradan çıxmasına zəmin yaradır:

“Qeyd edim ki, məhz bu amil əsas götürülərək, təxminən 2 il öncə Avropa Şurası Parlament Assambleyasının sosial şəbəkələrdə yalnız peşəkar kütləvi informasiya vasitələrinin məlumatlarına istinad edilməsi ilə bağlı tövsiyə xarakterli qətnaməsi də qəbul olunmuşdu. Amma təbii ki, bu sənəd heç bir hüquqi təsir mexanizminə malik olmadığı üçün bu sahədə baş verən özbaşınalığın qarşısının alınmasına da hər hansı bir formada təsir göstərə bilməzdi. Məhz bu baxımdan, terrora, qarşıdurmaya, insanlıq əleyhinə cinayətlərə, milli-dini ayrıseçkiliyə, xaosa, özbaşınalığa, əxlaqsızlığa çağırış platformasına çevrilmiş sosial şəbəkələrdə baş verənlərin qarşısının alınması üçün onların fəaliyyəti, yaxud fəaliyyətsizlikləri üçün hüquqi məsuliyyət yaradan addımların atılmasına ehtiyac var idi. ABŞ Prezidentinin imzaladığı sərəncam da məhz bu hüquqi məsuliyyətin yaranmasına xidmət edir.

Donald Trampın sərəncamı, qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi baxımından da önəmlidir. Çünki mümkün deyil ki, real həyatda sən bir ölkənin vətəndaşı kimi bu və ya digər hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyasan, amma sənin eyni davranışları virtual platformalarda nümayiş etdirməyin heç bir hüquqi məsuliyyət yaratmasın. Bu hüquqi nihilzmdir və buna son qoyulması bütün bəşəriyyətin təhlükəsizliyinə, hüququn aliliyinin qorunmasına xidmət edir. Hazırda yaşadığımız qlobal pandemiya dönəmi də “qanundan kənar” virtual platformaların nə qədər təhlükəli və ziyanlı olduğunu bir daha ortaya qoydu. Düşünürəm ki, bu amil də ABŞ Prezidentinin qərarına öz təsirini göstərib”.

Partiya rəsmisi hesab edir ki, ABŞ Prezidentinin sərəncamı, eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə xidmət edir:

“Sözügedən Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, “ifadə azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. Sosial şəbəkələrdə nəinki Konvensiyanın iqtibas gətirdiyim müddəasının tələbləri yerinə yetirilmir, əksinə bu müddəa ilə tamamilə ziddiyyət təşkil edən bir fəaliyyət sərgilənir, milli qanunvericilik aktlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə ciddi maneələr yaradılırdı. Bu isə bir çox hallarda, xüsusilə də sosial şəbəkələrlə bağlı dövlətlərə öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək kimi müstəsna konstitutsion vəzifələrini yerinə yetirməyə imkan vermirdi.

Yaranmış vəziyyət sosial şəbəkələr barədə universal normativ standartların yaradılmasını zəruri edir. Çünki indiki halda bu şəbəkələr feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.

Bu baxımdan, sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələrin getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan da bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir”.

Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ Prezidentin imzaladığı sənəd, beynəlxalq müstəvidə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi mexanizmlərin yaradılmasına əsas verir:

“Bununla bağlı artıq uzun illərdir ki, müzakirələr aparılır və Azərbaycan da bu prosesdə aktiv rol alan ölkələrdən biridir. Artıq qlobal müstəvidə virtual hüquq məcəlləsinin yaradılmasına və sosial şəbəkələrin, internet resursların yayımlandıqları məkanların milli qanunvericiliklərinə uyğun olaraq fəaliyyətlərinin təmin edilməsinə ehtiyac var. Sosial şəbəkələr üzərindən milli-mənəvi dəyərlərinə sözün əsl mənasında müharibə elan edilən, bu şəbəkələr üzərindən terrorla, insanlıq əleyhinə cinayəıtlərlə təhdid olunan bir ölkənin vətəndaşı kimi, Azərbaycan xalqının mütləq əksəriyyətinin sosial şəbəkə xaosuna son qoyulmasının tərəfdarı olduğunua qətiyyən şübhə etmirəm. Bu həm milli, həm də qlobal sosial çağırışdır”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi

SONRAKI XƏBƏR

Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb