1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü - Azərbaycanda uşaqlara qayğı ildən-ilə artır

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü - Azərbaycanda uşaqlara qayğı ildən-ilə artır

Dünyanın əksər ölkələrində olduğu kimi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü hər il Azərbaycanda da qeyd olunur. Bildiyimiz kimi 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.

Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir, uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ölkəmizdə uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Ümummilli liderimiz Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır, uşaq problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqət və qayğı ilə yanaşır, bu nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. Hər zaman uşaqların qayğısına qalan ulu öndər Heydər Əliyev qızıldan qiymətli vaxtından kəsib böyük məmnunluqla uşaqların bayram tədbirlərinə qatılardı. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Dövlət başçımız cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Onun Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.
Uşaqları hər zaman qoruyaq! Çünki onlar bizim gələcəyimizdir! Uşaqların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur!

Lamiyə İsazadə
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri.

Mənbə: www.baki-xeber.com