Azərbaycan Respublika Gününü İtaliya ilə birlikdə qeyd edir

Azərbaycan Respublika Gününü İtaliya ilə birlikdə qeyd edir

Bu günlərdə Azərbaycan həm Respublika Gününü, həm də İtaliya ilə sıx, çoxşaxəli əlaqələrinin qurulmasının növbəti ildönümünü qeyd edir. Bu münasibətlə Azərbaycanın Romadakı səfirliyi “Askanews” ilə tərəfdaşlıq çərçivəsində “28 Mayın Azərbaycan tarixində əhəmiyyəti və İtaliya-Azərbaycan strateji tərəfdaşlığı” mövzusunda videokonfrans təşkil edib.

Tədbiri iki ölkə arasında siyasət, enerji, ticarət və mədəniyyət kimi əsas əməkdaşlıq sahələrində inkişafa nail olunması baxımından yeni şans kimi də qiymətləndirmək olar.

İtaliya Senatının sədri Mariya Elizabetta Alberti Kasellatinin çıxışından sonra söz böyük strateji əhəmiyyətə malik regionun aparıcı dövləti olan Azərbaycanın İtaliyadakı səfiri cənab Məmməd Əhmədzadəyə verilib. “Bu gün Azərbaycan iqtisadi potensialı baxımından Cənubi Qafqaz regionunun ən güclü dövlətidir. O, təkcə özü üçün deyil, regiondakı bir sıra ölkələr üçün də strateji əhəmiyyət kəsb edən layihəl’r həyata keçirməkdədir”, - deyə diplomat bildirib.

Xarici işlər üzrə müşavir Manlio Di Stefano Roma ilə Bakı arasındakı əlaqələrə dair konkret nümunə göstərmək istədiyini deyib: “Dostluqdan söhbət düşmüşkən, Azərbaycan hökumətinə, xüsusilə prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirmək istərdim. Onlar İtaliyanın təcili tibbi yardıma ehtiyac duyduğu ən çətin məqamlarda ölkəmizin müvafiq dövlət qurumlarına çox əhəmiyyətli maliyyə yardımı etməklə, dəstəklərini, bizimlə həmrəy olduqlarını nümayiş etdirməkdən çəkinmədilər”.

Tədbirdə İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının prezidenti Rossana Boldi də çıxış edib. “Hər dəfə istər siyasi, istər ticari sahədə ehtiyac yarandıqda, Azərbaycanla İtaliya bir-birinə dəstək olur. İki ölkə arasındakı səmimi və mehriban münasibətlər davamlı xarakter daşıyır”, - deyə o, qeyd edib.

“Azərbaycan dedikdə ağla ilk olaraq enerji, neft və qaz gəlir”. Bunu isə “Snam” Səhmdar Cəmiyyətinin baş maliyyə direktoru Alessandra Pazini bildirib: “Biz enerji daşımalarını stimullaşdıran, təşviq edən, o cümlədən təbii qaz hasilatında “nou-hau” prinsipi üzrə bacarıqlarını ortaya qoyan güclü, potensiallı fiqur mövqeyindəyik”.

İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldi də İtaliya-Azərbaycan iqtisadi əlaqələrinin əhəmiyyətini vurğulayıb: “Bu əlaqələr hər zaman müsbət istiqamətli olub və burada hər zaman harmoniya hiss edilib. Bu gün bu əlaqələr xüsusi templə inkişaf etməkdədir”.

Akademik sahədə əməkdaşlıqdan sabiq ədliyyə naziri, hazırda Luiss-Quido Karli Universitetinin vitse-prezidenti olan Paola Severino danışıb: “Azərbaycandan aldığımız və məmnuniyyətlə qəbul etdiyimiz ən iddialı təklif İtaliya-Azərbaycan Universitetinin yaradılmasıdır. Bu işə cənab səfir də əlindən gələn dəstəyi verir”.

Görüşə İtaliya bayrağının rənglərilə işıqlandırılmış Heydər Əliyev Mərkəzinin görüntülərinin yayımı ilə yekun vurulub. Mərkəz koronavirus pandemiyası ilə mübarizədə İtaliyaya dəstək əlaməti olaraq belə işıqlandırılmışdı.

Mənbə: worldmedia.az