Azərbaycanlı alim Ukraynanın Qoqol medalı ilə təltif edilib

Azərbaycanlı alim Ukraynanın Qoqol medalı ilə təltif edilib

Bakı Slavyan Universitetinin Təcrübə və məzunlarının karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov N.V.Qoqol medalı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, alim bu mükafata Azərbaycan, İran və Ukraynada rus dilinin qorunub saxlanması və inkişafına, Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı mühüm şəxsi töhfəsinə görə layiq görülüb.

Yaşar Alxasov 40 ildən artıqdır ki, tədris, tədqiqat və inzibati işlərlə məşğul olur (rus dilinin tədrisi, konfrans, dəyirmi masa və seminarların təşkili, məktəb və universitetlər üçün rus dilinə dair normativ sənədlər, proqram və dərs vəsaitlərinin hazırlanması). O, xarici vətəndaşlar üçün bir sıra dərslik və lüğətlərin müəllifidir. Y.Alxasovun xidmətləri sırasında, həmçinin Azərbaycan, İran və Ukraynada rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsinə yönəlmiş fəal ictimai fəaliyyətini qeyd etmək lazımdır.

N.V.Qogol medalı 2012-ci ildən Ukraynanın rus dili mütəxəssislərinə “Ukraynada rus dilinin qorunub saxlanmasına və inkişafına verdiyi töhfələrə görə” verilir. Təltif olunanlar arasında Rusiya, Qazaxıstan, Moldova, Finlandiya və s. ölkələrdən olan alimlər də var.

Mənbə: azertag.az