Mamuka Areşidze “Ermənistanın xəritəsi” barədə: “Keçmişlə yaşamaq lazım deyil” - ŞƏRH

Mamuka Areşidze “Ermənistanın xəritəsi” barədə: “Keçmişlə yaşamaq lazım deyil” - ŞƏRH

Bu yaxınlarda Ermənistanın “Birinci Respublika Günü”nü qeyd etməsi fonunda erməni KİV və sosial şəbəkə istifadəçiləri bu ölkənin guya ABŞ Prezidenti Vudro Vilsonun (28-ci ABŞ prezidenti) qərarına uyğun xəritəsini fəal şəkildə yayımlayıblar. Erməni mənbələrinə görə, elan edilən zaman ilk Ermənistan Respublikasının ərazisi təqribən 12 min kvadrat kilometr, əhalisi isə 700 min nəfər olub. Ancaq 1919-cu ildə ərazi 60 min kvadrat kilometrə qədər artıb, əhali isə 961,7 min nəfər olub.

Erməni tarixçisi Ruben Şuxyan ölkənin yeni konstitusiyasında bugünkü Ermənistanın 1918-1921-ci illərdə Ermənistan Respublikasının qanuni varisi olmasının təsdiqlənməsini təklif edib. Bundan əlavə, onun fikrincə, “1920-ci il Rusiya-Türkiyə gərginliyi” və 1921-ci il tarixli qanunsuz Rusiya-Türkiyə razılaşmasına hüquqi qiymət verilməlidir.

Yayılmış xəritələrdə Azərbaycan ərazisinin Ermənistana məxsus hesab edilməsi artıq heç kəsi təəccübləndirmir, o cümlədən xəritədə Gürcüstan ərazilərinin mənimsənilməsi səbəbindən Ermənistanın Qara dənizə “çıxması” da. Bəs Gürcüstanda bunlara münasibət necədir?

Məşhur gürcü politoloqu və Qafqaz üzrə ekspert Mamuka Areşidze Media.Az-ın suallarını cavablandırıb:

- Sosial şəbəkələrin erməni seqmentində Ermənistanın xəritəsini fəal şəkildə yayımlayırlar ki, Vudro Vilsona görə, o, necə görünərdi? Gürcüstanın xeyli hissəsi Ermənistan ərazisi kimi qeyd olunur. Ermənistan respublika elan edilərkən, erməni nəşrlərinin yazdığı kimi, ərazisinin təxminən 12 min kvadrat kilometr olduğundan söhbət gedir. Daha sonra ərazi 60 min kvadrat metrə qədər artıb. Ermənistanın SSRİ-yə daxil olmasından sonra nə baş verdi?

- Fərqli ifadələr səsləndirilir. Lakin Sovet Rusiyasına daxil olmaq Ermənistana demoqrafiyanı qorumağa və gələcək dövlətçiliyə zəmin yaratmağa imkan verdi. Nəzərə almaq lazımdır ki, Türkiyə Ermənistanın qonşusudur. Cənubi Qafqaz ölkələrindəki bəzi tarixçilər tarixə oxşar ekskursiyalarla məşğuldurlar. Ancaq bu nankorluqdur. Bunu etməyə dəyməz, keçmişlə yaşamağa, sərhədləri dəyişməyə ehtiyac yoxdur, çünki bu, ağır nəticələrə, insan itkisinə, iqtisadi böhrana və inkişafın qarşısının alınmasına səbəb ola bilər.

Qeyd etmək istəyirəm ki, Cənubi Qafqaz ərazisindəki münaqişələr süni şəkildə qurulub ki, dövlətlərimiz “asılı” vəziyyətə düşsünlər. Mən uzun müddətdir ki, bu məsələlərlə məşğulam və deyə bilərəm ki, guya kömək etmək istəyən ölkələr əslində konservasiyada maraqlıdırlar. Bu, bizdən başqa hər kəsə, birbaşa iştirakçılara, bu bölgənin təmsilçilərinə faydalıdır. Münaqişələr, gərginlik bizə siyasi təzyiq vasitəsidir.

İndi (Ermənistanda - red.) bu cür xəritələri yaymağın nə mənası var? Daha geniş ərazisi olan Gürcüstanın da xəritəsi var. Bu məsələyə təkan vermək lazımdır? Axı bu, ölkələrimiz arasında münasibətlərin qurulmasına mane olacaq. Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan enerji infrastrukturunu qura bilməyəcəyik. Əlbəttə, danışa, mübahisə edə, bunu (ərazi iddialarını - red.) siyasi məqsəd olaraq təyin edə bilərsiniz, amma bu, bir daha təkrar edirəm, nankorluqdur.

Ermənistan isə müəyyən blokadadadır. Qarabağ məsələsi həll olunmayana qədər bunun neçə il davam edə biləcəyini bilmirəm.

Mənbə: www.oxu.az