Baş Kəşfiyyat İdarəsinin rəisi olmuş general necə ölüb?

Baş Kəşfiyyat İdarəsinin rəisi olmuş general necə ölüb?

Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Lısakovun sorğusu Putin hakimiyyətini qıcıqlandırıb. Moderator.az xəbər verir ki, deputat 2016-cı ildə Moskva şəhəri ətrafındakı istirahət evində qəfil halı pisləşən, lakin bir feldşerin ümidinə qalan və ona vurulan iynədən sonra vəfat edən Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş rəisi, general-polkovnik İqor Serqunun müəmmalı ölümünə aydınlıq gətirilməsini istəyib. Bu məqsədlə o, Kremlə, Baş Prokurorluğa və Müdafiə Nazirliyinə sorğu göndərib.

Deputat Lısakovun sözlərinə görə, "QRU" şefinin səhhəti pisləşəndə təcili tibbi yardımla yalnız bir həkim göndərilib, yalnız 58 yaşlı İqor Serqunun ölüm xəbəri çıxandan sonra tam tibbi heyət çağırışa yollanıb. Tibbi heyət general-polkovnikin ölümünə dair akt tərtib edib və onun cənazəsini aparıb. Lısakov bu hadisə ilə bağlı verilən rəsmi məlumata şübhə ilə yanaşdığını bildirib. Baş Kəşfiyyat İdarəsinin rəhbəri olmuş bir adamın belə bir durumda niyə köməksiz qaldığını başa düşməyə çətinlik çəkdiyini vurğulayan deputat bütün müəmmalara aydınlıq gətirilməsini istəyib.

2011-ci ilin dekabrından 2016-cı ilin yanvarına qədər Rusiya Ordusunun Baş Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş İqor Serqunun ölümü barədə ən maraqlı açıqlama isə Rusiyanın böyük rəqibi ABŞ-dan gəlmişdi. Bir zaman ABŞ Müdafiə Nazirliyinin hərbi kəşfiyyatına rəhbərlik etmiş və uzun müddət ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş general Maykl Flinn "QRU" rəhbərinin əslində yanvar ayında müəmmalı şəkildə Livanda öldüyünü bəyan etmişdi.

Xatırladaq ki, bu, şübhə doğuran sonuncu ölüm deyil. İqor Serqunun sələfi general-polkovnik İqor Korobov da 2018-ci ildə "uzun sürən ağır xəstəlikdən sonra" gözlənilmədən iş yerində vəfat edib. Bir çox mənbə Korobovun kabinetində özünü odlu silahla öldürdüyün yazıb. Amma bütün bunlar şayiə, ehtimal olaraq qalır.

2020-ci ilin 30 mayında axşam Rusiya Müdafiə Nazirliyindən deputat Vyaçeslav Lısakovun iddialarına cavab gəlib. Nazirlik deputatın söylədiklərini məsuliyyətsizdən və təxəyyüldən doğan uydurma adlandırıb.

Mənbə: moderator.az