"Hansı dövlət buna göz yuma bilər?"

"Hansı dövlət buna göz yuma bilər?"

ABŞ Prezidenti Donald Trampın bu qərarı dövlət tərəfindən sosial şəbəkələrin tənzimlənməsi mexanizminin təqdir olunmasına yönəlib.

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək etmək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv etmək məqsədilə imzaladığı fərmanla bağlı danışarkən deyib.

O, sosial şəbəkələrin fəaliyyətinin ikili standartlar üzərində qurulduğunu bildirib:

"Bu, əslində, çox zəruri bir məsələdir. Çünki, onsuz da, biz hamımız çox gözəl başa düşürük ki, sosial şəbəkələrdə senzura tətbiq olunur. Sadəcə olaraq, bu senzura həmin sosial şəbəkələrin administrasiyası, nəzarətçilər tərəfindən tətbiq olunur, onların qaydaları ilə həyata keçirilir. Amma onların qaydaları heç də həmişə dövlətlərin qayda-qanunları ilə üst-üstə düşmür. Hətta bir çox hallarda biz görürük ki, sosial şəbəkələrdə hansısa bir postlar və yaxud da hansısa bir bəyanatlar sosial şəbəkələrin administrasiyası tərəfindən dərhal çıxardılır. Əslində, bu, bizim timsalımızda yolverilməzdir. Çünki biz Ermənistanla müharibə şəraitində yaşayırıq. Bəzi hallarda kəskin postlarımız yerli administrasiyalar tərəfindən çıxarılır. Amma, əslində bu, bizim dövlətimizin siyasətini əks etdirən postlardır və yaxud da bəyanatlardır".

Politoloq Donald Trampın praktikasından digər ölkələrdə də tətbiqinə isti baxıb:

"Əks hallarda da olur ki, Ermənistan tərəfinin ekstrimist, radikal çıxışlarını çıxartmırlar. Əlbəttə, belə vəziyyətdə müəyyən tədbirlərin görülməsi zəruridir. Tramp ABŞ-ın şəraitinə, vəziyyətinə uyğun olaraq bunu edib. Amma bu praktikanı digər ölkələr də tətbiq edə bilərlər. Bir də bu məsələ də var ki, sosial şəbəkələrdə bir çox hallarda ekstremist qruplar vəziyyətdən bəhrələnir, istifadə edirlər, müxtəlif qapalı qruplar yaradırlar. Qapalı qruplar vasitəsi ilə müxtəlif təbliğatlar gedir. Buna sosial şəbəkələrin adminstrasiyaları imkan verir. Amma bu, dövlətə zidd olan hərəkətdir. Hansı dövlət buna göz yuma bilər? Ona görə də bunda da müəyyən tənzimlənmələr lazımdır".

Mənbə: news.milli.az