Rusiya Ermənistanda klanları əvəzləməyə hazırlaşır? - ŞƏRH

Rusiya Ermənistanda klanları əvəzləməyə hazırlaşır? - ŞƏRH

Xəbər verildiyi kimi, rusiyalı politoloq Yevgeniy Mixaylov Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağdakı qondarma qurumun başçısı Arayik Harutyunyanın “andiçmə”sinə gəlmək niyyətini şərh edərkən deyib ki, “Ermənistanın Baş naziri Nikol Paşinyanın son vaxtlardakı addımlarını başa düşmək çox çətindir.

Belə ki, münaqişəni daha da qızışdırmaq istəməyən dövlət başçılarının tanınmamış qurumun başçılarının “andiçmə mərasiminə” gəlməyəcəkləri əvvəlcədən bəllidir.

Fikrimcə, Nikol Paşinyan Qarabağdakı klanı yola gətirərək öz kürsüsünü qorumağa çalışır. Qarabağdakı dəstə Paşinyanla birgə gələn siyasətçilərin son vaxtlar Azərbaycan ərazilərini azad etməklə bağlı məsələni daha çox gündəmə gətirən Rusiya ilə qarşıdurmaya getdiklərini görür. Paşinyan etdiyini edir və etdikləri də tam mənasızdır. Bakının hansısa mənfi addımına ümid edirsə, gülüncdür. Çünki Bakıda Paşinyanın kim olduğunu artıq anlayırlar. Məncə, bunu Bakı ilə Yerevanı toqquşdurmaq cəhdi kimi qavramaq lazım deyil. Toqquşma çoxdandır gedir, Bakıda Ermənistanın müasir rəhbərlərinə dair fikir artıq yaranıb. Məncə, bunlar daha çox mümkün qədər mövqeyini qorumaq istəyi ilə bağlıdır. Paşinyanın sona yaxınlaşdığı göz qabağındadır”.

Rusiyalı politoloqun bu fikirləri bir sual doğurur: “Qarabağ klanı” hakimiyyətəmi qayıdır?

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, rusiyalı politoloqun fikirləri hələlik inandırıcı deyil:

“Yevgeniy Mixaylov və Kuznetsov tez-tez Bakıya gəlir və bizim haqqımızda müsbət fikirlər səsləndirirlər. Ola bilər ki, Mixaylov hazırkı fikirləri də bizə simpatiya ilə yanaşdığından deyib. Amma bu, o demək deyil ki, Mixaylovun və ya Kuznetsovun dediyi fikirlər həqiqətdir və Rusiyanın Paşinyanı devirmək kimi, Azərbaycana dəstəyini artırmaq kimi planı var. Təəssüf ki, bu məsələdə Rusiyanın siyasətində hələ ki, dəyişən bir şey yoxdur. Rusiyanın Paşinyandan xoşu gəlməyə bilər. Amma Kreml Paşinyana görə Ermənistandan imtina edən deyil. Çünki Ermənistan onlar üçün Cənubi Qafqazda tək post rolunu oynayır. O ki qaldı Paşinyanın özünün vəziyyətinə, birincisi, koronavirusla bağlı Ermənistanda vəziyyət çox ağırdır, sosial vəziyyət getdikcə ağırlaşır. İkincisi isə müxalifət güclənir və payız aylarında Paşinyanın vəziyyəti bundan da ağır olacaq. Mixaylovun “Paşinyanın sona yaxınlaşdığı göz qabağındadır” - fikrində baxır o, son deyəndə nəyi nəzərdə tutur. Çünki “sonu” qeyri-müəyyən ifadədir. Hazırda Paşinyanın reytinqi müəyyən qədər yüksəkdir və Ermənistandakı digər qüvvələrdən üstündür. Amma fakt odur ki, ölkə zəifdir. Bundan əlavə də müxalifər güclənir. Digər tərəfdən isə bir şeyi də nəzərə almaq lazımdır ki, Paşinyan Dağlıq Qarabağda əlini bir qədər gücləndirdi. Əvvəlki rejim Sarkisyana bağlı qüvvələr idisə, Dağlıq Qarabağdakı indiki qondarma prezident Araik Harutyunyan Paşinyanla sıx əlaqədədir. Artıq Dağlıq Qarabağa bütün “təyinatlar” Paşinyanın icazəsi ilə həyata keçirilir”.

Mənbə: cebhe.info