"Trampın imzaladığı sənəd qəbul olunacağı halda sosial şəbəkələrin rəhbərliyinin məsuliyyətini artıracaq"

"Trampın imzaladığı sənəd qəbul olunacağı halda sosial şəbəkələrin rəhbərliyinin məsuliyyətini artıracaq"

"Düşünürəm ki, prezident Trampın belə bir təşəbbüslə çıxış etməsinə səbəb onun Tvitterdə paylaşdığı postun zorakılıq ehtiva etməsi iddiasının gizlədilməsi olub. Prezident Minneapolisdəki aksiyalarla bağlı oraya Milli Qvardiya göndərə biləcəklərini qeyd edib və 60-cı illərdəki məşhur ifadəni işlədib".

Bunu Milli.Az-a açıqlamasında politoloq Nəzakət Məmmədova ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək fərmanı ilə bağlı danışarkən deyib.

O, sosial şəbəkələri istifadəçilərin fikirlərini analiz edərək artıq bir ötürücü funksiyasından çıxdıqları üçün naşir kimi də məsuliyyət daşımalı olduqlarını bildirib:

"Təbii ki, bu, Trampla Tvitter arasında ilk belə qalmaqallı hal deyil. Prezidentin imzaladığı sənəd sosial şəbəkələrin immunitetini zəiflətmək imkanına malikdir. O baxımdan ki, internet resurslarında yerləşən sosial şəbəkələr əgər istifadəçilərin fikirlərini analiz edirsə, o zaman o artıq bir ötürücü yox, naşir qismində çıxış edir. Buna görə də onlar naşir kimi məsuliyyət daşımalıdır. Doğrudur, Trampın fərmanı dərhal öz nəticəsini göstərməyə bilər. Üstəlik, bu, 1996-cı ildə qəbul edilmiş qanuna dəyişikliyi nəzərdə tutur ki, burada Konqresin də razılığı tələb olunur. Bu baş verərsə, sosial şəbəkələrin hüquqi rejimi ilə bağlı əsaslı dəyişikliklərə gətirib-çıxara bilər. Lakin böyük ehtimalla Konqres bu sənədi qəbul etməyəcəkdir. Üstəlik, bu, məhkəmədə də mübahisə predmeti ola bilər".

Xanım politoloq Donald Trampın imzaladığı sənədin qəbul olunacağı halda sosial şəbəkələrin rəhbərliyinin məsuliyyətinin artacağını qeyd edib:

"Sosial şəbəkələrin, məsələn, Feysbukun rəhbərliyi Ağ Ev və Konqresdəki mühafizəkarlarla münasibətlərini yaxşı saxlamağa məcburdur. Zukerberq özü qeyd edib ki, nəyin doğru, nəyin yanlış olduğuna texnologiyalar deyil, sosial şəbəkə istifadəçiləri özləri qərar verməlidir. Texnologiyalar hakim rolunda çıxış edə bilməzlər. Trampın imzaladığı sənəd qəbul olunacağı halda sosial şəbəkələrin rəhbərliyinin məsuliyyətini artıracaq. Bu, qarşıdan gələn prezident seçkilərində Trampın rəqiblərinin ona qarşı sosial şəbəkələrdə qara piar kampaniyasını önləmək məqsədi daşıya bilər. Çünki onun Rusiya ilə əlaqələrini bir sıra konqresmenlər indiyədək davamlı şəkildə Tvitter və digər sosial şəbəkələrdə vurğulayırlar. Görünür, Tramp qanunda dəyişikliyə nail olmaqla bir neçə ay sonra keçiriləcək seçki kampaniyası ərəfəsində rəqib düşərgənin internet resursları üzərindən ona hücumlarını zərərsizləşdirmək istəyir".

Mənbə: news.milli.az