ABŞ ÇİNƏ QARŞI RUSİYA İLƏ GİZLİ SAZİŞƏ GEDƏRMİ? –Əvvəlcə maraq və şərtlər, sonra isə siyasət dəyişir - TƏHLİL

ABŞ ÇİNƏ QARŞI RUSİYA İLƏ GİZLİ SAZİŞƏ GEDƏRMİ? –Əvvəlcə maraq və şərtlər, sonra isə siyasət dəyişir - TƏHLİL

Keçən həftə Rusiyanın Əsəddən imtina etməsi barədə iddianı araşdırmış, Kremlin maraq və şərtlərinin dəyişmədiyini, beləliklə, Rusiyanın Əsədə dəstəyinin davam etdiyini qısaca xatırlatmışdıq…

Rusiyanın Əsəddən imtinası barədəki iddia ilə paralel şəkildə gündəmə salınan digər bir iddia da Rusiyanın ABŞ-la birgə “paylaşma sazişi” bağlamasıdır.

Bu gün də bu iddianı araşdıracağıq.

ABŞ və Rusiya əks cəbhələrdə

ABŞ və Rusiya Orta Şərqdə əks cəbhələrdədir və mübarizələri, qarşıdurmaları davam edir. Hətta bunun Şərqi Ağ dənizə qədər gedəcəyinin işarələri var. Hələ dünən ABŞ donanması bir açıqlama verərək, rus Su-35-lərinin Şərqi Ağ dənizdə ABŞ-a aid kəşfiyyat təyyarəsinə qarşı təhlükəli həmlələr etdiyini bəyan edib (27.05.2020-ci il).

Yəni, həm yerli, həm də qlobal ölçüdə bitən bir mübarizənin deyil, davam edən və daha da kəskinləşəcək bir toqquşmanın işarələri var.

ABŞ-ın Rusiya üçün bataqlıq hədəfi

Suriya cəbhəsi, Ukrayna cəbhəsi kimi, ABŞ ilə Rusiya arasındakı münaqişənin bir parçasıdır.

Əlbəttə, demək olar ki, hər cür münaqişənin son mərhələsində yaxşı bir saziş bağlanır. Ancaq münaqişənin davam edən təbiəti ilə, hələ ki, belə bir sona yaxınlaşılmayıb. Hələ ortada “paylaşma” prosesi də yoxdur.

Əksinə, ABŞ-ın Suriyanı Rusiya üçün bataqlığa çevirmə təklifi var. ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri bunu açıq-aşkar dilə gətirib: “Suriyadakı hərbi varlığımızı davam etdirəcəyik və məqsədimiz Rusiya üçün Suriyadakı müharibəni “ölü nöqtə” halına gətirməkdir” (14.05.2020-ci il).

Xülasə, “ABŞ-ın Çinə yönəlməsi üçün Orta Şərqi Rusiyaya buraxması” iddiası əşyanın təbiətinə ziddir.

ABŞ Orta Şərqdən, gec-tez, çəkiləcək (hissə-hissə çəkilir), ancaq bu, bölgənin müqaviməti ilə olacaq, Rusiya ilə saziş bağlamaqla yox!

Rusiya-İsrail əməkdaşlığının yaratdığı narahatlıq

Üstəlik, ABŞ hegemonluğu tənəzzülə uğrayır və ABŞ müdafiədədir – Orta Şərq digər bir yönü ilə hələ ABŞ-ın Çinə və Rusiyaya qarşı müdafiə xəttidir.

ABŞ Dövlət katibi Mayk Pompeonun 8 saatlıq İsrail səfəri “İlhaq planı”nı müzakirə etməkdən daha çox, ABŞ-ın Çin-İsrail əməkdaşlığından duyduğu narahatlığı bildirmək üçün idi. Pompeo “İsrailin Çinlə əməkdaşlıq etməsi Vaşinqtonun Təl-Əvivlə önəmli layihələrdə çalışmasını təhlükəyə atır” deyə, bildirmişdi (14.05.2020-ci il).

Çox yox, cəmi 2 həftə sonra bu hadisə yaşandı: “İsraildə, təxminən 1,5 milyard dollara başa gələcəyi gözlənilən dəniz suyu təmizləyici qurğusunun yaradılması üçün tenderdə son iki sırada iştirak edən Çin firması ABŞ-ın təzyiqi səbəbindən tenderdən çəkildi” (27.05.2020-ci il).

Başqa sözlə, ABŞ Kəmər və Yol Təşəbbüsünün Yaxın Şərqdə əlaqəsini kəsmək problemi ilə üzləşir və əsgərləri hissə-hissə geri çəksə də, qarşısında belə bir iş olacaq.

Digər tərəfdən, ABŞ-ın İsraillə münasibətlər baxımından narahatlığı təkcə Çin-İsrail əməkdaşlığı ilə əlaqəli deyil, o, Rusiya-İsrail münasibətlərindən də narahatdır!

Maraqlar və şərtlər

Digər tərəfdən, əlbəttə ki, müttəfiqlər arasında problemlər olar və bunlar var – Rusiya ilə Türkiyə arasındakı Liviyaya, habelə Türkiyənin Rusiya ilə İran arasındakı İdlib siyasətinə dair.

Bundan əlavə, Moskva İsrail-İran münaqişəsini hər iki qüvvə arasındakı boşluğu pozmadan icra etməyə çalışır.

Digər tərəfdən, İranın Suriyada olmasının ABŞ və İsrail tərəfindən Rusiyaya təzyiq kimi istifadə edildiyi açıq-aşkar görünür.

Bir sözlə, bunlar çoxparametrli tənliklərdir…

Məsələ insan münasibətləri müstəvisində həll ediləcək qədər sadə deyil. Başqa sözlə, “Putinin, əslində, Əsədə şəxsi nifrəti var” və ya “Çünki Trampın kürəkəni yəhudidir!” deməklə, bütün Yaxın Şərqi təhlil etmək mümkün deyil.

Qayda belədir: əvvəlcə maraqlar və şərtlər, daha sonra siyasət dəyişir!

Mənbə: strateq.az