Gürcü yepiskopun Nərimanov qərəzi: “O, öz işi ilə məşğul olsa yaxşıdır” - AÇIQLAMA

Gürcü yepiskopun Nərimanov qərəzi: “O, öz işi ilə məşğul olsa yaxşıdır” - AÇIQLAMA

Gürcü yepiskop azərbaycanlı əhalinin yaşadığı Marneuli rayonunda görkəmli dövlət xadimi, inqilabçı bolşevik Nəriman Nərimanovun abidəsinin sökülməsini tələb edib.

Yepiskop abidənin sökülməsini doğru sayıb, Nəriman Nərimanovu Fili Maxaradze, Orconikidze və digər bolşeviklər kimi “satqın” adlandırıb:

“Biz Fili Maxaradze və Orconikidzenin abidələrini sökdük, onlar sovet repressiya maşınının bir hissəsi idilər, çox adamları güllələmişdilər, repressiyalar etmişdilər. Nəriman Nərimanov da bizim ərazi bütövlüyümüzün pozulmasına böyük töhfə vermiş şəxsdir”.

Nəriman Nərimanovun abidəsinin dövlət vəsaiti hesabına reabilitasiyasından danışan gürcü keşiş bu məsələdən də qəzəblənib. Şəhər merini sərt tənqid edən keşiş sovet simvolunun qanuna uyğun olaraq sökülməsini tələb edib.

“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli Cebhe.info-ya açıqlamasında din xadiminin siyasi məsələyə müdaxiləsini məqsədəuyğun hesab etməyib:

 

“Gürcü yepiskopu dinlə və Allaha insanları inandırmaqla məşğul olmalıdır. Hər halda onun öz vəzifələri var və heç bir formada siyasi prosesə müdaxilə etməməlidir. Nəriman Nərimanov şəxsiyyətinə qiymət vermək, onun siyasi və ya digər fəaliyyətlərinin nədən ibarət olmasına mövqe sərgiləmək mövcud institutların, siyasətçilərin, tarixçilərin səlahiyyətlərinə aiddir. O, öz işinə aid olmayan bir prosesə müdaxilə edir və haqlı olaraq aqressiv münasibət yaradıb. Onu deyim ki, yepiskop bu istiqamətdə müdaxiləsini davam etdirsə, etnik və dini zəmində ciddi qarşıdurma da qaçılmaz ola bilər. Bu da düşmənlərin əlində oyundur”.

Zəlimxan Məmmədli qeyd edib ki, onun Nəriman Nərimanov haqqında öz düşüncələri və şəxsi mövqeyi var:

“Mən Rəsulzadəçi və müsavatçıyam. Milli ideologiyaya sadiq insanam. Hesab edirəm ki, insanlar mütləq milli ideologiyaya sadiq qalmalıdır. Siyasi olaraq Nəriman Nərimanovun da fərqli bir qiyməti var. Amma yepiskopun bu məsələni dəyərləndirməsi və siyasi bəyanat verməsi düzgün deyil. Abidənin sökülməsi dövlət orqanlarının, hakimiyyətin işidir. “Din siyasətdən kənardır” ifadəsi elə-belə deyilməyib. Əgər din siyasətə qarışarsa, məzhəb itər və Allah bizlərdən uzaqlaşar. Ortaya şeytan girər. Yepiskopa tövsiyyəmiz odur ki, şeytanı millətimizin arasına daşımasın”.

“Nərimanov artıq bu günün qəhrəmanı deyil”

Tanınmış publisist Mehriban Vəzirin fikrincə, sözügedən məsələ Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən zamanında köklü surətdə həll olunmalı idi:

 

“Bu məsələ dəfələrlə gündəmə gəlir və təəssüf ki, bunu gürcülər qaldırır. Bu məsələni orada yaşayan soydaşlarımız öncədən həll etməli idi. Heç bir yerliçilik duyğular və emosiyalar nəzərə alınmadan, yalnız azadlıq, müstəqillik müstəvisində məsələ həllini tapmalı idi. Gürcüstanda doğulan çoxlu sayda soydaşlarımız, generallarımız, mili azadlıq hərəkatının qəhrəmanları və cümhuriyyətçilərimiz var. Onlar aralarında bu məsələni çoxdan müzakirə etməli və bir qərara gəlməli idilər ki, Nəriman Nərimanovun heykəlini kimlə əvəz edə bilərlər. Nəriman Nərimanovun dönəmi keçib və gürcülər bunu haqlı olaraq əsaslandırırlar. Bizim ölkəmizdə də bu müzakirələr gedir. Bakının ortasında dayanan, Azərbaycanı işğala verən, XI Qızıl Ordunun tərəfində olan, Lenin və Şaumyanla əməkdaşlıq edən Nərimanov artıq günün qəhrəmanı deyil. Bu insanlar Sovet dövrünün qəhrəmanlarıdır. Bu dövrün mahiyyəti və cinayətləri açılıb, ortadadır. Artıq Nərimanovlar qəhrəman ola bilməzlər. Zamanın dəyişikliyi ilə bağlı Gürcüstanda yaşayan soydaşlarımız bu ppoblemləri həll etməli idilər. Gözləməli idilər ki, yuxarıdan onlara diktələr edilsin. Çox təssüf edirəm ki, bu iş bu qədər yubanıb və yenidən gündəmə gələndə Gürcüstandakı soydaşlarımızın etirazına səbəb olur. Mən onların duyğularını da anlayışla qarşılayıram. Amma bu məsələ heç bir duyğu və yerlibazlıqla ölçülmür. Dünyada daha böyük dəyərlər var. O dəyərləri nəzərə alaraq Gürcüstanda yaşayan soydaşlarımız bu məsələni müzakirə edib bir qənaətə gəlməli, o heykəli oradan götürməli və onun əvəzinə Gürcüstan kökənli olan Azərbaycan xalqının böyük övladlarından birinin heykəlini ucaltmalıdırlar”.

Mənbə: cebhe.info