Dünya ölkələri sosial şəbəkələr fonunda təhlükə mənbəyi ilə üzləşib - ŞƏRH

Dünya ölkələri sosial şəbəkələr fonunda təhlükə mənbəyi ilə üzləşib - ŞƏRH

“Sosial şəbəkələr artıq cəmiyyət və xalqlar üçün təhlükəli məkana çevrilib”.

Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor ABŞ Prezidenti Donald Trampın imzaladığı qanunvericilik aktının mahiyyətini belə izah edib:

“Trampın bu qərarı əslində xeyli vaxtdır ki, müxtəlif dünya ölkələrində müzakirə olunan aktual məsələdir. Ancaq bu müzakirələr sosial şəbəkələr üzərində hər hansı ölkənin qanuni məhdudiyyət və nəzarət tətbiq etməsi ilə nəticələnməyib. Bu qərar bir daha sübut etdi ki, əslində dünya ölkələrinin demək olar hamısı sosial şəbəkələrin timsalında böyük problem mənbəyi ilə üzləşib. Çox təəssüf ki, bu gün sosial şəbəkələr özbaşınalıq şəbəkəsi formasını alır. Diqqət etsəniz görərsiniz ki, sosial şəbəkələrdə dövlətlərin, millətlərin, xalqların, insanların, müəyyən sosial qrupların, siniflərin mənafelərinə uyğun pozitiv tendensiyalardan daha çox neqativ tendensiyalara rast gəlirik. Sosial şəbəkələrin 95%-i neqativ məqsədlər üçün istifadə olunur.

Sosial ədavətin qızışdırılması, insanların şəxsi həyatına müdaxilə, dövlət və vətəndaş münasibətlərinin kəskinləşdirilməsi, xalqların bütöv hakimiyyətlərin əleyhinə qaldırılması, müəyyən regionlar arasında qarşıdurmaların gücləndirilməsi, müharibə ocaqlarının söndürülməsindən daha çox yenidən alovlandırılması, insanların dini və mənəvi hissiyatına toxunmalar, ailə-məişət münasibətləri və başqa sahələrdə mövcud dəyərlərin hədəf kimi götürülməsi kimi neqativ tendensiyalar demək olar ki, sosial şəbəkələrdə gündəlik normaya çevrilib. Ona görə də bütün “ağıllı dövlətlər” bu gün sosial şəbəkələrin fəaliyyətinin məhdudlaşdırılmasını yox, müəyyən qanuni rəftar və davranış mexanizmlərinin yaradılmasının zəruriliyini anlayırlar. O cümlədən Azərbaycanda da bu məsələ haqqında düşünməyin vaxtı gəlib çatıb. Sosial şəbəkələrdə insanlararası münasibətlərin tənzimlənməsinin qanuni normativlərinin yaradılmasına çox böyük ehtiyac var. Düşünürəm ki, bunlar həyata keçirilməsə, bu qanundan kənarda qalan ölkələr çox ciddi problemlərlə üzləşə bilərlər”.

Mənbə: publika.az