"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."

"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."

"Bəndənizlə, məsələn, Rövnəq Abdullayev arasında nədən bu qədər sosial uzaqlıq olmalıdır?.."

Fikir savaşı...

Müstəqil(!), azad(!), Konstitusiya və qanunlar qarşısında kimliyindən asılı olmayaraq hər bir vətəndaşın bərabər(!) olduğu Azərbaycan Respublikasında karantin rejimi yenə uzadıldı... Amma 3 aya yaxındır məişət leksikonumuza da daxil olmuş daha bir yanlış termin dəyişilmədi: sosial məsafə... Yəni gerçək mənada düşünəndə belə çıxır ki, bu pandemiya-filan dövründə cəmiyyətdəki sosial təbəqələr- varlılarla kasıblar arasında böyük məsafə saxlanmalıdır...

***

Biz on illərdir bütün sahələrdə yanlışlıqlar içindəyik... Necə ki, olan-qalan hüquqi-tarixi torpaqlarımızın 20 faizi 30 ilə yaxındır işğal altında qalması faktını “Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ” münaqişəsi adlandırıb boş-boş bəyanat, görüş, danışıq, müzakirələrlə, hay-küylü, populist çıxışlarla o torpaqların sakinlərinin, keçmiş döyüşçülərin, qazilərin bağrını çatladırıq, indi də “sosial məsafə” deyə-deyə korrupsiya, rüşvət hesabına varlanmış vətəndaşların yenə də haram varidatlarını yoxsul vətəndaşlardan - xalqdan gizlətməsinə şərait yaradırıq...

***

Bir deyən yoxdur ki, nəyə görə sosial məsafə? Bəlkə fiziki məsafə və sosial yaxınlıq?..

***

Nəyə görə məsələn, bəndənizlə eyni respublikanın bərabərhüquqlu vətəndaşı olan Rövnəq Abdullayev, yaxud Mikayıl Cabbarov, Samir Şərifov, nə bilim, Elmar Məmmədyarov, Fazil Məmmədov, Ziya Məmmədov və s. arasında bu qədər sosial uzaqlıq olmalıdır?

Yoxsa onlar bu Vətənin, xalqın, dövlətin, Qarabağın taleyini, dərdlərini bizdən çox düşünürlər?..

Gəlsinlər, bəndəniz kimi on minlərlə yataqxanalarda, kirələrdə yaşamağa məcbur olan qaçqın, köçkün müəllim, jurnalist, şair, alim və s. ilə maraqlansınlar... Bir düşünsünlər ki, nəyə görə biz villlalarda, yağ-bal içində yaşamalıyıq, amma eyni ölkənin vətəndaşlığını daşıyan bu insanlar maddi çətinliklər bataqlığında boğulmalıdırlar...

Bax, bunları düşünüb, dərk edib yoxsullarla sosial yaxınlıq edib onlara layiqincə, öz varidatlarına uyğun əl uzatsalar, bu olar əsl, səmimi yardımlaşma, paylaşma... Yoxsa yüz minlər bankların, məşğulluq mərkəzlərinin qarşısında tibbi maska geyinib, fiziki məsafə saxlayıb 190, uzağı, 250 manat üstündə baş yarır, eyni ölkənin 10-15 vətəndaşı isə “dövlətçilik”, “demokratiya” maskasına girərək haram yollarla milyardlara yiyələnib, sosial uzaqlıqda dayanıb 190, bəlkə də 1090 yerdə ev, ticarət obyekti, otel, restoran, nə bilim təyyarə, yaxta alır...

***

Odur ki, sosial ədalət naminə bu yanlış termini dəyişməliyik: sosial məsafə yox, sosial yaxınlıq və fiziki məsafə... Nə deyirsiz, hə, 30 ilə yaxındır yüksək dövlət postlarında bu məmləkətin nefti-qazı, qızılı, misi, dəmiri, gömrüyü, vergisi, səhiyyəsi, təhsili, elmi, mədəniyyəti, insan potensialı, fəhləsi, kəndliisi, qaçqını, köçkünü, müəllimi, həkimi və s. hesabına varlanıb-hallanıb Bakıdan Virciniya adalarındakı ofşorlara, İsveçrədəki, Londondakı banklara, Nyu-Yorkdakı, Mayamidəki malikanələrə qədər uzaqlaşmış cənab oliqarx vətəndaşlar?..

Sultan Laçın

Mənbə: moderator.az