Azərbaycan və Türkiyə vətəndaşlarına ŞAD XƏBƏR: müddət artırıldı

Azərbaycan və Türkiyə vətəndaşlarına ŞAD XƏBƏR: müddət artırıldı

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib.

Publika.az xəbər verir ki, bu barədə deputatlara komitə sədri Səməd Seyidov məlumat verib.

Komitə sədri xatırladıb ki, Azərbaycan və Türkiyə arasında gediş-gəlişlə bağlı ilk hüquqi sənəd 1992-ci ildə qəbul edilib.

S. Seyidovun sözlərinə görə, 2007-ci ildə Türkiyə Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib. Bundan sonra Azərbaycan vətəndaşları vizasız 30 gün müddətinə Türkiyəyə gedə bilərdilər. Azərbaycan tərəfi isə 2019-cu ildən Türkiyə vətəndaşlarına Azərbaycana vizasız gəliş haqda qərar verib.

Komitə sədri əlavə edib ki, indi parlamentə təqdim olunan layihə xüsusi əhəmiyyətə malikdir: “Layihəyə əsasən, viza tələbindən azad etmə 90 gün olur. Yəni viza tələbi olmadan Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq səfər etdiyi ölkədə 90 gün qala biləcək. Bu, diplomatik və konsulluq əməkdaşlarına da şamil olunur. Xəstəlik, təbii fəlakət və epidemiya kimi fövqəladə hallar olduqda 90 günlük müddət uzadıla bilər”.

S.Seyidov bildirib ki, bəzən hər iki ölkə vətəndaşları işləmək üçün ölkələrə gəlirlər: “İş, təhsil və digər məqsədlə gələnlərə qalmaq icazəsi milli qanunvericilik əsasında tənzimlənəcək”.

Deputat Siyavuş Novruzov isə təklif edib ki, Naxçıvanla bağlı məsələyə yenidən baxılmalıdır: “Naxçıvan blokada şəraitində yaşayır. Əgər imkan varsa, buna diqqətlə yanaşılsın.

Millət vəkili Fazil Mustafa sazişin əhəmiyyətli olduğunu bildirib və qeyd edib ki, tərəflər arasında saziş milli dildə olmalı və ortaya anlaşılmazlıq çıxanda ingilis dilli varianta istinad edilməməlidir.

Mənbə: publika.az