Mayda 754 dəfə atəşkəs pozuntusu: Mülki sakinləri hədəf alan düşmən, təlimlər qarşısında aciz qaldı

Mayda 754 dəfə atəşkəs pozuntusu: Mülki sakinləri hədəf alan düşmən, təlimlər qarşısında aciz qaldı

May ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 754 dəfə pozub. Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində əsasən snayper tüfəngləri və iriçaplı pulemyotlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.
Digər aylara nisbətən mayın başlanğıcından etibarən təmas xəttində nisbi sakitlik hökm sürüb.
Mayın 13-də saat 12:00-dan başlamaqla Qazax rayonunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutuldu, bir neçə yaşayış evinin damına zərər dəydi.

Sərhədçilərimiz düşmən təxribatının qarşısı alaraq Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurdu.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozmağa, mülki sakinləri hədəfə almağa davam edərkən, Azərbaycan Ordusunun geniş miqyaslı təlimlərindən təşvişə düşən düşmən, beynəlxalq platformalarda saxta, heç bir əsasa söykənməyən informasiyalar yaymağa başladı.
Məsələyə dair açıqlama verən Müdafiə Nazirliyinin Mətbuat Xidməti Azərbaycan Ordusunun keçirəcəyi geniş miqyaslı əməliyyat-taktiki təlimlərin heç şübhəsiz Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya saldığını vurğuladı.
Bildirilib ki, ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz.
“Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir. BMT Baş katibinin ümumdünya atəşkəsinə riayət etmək çağırışına istinad edən Ermənistan tərəfinə xatırladırıq ki, rəsmi İrəvan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi İrəvanın beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır. Bildiririk ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi, bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür.
Müdafiə Nazirliyi bəyan edir ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaqdır”, - deyə məlumatda qeyd olunub.
Ayın sonlarına doğru, mayın 23-də Ermənistan kütləvi informasiya vasitələrində guya səhər saatlarında Azərbaycan Ordusunun diversiya aktı həyata keçirməsi, həmçinin itki verərək geri çəkilməsi barədə əsassız məlumat yayıldı.
Nazirlikdən yayılan məlumatda bunun növbəti dezinformasiya olduğu bildirildi.
“Azərbaycan Ordusunun diversiya əməliyyatı keçirməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.
Ümumiyyətlə, ay ərzində bütün istiqamətlər üzrə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Ordu.az

 

Mənbə: ordu.az